"Direktorun əri mənə 30 min rüşvət təklif etdi, razılaşdım" - MƏHKƏMƏ
Rüşvətə görə 10 il 6 ay həbs cəzası alan Şəmkir Regional
Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbovun məhkəmədə verdiyi ifadə məlum
olub.
Qlobal.net Qafqazinfo-ya istinadən xəbər verir ki, A.Rəcəbov
Gəncə Ağır Cinayətlər Məhkəməsindəki çıxışında rüşvət aldığını etiraf
edib.
Özünü təqsirli bilən sabiq rəis musiqi məktəblərindən birində
apardığı yoxlama nəticələrinin Mədəniyyət Nazirliyinə təqdim edilməməsi
müqabilində ona 30 min manat rüşvət təklif olunduğunu deyib: "Regional
mədəniyyət idarəsinin balansında 9 uşaq musiqi məktəbi olub. Gədəbəy
rayon Zəhmət kənd uşaq musiqi məktəbinin direktoru işləyən Təranə
Şərifova ilə bağlı məktəbin müəllimləri tərəfindən bir neçə dəfə şikayət
olmuşdu. Bu səbəbdən 2022-ci ildə məktəbin fəaliyyətinin yoxlanılması
barədə tədbir görmək qərarına gəldim. Komissiya təşkil edib 2 gün
müddətində məktəbdə yoxlama keçirdik. Yoxlama zamanı 17 müəllimin adına
rəsmiləşdirilmiş əmək haqqı kartlarının direktor Təranə xanımda olduğunu
müəyyən etdik. Belə ki, direktor maaş kartlarını özündə saxlayıb hər
müəllimə ayda əlbəəl 200-250 manat pul verirmiş. Lakin həmin
müəllimlərin kartlarına orta hesabla ayda 1200-1400 manat pul köçürdü.
Yoxlamanın nəticəsinə əsasən, bəlli oldu ki, direktor bu əməlləri
nəticəsində dövlət büdcəsinə 300 000 manat ziyan vurub. Yoxlamadan bir
neçə gün sonra Təranə xanım xidməti otağıma gəlib işində yol verdiyi
nöqsanları bağışlamağımı və onu işdən azad etməyimi xahiş etdi. Mən isə
onu bağışlaya bilməyəcəyimi, yoxlama zamanı toplanılmış materialları
Mədəniyyət Nazirliyinin Daxili Nəzarət Şöbəsinə təqdim edəcəyimi
bildirdim. Dedim ki, böyük ehtimalla materiallar nazirlik tərəfindən
prokurorluq orqanlarına göndəriləcək”.
Ətraflı
Azər Rəcəbovun ifadəsinə əsasən, bir neçə gün sonra T.Şərifovanın
əri Nazim Şərifov ona 30 min manat təklif edib ki, bu işi ört-basdır
eləsin: "Nazim otağıma gəlib "Əgər arvadımı həmin məktəbdə direktor kimi
saxlamaq istəmirsənsə, onu başqa məktəbə direktor keçir. Yoxlama
nəticələrini və müəllimlərin izahatlarını mənə ver, buna görə sənə 30
000 manat verəcəm” dedi. Razılaşdım, Təranəni Gədəbəy rayon Düzrəsullu
uşaq musiqi məktəbinə direktor vəzifəsinə təyin edəcəyimi, müəllimlərin
izahatlarını və yoxlama nəticələrini isə cırıb atacağımı bildirdim.
Nazimdən əvvəlcə 10 000 manat aldım. Lakin bu məbləğdən başqa heç vaxt,
heç kimdən rüşvət almamışam”.
Qeyd edək ki, Azər Rəcəbov 2021-ci ildə keçmiş mədəniyyət naziri
Anar Kərimov tərəfindən Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi
təyin edilib. 2022-ci ilin iyununda Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsi tərəfindən saxlanılıb. O, Gədəbəy, Daşkəsən, Göygöl və Şəmkir
rayonlarında yerləşən, kitabxanalar, mədəniyyət evləri, uşaq musiqi
məktəbləri və uşaq incəsənət məktəblərinə direktor təyin edilməsi,
ixtisar olunmalı və ya birləşdirilməli kənd klublarının Mədəniyyət
Nazirliyinə göndəriləcək siyahıya daxil edilməməsi müqabilində vəzifəli
şəxslərdən rüşvət almaqda ittiham olunub. Ayrı-ayrı şəxslərdən 102 min
manat rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə
dair əsaslı şübhələr müəyyən edilərək barəsində cinayət işi başlanıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.