669a7c7e95773202407244726

Dünyada KÜTLƏVİ NASAZLIQ: Rəqəmsal sistem çökdü, hava limanları, banklar fəaliyyətini dayandırdı...

Bu gün əksər xarici ölkələrdə hava yolları, banklar və aparıcı KİV-lərin idarə edilməsində istifadə olunan kompüter sistemlərində kütləvi nasazlıq yaranıb. 

Proqram təminatı ilə bağlı nasazlıqlar səbəbindən aviaşirkətlər və hava limanları kütləvi şəkildə uçuşları ləğv edir. Yola düşənlər isə təcili eniş üçün yer axtarırlar.

İT sistemlərinin işində kütləvi nasazlığının yaranmasının səbəbi hələ ki müəyyən edilməyib, lakin Microsoft problemin fəsadlarını azaltmaq üçün tədbirlər gördüyünü bildirib.

Britaniyanın dəmir yolu şirkətləri də “kütləvi İT problemləri” ilə üzləşdiklərini deyirlər.

Sky News isə canlı yayımı dayandırmaq məcburiyyətində qalıb. Kütləvi problem səbəbindən London birjasında da fasilələr müşahidə olunur.

Yaranan bütün bu problemlər dünya əhalisində təşvişə səbəb olub. Bir çoxları bunun genişmiqyaslı kiberhücum olmasından şübhələnir.

Dünya üzrə İT sistemlərdə yaranan nasazlıqlarla bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Referans.az-a açıqlamasında danışıb.



“Hazırda beynəlxalq aləmdə rəqəmsal informasiya sistemlərində yaşanan problem daha çox "Microsoft"un məhsulları ilə əlaqəlidir. Bu həm “Microsoft 360”, həm də digər onlayn istifadə olunan “Microsoft” məhsulları ilə bağlıdır. Nasazlıq “Microsoft” yeni bir şirkətlə kiçik anlaşma edib və həmin şirkətin “Microsoft” yazılımlarında, informasiya sistemlərində etdiyi kiçik bir əlavə, yəni yeniləmədən qaynaqlanan bir problemdir. Bu, kiber təhlükəsizlik ilə bağlı bir problem, xaker hücumu da deyil. Sadəcə qeyd etdiyim şirkətlə əməkdaşlıq zamanı yeniləmələr baş tutduqda gözdən qaçan kiçik bir nüans bütün bunlara səbəb olub”.

Mütəxəssis bildirib ki, problemlərin bərpa olması üçün yeni güncəlləmənin, proqram təminatındakı yeni yazılımın sistemə yüklənməsi mərhələli olacaq.

“Bildiyimiz kimi, hər hansı güncəlləmə baş verdikdə, bu yenilik həmin an üçün hamıya əlçatan olmur. Bu, mərhələli baş verən bir prosesdir. Ona görə də hazırda əksər xarici ölkələrdə bank sektoru, hava limanları, xəstəxana və s. sektorlardakı problemlər tədricən düzələcək”.

 

19.07.2024 19:00
show 354