67173b3c7830f202410244220
Dünyada 500 milyon insan bu xəstəlikdən əziyyət çəkir - Müalicəsi necə olmalıdır?
Hər il 20 oktyabr tarixində Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə profilaktika, diaqnostika və metabolik sümük xəstəliklərinin müalicəsi haqqında cəmiyyəti məlumatlandırmaq məqsədi ilə Ümumdünya Osteoporozla Mübarizə Günü kimi qeyd edilir.

Qlobal.net bildirir ki, Osteoporoz - hər hansı metabolik dəyişiklikdən və ya yaşla əlaqədar olaraq sümüklərdə mineralların azalması nəticəsində sümüklərin kövrəkləşməsi ilə müşahidə olunan xəstəlikdir.
Əsrin xəstəliyi olan osteoporozla mübarizənin əhəmiyyətini nəzərə alaraq icbari tibbi sığortanın Xidmətlər Zərfində bu xəstəliyin profilaktikasına, diaqnostikasına və müalicəsinə xüsusi diqqət ayrılıb. Qanda kalsium və vitamin D səviyyəsinin ölçülməsi, densitometriya, rentgenoqrafiya, MRT, vertebroplastika və endoprotez əməliyyatları daxil olmaqla xəstəliyin müayinə və müalicəsi ilə bağlı tibbi xidmətlər Xidmətlər Zərfi çərçivəsində ödənişsiz həyata keçirilir. Beynəlxalq Osteoporoz Fondunun hesablamalarına görə 2025-ci ilə qədər dünyada təxminən 500 milyon insan osteoporozdan əziyyət çəkəcək. Bütün dünyada olduğu kimi ölkəmizdə də bu xəstəlikdən əziyyət çəkən yaşlı insanların sayı artmaqdadır. 
Respublika Neyrocərrahiyyə Xəstəxanasının neyrocərrahı Bəhruz Eyvazov osteoporozun yaranmasının səbəblərindən biri kimi sümüklərdə mineralların çatışmazlığını qeyd edir: 
“Qapalı şəraitdə işləyən insanların artması ilə əlaqədar son vaxtlar bütün dünyada olduğu kimi ölkəmizdə də bu xəstəlikdən əziyyət çəkən insanlara daha çox rast gəlinir. Bunun da səbəbi günəş şüasının az qəbulu və vitamin D çatışmazlığı ilə bağlıdır. Sümük toxuması sıxlığının azalmasının qarşısını almaq üçün kalsium və müxtəlif vitaminlər daxil olmaqla sümük sağlamlığı üçün faydalı olan mineralların qəbulu vacibdir. Həmçinin sağlam qidalanma və müntəzəm fiziki aktivlik sümüklərin möhkəmlənməsinə müsbət təsir göstərir”. 
Bəhruz Eyvazovun sözlərinə görə osteoporoz xəstəliyi daha çox yaşlı insanlar arasında müşahidə olunur. Metabolik dəyişikliklər və qalxanabənzər ətraf vəzilərin hormonlarında pozğunluq yarandıqda isə cavan yaşlı insanlarda da rast gəlinə bilər. Risk qrupuna əsasən yaşı 50-dən yuxarı insanlar daxildir. 
Risk faktorları: 
Qadınlar üzrə: 
Erkən başlanan menopauza (45 yaşdan əvvəl) ;
45 yaşdan əvvəl histerektomiya (uşaqlığın çıxarılması), xüsusən yumurtalıqlarla birlikdə çıxarılanda;
Aşırı dərəcədə fiziki aktivlik və ya pəhriz saxlamaq nəticəsində 6 aydan çox müddət ərzində menstruasiyanın olmaması.
Kişilər üzrə: 
Testestoron çatışmazlığı;
Kortikosteroidlər kimi bəzi dərman vasitələrinin qəbulu;
Alkoqollu içkilərin həddən ziyadə istifadəsi.
Osteoporoz riskini və sümük sınığını artıran digər faktorlar: 
Genetik meyil. Xəstəliyin ailə tarixçəsi;
Aşağı çəki - Bədən kütləsi indeksinin 19 kq/ m²-dən az olması; 
Artrid və astma kimi xəstəliklərin müalicəsi üçün yüksək dozada steroidlərdən uzunmüddətli istifadə;
Anoreksiya və ya bulimiya kimi qidalanma pozuntuları;
Alkoqol və tütündən həddindən ziyadə istifadə; 
Revmatoid artrit;
Hemodializ müalicəsinin qəbulu (bu xəstələrdə kalsium qandan yuyulur).
Bəhruz Eyvazov risk qrupuna daxil olan insanlara vaxtaşırı laborator müayinələrdən keçməyi tövsiyə edir: 
“Risk qrupuna daxil olan xəstələri ilkin olaraq araşdırmaq lazımdır. Qanda kalsium və vitamin D səviyyəsi mütəmadi olaraq yoxlanılmalıdır. Profilaktika üçün vaxtaşırı kalsium və D3 vitaminini birlikdə qəbul etmək məsləhət görülür. Uzun müddət steroid qəbul edən revmatoid poliartrit xəstələri və ya bir neçə dəfə hemodializ alan xəstələr profilaktika üçün mütləq kalsium preparatını qəbul etməlidir. Osteoporozun diaqnostikası üçün ilkin olaraq qanda kalsium və D3 vitamininin səviyyəsi təyin olunur. Bundan sonra isə sümüklərin mineral sıxlığının ölçülməsi üçün - densitometriya adlı müayinə üsulundan istifadə olunur. Bundan başqa kompüter tomoqrafiyası (KT) və ya maqnit rezonans Tomoqrafiya (MRT) müayinəsi ilə sümüklərdə olan osteoporotik dəyişiklikləri görmək mümkündür”. 
Profilaktik məqsədlə müayinə və müalicə almadıqda risk qrupuna daxil olan xəstələrdə yüngül bir yıxılmalar ciddi və təkrarlanan sınıqlara səbəb ola bilər. Bəhruz Eyvazov bu kimi halların baş verməməsi üçün belə xəstələrə profilaktik tədbirlər görməyi tövsiyə edir: 
“Osteoporoz xəstəliyi erkən müayinələr zamanı və ya hansısa bir nahiyədə sümük toxumasında sınıq baş verdikdə aşkarlanır. Osteoporozlu xəstələrdə ən çox sınıq rast gəlinən bölgələrdən biri onurğa sınıqlarıdır. Bu daha çox fəqərə sümüklərində, ən çox isə döş və bel nahiyəsinin birləşdiyi yerlərdə, yəni 11 və 12-ci döş fəqərəsinin 1 və 2-ci bel fəqərələrində özünü büruzə verir. Yaşlı insanlarda sınıqlar zamanı müəyyən bir nahiyədə sümük bitişdikdə belə sınıqlar digər nahiyələrdə baş verə bilər. Bu səbəbdən bu insanlar erkən müayinə və müalicədən keçməlidir. Bəzən profilaktika çərçivəsində belə xəstələrə yüngül idman hərəkətləri ilə başlayan davamlı fiziki aktivlik məsləhət görülür ki, əzələ kütləsi artsın. Həmçinin,isti fəsillərdə səhər vaxtı və ya saat 5-dən sonra günəş şüası qəbul etmək də xəstəliyin profilaktikası üçün faydalıdır”.
Mütəxəssislər hesab edirlər ki, osteoporozun profilaktikasına uşaqlıq dövründən başlanılmalıdır. Sümüklərin möhkəmlənməsində düzgün qidalanmanın, fiziki fəallığın böyük rolu olduğu üçün sümüklərin tam formalaşması üçün kifayət qədər kalsium, vitamin D və zülal tərkibli qidalar qəbul olunmalıdır. Xüsusilə, uşaqlıqdan etibarən başlanan nizamlı fiziki məşqlər sümükləri gücləndirir, dayanıqlılığı və tarazlığı artırır. 
Bəhruz Eyvazov bildirir ki, osteoporozlu xəstələrin sümüklərində sınıq baş verməyibsə, yalnız konservativ müalicə təyin olunur. Fəqərə sınıqlarında sınıq daha çoxdursa, ağır dərəcəli sınıqlar baş veribsə cərrahi müdaxilə metodu tətbiq edilir:
“Əsasən vertebroplastika adlandırılan üsulla fəqərə cisminə xüsusi sement yeridilir. Bu sement sümüyün daxilində yüksək temperatur yaradaraq sınmış sümük parçalarını birləşdirərək xəstəni ağrıdan azad edir. Lakin bu əməliyyat növü hər fəqərəsi sınmış xəstə üçün göstəriş olmur. Bunun üçün xəstənin keçmiş xəstəliklərini, bədən və sinir sisteminin vəziyyətini, onurğa sütununun duruşunu və ətraf əzələlərin MRT nəticələrini yoxlamaq lazımdır. Bundan başqa osteoporozlu xəstələrdə bud sümüyünün başında sınıq baş verdikdə endoprotez əməliyyatı da icra oluna bilər”. 
Ölkəmizdə icbari tibbi sığorta tətbiq edildikdən sonra ambulator və stasionar tibbi xidmətlərin yaxşılaşması istiqamətində önəmli addımlar atılıb. Bəhruz Eyvazovun sözlərinə görə, bu tədbirlər həmçinin osteoporozlu xəstələrin erkən mərhələdə aşkarlanmasına şərait yaradıb:
“Misal olaraq xəstəliyin diaqnostikası üçün istifadə olunan rentgen aparatlarının rəqəmsal rentgen aparatları ilə əvəz olunması sümük kütləsini daha dəqiq qiymətləndirməyə imkan verir. Eyni zamanda icbari tibbi sığortanın tətbiqindən sonra osteoporoz xəstəliyi üzrə müayinədən keçən xəstələrin sayı artıb. Bu da öz növbəsində xəstəliyin erkən mərhələdə aşkarlanmasını asanlaşdırır və gələcəkdə sınıqlarla fəsadlaşmanın qarşısını almış olur”.

Vüsal Əzizov
22.10.2024 09:44
show 54