Dəmir məmulatlar zamanla nəm, su və hava ilə təmasda olduqda paslanmağa meyilli olur. Pas həm estetik baxımdan narahatlıq yaradır, həm də materialın möhkəmliyini azaldaraq onun ömrünü qısaldır.
Qlobal.net bildirir ki, buna görə də pas yaranan kimi tədbir görmək vacibdir. Aşağıda paslanmış dəmiri təmizləmək və gələcəkdə pasın qarşısını almaq üçün faydalı məsləhətlər təqdim olunur.
1. Pasın yaranma səbəbi
Pas (dəmir oksidi) dəmirin oksigen və su ilə reaksiyası nəticəsində əmələ gəlir. Rütubətli və ya açıq havada saxlanan metal əşyalar bu reaksiyaya daha çox məruz qalır. Xüsusilə yağış, qar və duzlu su kimi amillər prosesi sürətləndirir.
2. Pası təmizləmək üsulları
a) Mexaniki üsul:
Kiçik pas qatı varsa, onu zımpara kağızı, metall fırça və ya drel üçün fırça başlığı ilə təmizləmək mümkündür.
Təmizləmə zamanı qoruyucu əlcək və eynək taxmaq tövsiyə olunur.
b) Kimyəvi üsul:
Xüsusi pas təmizləyici məhlullar (antirust spreylər, fosfor turşusu əsaslı vasitələr) pası asanlıqla əridir.
Təbii üsul kimi sirkə və ya limon suyu da istifadə edilə bilər. Dəmir əşyanı bir neçə saat sirkədə saxlayıb sonra fırçalamaq kifayətdir.
c) Ev üsulu:
Soda və su qarışığı ilə qalın məhlul hazırlayıb paslı hissəyə çəkin, bir neçə saatdan sonra fırça ilə təmizləyin.
Koka-kola içkisində olan fosfor turşusu da pasın yumşalmasına kömək edir – əşyanı içkiyə batırıb bir müddət sonra silmək olar.
3. Pas təmizləndikdən sonra nə etməli
Pası təmizlədikdən sonra səth tam qurudulmalı və antipas boyası ilə örtülməlidir. Bu qat həm yeni pasın yaranmasının qarşısını alır, həm də metalı hava və rütubətdən qoruyur. Daha sonra metal üçün boya çəkilərsə, qoruma daha uzunömürlü olar.
4. Gələcəkdə pasın qarşısını almaq üçün
Dəmir əşyaları quru və havalı yerdə saxlayın.
Açıq havada qalan metal səthlərə müntəzəm boya və ya yağ qoruyucu çəkin.
Su və nəm ilə təmasdan sonra səthi dərhal qurulayın.
Avtomobil və alətlərdə antikoroziv sprey istifadəsi də təsirlidir.
Emin Əzimoğlu
Qlobal.net