photo_12035748

Daxili Qoşunların əsgərini avtomobillə vurub öldürən polis hakim QARŞISINDA

Bakıda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında təqsirləndirilən Vaqif Novruzovun cinayət işi üzrə istintaq yekunlaşıb.

“Report” xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin vaxtı hələ məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, hadisə zamanı sabiq polis əməkdaşı V.Novruzov “Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış Daxili Qoşunların əsgəri Rövşən Alxasovu vurub.

R.Alxasov dərhal xəstəxanaya yerləşdirilib və həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı V.Novruzov saxlanılıb və ona Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb.

01.04.2022 10:57
show 438