65e9639d4b8a4202403245005
DƏHŞƏTLİ QƏTL: Əri kor olandan sonra pis yola düşən qadın qardaşına elə söz dedi ki...

Bərdə rayonunda 1986-cı il təvəllüdlü Zahid qısqanclıq zəminində yaranan mübahisə zamanı 1988-ci il təvəllüdlü bacısı Aygünü (adlar şərti verilib – red.) qətlə yetirib.

Qətl hadisəsi 24 iyun 2023-cü ildə Bərdənin Təzə Məhəllə adlanan yaşayış massivində baş verib.

Zahid həmin gün saat 17 radələrində bacısının yaşadığı mənzilə gəlib və əxlaqsız həyat tərzi keçirməsi səbəbindən onunla yataq otağında mübahisə edib.

O, bacısının qohum-əqrəba içərisində ailələrinin başını aşağı etdiyini bildirib və əməllərinə son qoymağı tələb edib.

Aygün ona saymazlıq göstərib və istədiyi həyat tərzini yaşayacağını deyib. Bu sözlərdən hiddətlənən qardaş bacısını öldürmək qərarına gəlib.

Evin giriş hissəsinə doğru gedən Zahid moydadırın üzərindən bıçağı götürüb, şalvarının bel nahiyəsinə qoyaraq yenidən yataq otağına qayıdıb.

Otaqda olan 2006-cı il təvəllüdlü bacısı qızı Aydan, səs-küyə görə otağa gəlmiş 2005-ci il təvəllüdlü bacısı oğlu Vüqar və bacısının əri Vüsalın gözləri qarşısında Aygünə çoxsaylı bıçaq zərbələri vurub. Qadın aldığı bıçaq zərbələrindən vəfat edib.

İstintaq orqanı tərəfindən Zahidin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zahid ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəlidir, himayəsində 3 azyaşlı övladı var:

“2004-cü ildə hərbi xidmətdə olarkən bacım Aygün Vüsal adlı şəxsə qoşularaq qaçdı. Hərbi xidmətdən gəldikdən sonra ailələrimiz barışdı, bacım bizə gəlib-getməyə başladı. Bacı-qardaş kimi normal münasibətlərimiz vardı.

2023-cü ilin aprelində bacımın əxlaqsızlıqla məşğul olmasını eşitdim. Həmin vaxta qədər də o, əxlaqsızlıqla məşğul olurmuş. Məndən başqa hamı bunu bilirmiş. 2023-cü ilin aprel ayında məsələ mənə məlum olanda anamla birlikdə bacımın evinə getdik. Onun hərəkətinin başımizi aşağı elədiyini, qohum-əqrəba içərisində hörmətdən saldığını dedim. Bacım isə nə mənim, nə də anamın sözünü eşitdi. “Özüm bilərəm, istədiyim kimi yaşayıram, mənim həyatımın heç kimə aidiyyəti yoxdur” dedi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bu hadisədən bir neçə gün sonra bacısı oğlu mobil telefonuna zəng vuraraq anasının evdən çıxdığını, onu tapa bilmədiyini və buna görə polis şöbəsinə gedəcəyini bildirib: “Mən polis şöbəsinə gedərək bu barədə özüm məlumat verdim. Şöbənin həyətinin qarşısında bacımın əri Vüsal bacımla bacara bilmədiyini.

Bir qədər sonra polis əməkdaşları bacımı tapdı. Şöbədən çıxaraq yaşadığım evə getdim. Bu hadisədən sonra həyatıma davam etsəm də, bacımın əxlaqsız əməlləri barədə məlumat alırdım, dost-tanış arasında hörmətdən düşmüşdüm”.

Zahidin sözlərinə görə, bu məqsədlə yenə iyunun 24-də saat 17 radələrində bacısı Aygünün yaşadığı evə gedib: “Həyətin darvazası bağlı idi. Bacım oğlu Vüqar qapını açdı. Evə daxil olduqda yeznəm Vüsal zalda, bacım Aygün isə qızı Aydanlayataq otağında çarpayının üzərində əyləşmişdi.

Mən bacıma bir daha bu əməllərinə son qoymağı, lazım gəlsə ona maddi yardım etməyə hazır olduğumu dedim, o isə sözlərimə qulaq asmadı. Əsəbi halda “bu həyat mənimdir, istədiyim kimi yaşayaram” dedi. Qohumlar içinə çıxa bilmədiyimə görə bacımdan əməllərinə son qoymağı xahiş etsəm də, yenə də eyni cavabları verdi. Bundan bərk əsəbiləşdim, evin içərisinə doğru giriş otağına moydadırın yanına getdim. Orada olan mətbəx bıçağını götürüb, şalvarımın belinə qoydum, yenidən bacımın olduğu yataq otağına daxil oldum. Otaqda bir daha bacıma “gəl çıxaq gedək, sən bizim başımızı aşağı eləmisən” dedim. O, yenə eyni cavabı verdi və ünvanıma nalayiq ifadələr işlətdi.

Əsəbiləşib bacımın üz nahiyəsindən iki şillə vurdum, şalvarımın belinə qoyduğum bıçağı çıxararaq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurdum.

Bacımı bıçaqla vurarkən Aydanın orada olub-olmasınına fikir verməmişəm. Neçə bıçaq zərbəsi vurduğumu xatırlamıram”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra evdən çıxıb, bıçağı həyətə atıb, könüllü təslim olmaq üçün Bərdə rayon polis şöbəsi istiqamətində Mirzalıbəyli kənd avtomobil yoluna tərəf gedib:

“Təxminən saat 18 radələrində asfalt yola çıxdıqda Post Patrul Xidmətinin əməkdaşlarının olduğu maşını gördüm. Onlara yaxınlaşaraq cinayəti törədənin mən olduğunu bildirdim. Polislərə təslim oldum”.

İş üzrə şahid qismində ifadə verən Vüsalın sözlərinə görə, qətlə yetirilən Aygünlə təxminən 20 il rəsmi nikah münasibətlərində yaşayıb: “Birgə nikahdan 2005-ci il təvəllüdlü Vüqar adlı oğlum və 2006-cı il təvəllüdlü Aydan adlı qızımız var. Təxminən iki il əvvəl avtomobil qəzası keçirdikdən sonra gözlərimin görməsi zəifləyib.

İlk vaxtlar normal ər-arvad münasibətində olsaq da, mən işsiz qaldıqdan sonra Aygün tamam fərqli adam oldu. Ailədə mənə və uşaqlarıma münasibəti dəyişdı, evdə tez-tez nalayiq söyüşlər işlətdi.

Təxminən 2023-cü ulin fevral ayında Aygün məni rayon polis şöbəsinə çağırdı və tutulduğunu bildirdi. Oğlum Vüqarla birlikdə polis şöbəsinə getdikdə məlum oldu ki, Aygünü əxlaqsızlıq üstündə saxlayıblar. Bundan sonra artıq dəqiq fikir yarandı ki, Aygün əxlaqsızlıqla məşğul olur.

Daha sonra Aygünün əxlaqsız əməllərinə görə 100 manat cərimə edilməsi barədə protokol gəldi. Həmin cərimə protokolunu kimin ödəməsindən məlumatım olmayıb”.

Şahidin sözlərinə görə, iyunun 24-də Zahid onun mobil nömrəsinə zəng vurub: “Qaynıma bacısının əxlaqsız əməlləri barədə məlumat verdim. Bezdiyimi və bacısının məni təhqir etdiyini dedim. Zahidlə danışdıqdan bir neçə dəqiqə sonra yenidən mobil telefonuma zəng vuraraq darvazanın qarşısında olduğunu dedi, qapını açmağımı istədi. Oğlum Vüqar həyətin darvazasını açdı.

Zahid evə daxil olanda girişdə olan çarpayının üzərində əyləşmişdim. Mənimlə görüşdükdən sonra o, arxa yataq otağına keçdi və Aygünlə danışmağa başladı.

Qaynım bacısına bu əməllərindən uzaq durmağı, evlərinin qarşısında ev tikərək onlarla birgə yaşamasını təklif etsə də, Aygün razılaşmadı. Zahid Aygünün xatırladığım qədəri ilə üzünə şillə vuraraq otaqdan çıxdı.

Mən əvvəlcə elə bildim, Zahid getdi. Lakin yenidən yataq otağa qayıdıb bacısına bir daha bu əməllərindən uzaq durmağı desə də, Aygün ona kobud cavab qaytardı. Ona görə Zahid bıçaqla Aygünü vuraraq öldürdü”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Zahid 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib. (Teleqraf.com)

07.03.2024 10:49
show 2090