“Dodağını şişirtdirənlərin heç birinin mənəviyyatı yoxdur!“ - Əməkdar artist
Bu cür müdaxilələrin bir neçə səbəbi olsa da, bu əksər hallarda insanların komplekslərindən qaynaqlanır. Təəssüf
ki, dünyanın hər yerində, eləcə də ölkəmizdə istər məşhur, istərsə də
adi insanlar arasında estetik əməliyyat qurbanı olmuş yüzlərlə şəxs var.
Mütəxəssislər isə estetik prosedurların həm müsbət, həm də mənfi
tərəfləri olduğunu söyləyirlər.
Son zamanlar müzakirə mövzusuna çevrilən digər məsələ isə gənc qızların getdikcə bir-birinə bənzəməsidir.
Məsələ
ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Gülşad Baxşiyeva son
zamanlar müğənniləri efirdə gördükdə tanımadığını etiraf edib:
"Mən
düşünürəm ki, insanların bir qismi bədbəxt hadisə zamanı, qəzadan sonra
xəsarət aldıqlarından üzlərində və bədənlərində yaranmış fiziki
qüsurları aradan qaldırmaq üçün əməliyyat etdirir. Bu, məcburiyyətdən
irəli gəlir. Lakin bir qismi isə heç bir ehtiyac olmadığı halda bıçaq
altına yatır və ya üzlərinə lazımsız prosedurlar etdirirlər.
Mən
artıq son vaxtlar efirlərə baxanda müğənnilərin heç birini tanımıram.
Müğənnilər bir kənara, artıq sadə insanların da hamısının görünüşü
eyniləşib. Yəqin biz artıq elə bir dövrə gəlib çıxmışıq ki, zamanla
insanlar robot kimi bir-birinə oxşayacaq, fərdilik itəcək, hamı eyni
sifətdə, eyni qiyafədə olacaq. Allah betərindən saxlasın!"
Aktrisa bu cür hədsiz estetik prosedur keçirənlərə haqq qazandırmadığını deyib:
"Mən
buna qətiyyən haqq qazandırmıram. Bu, xoşuma gəlmir. Adam çalışıb
özlüyündən çıxmamalıdır. Çünki hər kəs bir fərddir. Elə hamı şir olmaz
ki... Hər kəs şirsifət olmalıdır deyə bir şey yoxdur, canavar da, tülkü
də, zürafə də, at da var. Hərənin öz gözəlliyi var. Xarici gözəlliyə bu
qədər üstünlük verməkdənsə, bir az daxili gözəlliklərini artırsalar daha
yaxşı olar. Mənən qidalanan adamlar belə şeylərə getməz, mənasız
prosedurlara can atmazlar. Düzdür, bu gün bəziləri çox qışqırır,
ağızdolusu mənəviyyatdan danışırlar, amma görünən odur ki, vəziyyət heç
də deyildiyi kimi deyil. Kimin nəyi yoxdursa, ondan danışır. Bar-bar
bağıranların, dodağını şişirtdirənlərin, bu mövzuda danışanların heç
birinin mənəviyyatı yoxdur! Düşünürəm ki, belə şeylər lazımsızdır".