Almaniyada dəhşətli şaxta səbəbindən onlarla təyyarə reysi təxirə salınıb. Məlumdur ki, bu il hava ötən illə müqayisədə soyuq keçir. Lakin bəzən də havanın soyuq olmasını müharibələrlə əlaqələndirirlər. Bu, nə dərəcə doğrudur?
Qlobal.net xəbər verir ki, Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyib ki, yalnız Almaniyada deyil, ABŞ-ın özündə, əsasən qərb hissələrində, İngiltərədə də fantastik dərəcədə soyuq var.
Onun sözlərinə görə, soyuq və qar hazırda şərqə doğru gəlir:
"Artıq Kanadada da eyni hava şəraiti hökm sürməyə başlayıb. Yay və payız aylarında Avropada sel və daşqınlar olmuşdu. Hətta itkilər də oldu. Burada əsas məsələ ondan ibarətdir ki, o yağıntıların qışda qar şəklində yağacağı məlum idi. Ümumiyyətlə, planetin elə əraziləri var ki, orada mütəmadi olaraq ciddi soyuq olur. Tarixdə belə şeylər var. Bunların isə müharibələrlə heç bir əlaqəsi yoxdur, ola da bilməz. Düzdür, müharibələr atmosferə təsir edir, lakin ən çox təsiri torpağa və bitkiyə göstərir. Çünki orada torpaq qatı tamamilə dağılır və gələcəkdə yararsız hala düşür. Ümumi qlobal şəkildə havaya təsiri çətin məsələdir".
Ə.Əliyev zamanında soyuq havanın Rusiyaya kömək etdiyini qeyd edib:
"Məsələn, İkinci Dünya müharibəsindən sonra lokal savaşlar olub. Ən böyük döyüş isə Vyetnamda oldu ki, orada istifadə olunan bəzi kimyəvi maddələr faciələr yaratdı. Baxın, bu gün hələ də onların izləri qalır. İkinci Dünya savaşının isə izləri Rusiyada qalır. Qeyd edim ki, təbiətin müharibənin gedişatına təsiri böyükdür. Hətta belə bir fikir var ki, əgər İkinci Dünya müharibəsindəki soyuq qış olmasa idi, faşist Almaniyası qələbə çalardı. Həmin müharibə dövründə hazırlıqsız alman qoşunları kəskin soyuğa təslim oldu. Onların məğlub olmalarında əsas amillərdən biri də bu göstərilir". (Globalinfo.az)