Alimlər ABŞ-ın Kaliforniya ştatında yanğınlar səbəbindən yeni pandemiya proqnozlaşdırırlar. Onlar göbələklərin növbəti pandemiyaya səbəb ola biləcəyindən getdikcə daha çox narahatdır. Alimlər bildirir ki, buna səbəb təbii fəlakətlər, xüsusilə Kaliforniya yanğınları ola bilər.
Məlumata görə, ölümcül sporlar yanğınlarla birlikdə ölkə boyu tüstü buludları formasında yayılaraq təhlükə yarada bilər. İqlimin istiləşməsi ilə göbələklərin daha yüksək temperatur şəraitinə sürətlə uyğunlaşması, onların qanımıza, ağciyərlərimizə və beynimizə nüfuz etməsinə imkan verəcək. Alimlər artıq insandan-insana keçə bilən ölümcül göbələkləri aşkarlayıblar.
Bu bədbin proqnozlar fonunda Hindistanda ortaya çıxan yeni virus təşvişi artırıb. 11 kənddə aşkar edilən və qəfil saç tökülməsinə səbəb olan epidemiya nəticəsində 155 nəfər keçəl qalıb, rəsmilər isə vəziyyətin nəzarət altına alınması üçün tədbirlərə başlayıb. Hindistanın Maharaştra əyalətinin Buldhana bölgəsindəki 11 kənddə baş verən hadisə insanları çaşdırıb. 155 nəfər qəfil saçlarını itirib.
Akola və Buldhana tibb fakültələrindən mütəxəssislər infeksiyanın mənbəyi, ötürülmə yolları və qarşısının alınma üsulları ilə bağlı araşdırmalara başlayıb. Son açıqlamaya görə, 11 kənddə 65 nəfərdən qan nümunələri götürülüb. Sözügedən kəndlərdəki mağazalardan sabun, saç yağı və şampun nümunələri, yeraltı su sistemindən isə nümunələr analiz üçün götürülüb.
Bölgənin sağlamlıq rəsmisi Dr. Amol Gite vəziyyətlə bağlı bunları bildirib: “Cümə günü (10 yanvar-red.) 15 yeni hal aşkar etdik. Bütün xəstələrə göbələk əleyhinə dərmanlar və vitaminlər veririk. Biopsiya nəticələrini qarşıdakı 4-5 gün ərzində əldə etməyi gözləyirik”.
Azərbaycanda epidemioloji vəziyyət necədir? Belə virus-göbələk təhlükəsi bizdə də varmı?
Tanınmış cərrah-həkim, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Bu gün dünyanın hər yerində epidemioloji vəziyyət qarışıqdır. Avropada koronavirusun "Omikron" ştamının müxtəlif variantları yayılmaqda davam edir. Xeyli xəstəlik halları qeydə alınıb, ölümlər də mövcuddur. Digər tərəfdən, Çində insan metapnevmovirusunun yayılması müşahidə edilir. Bu virus yuxarı tənəffüs yollarının iltihab proseslərini törədən viruslardan biridir və soyuqdəymə xəstəlikləri qrupuna aiddir. Əslində qrip, rinovirus, adenovirus, Qərb təbabətində soyuqdəymə xəstəlikləri qrupuna aid edilir. Sovet dövründə buna kəskin respirator xəstəliklər deyilirdi".
Həkim əlavə edib ki, metapnevmovirus da hazırda təhlükəli bir forma alaraq həm uşaqlar, həm də böyüklər arasında ağırlaşmalara səbəb olacaq bir mərhələyə çatıb: “Düzdür, xəstəliklərə nəzarət və profilaktika mərkəzləri insan metapnevmovirusunun pandemiya yaratmaq potensialı olduğunu düşünmürlər. Amma hər halda, bu virus yerli epidemiyalara səbəb ola bilər və nəticədə qeydə alınan və ya alınmayan insan tələfatına gətirib çıxara bilər. Bu vəziyyəti nəzərə almalı və ilk növbədə özümüzü qorumalıyıq.
Azərbaycanda bu virusun yayılması tam realdır və mümkündür. Çünki qloballaşan dünyada yaşayırıq, Çinlə ticarət əlaqələrimiz və insanların gediş-gəlişi mövcuddur. Digər tərəfdən, əgər artıq Qazaxıstan, Qırğızıstan, Rusiya və Türkiyədə bu virus qeydə alınıbsa, Azərbaycanda da yayılma ehtimalı yüksəkdir. Xüsusilə son vaxtlar insanlarda bir neçə gün, hətta həftələrlə yataqda xəstə vəziyyətdə qalması ilə xarakterizə olunan, ağır intoksikasiyalı tənəffüs yolu xəstəlikləri bəlkə də insan metapnevmovirusudur. Bunu birmənalı demək mümkün deyil, çünki laborator təsdiqi olmalıdır.
Lakin xəstə hansı virusla yoluxduğunu dəqiqləşdirməkdən asılı olmayaraq, respirator xəstəlik hallarında yataq rejiminə keçməli və özünü təcrid etməlidir. Maska taxmaq, bol maye qəbul etmək lazımdır. Özəl sektora da göstəriş verilməlidir ki, xəstə adamları işə gəlməyə məcbur etməsinlər. Xəstə adamlar da xəstəlikdən sui-istifadə etməsinlər, sahə həkimləri, pediatrlarla, poliklinika sistemi ilə bir interaktiv durum yaratmaq lazımdır. Maarifləndirməyə də diqqət etmək lazımdır ki, insanlar boş-boşuna antibiotiklər almasınlar. Çünki bunların virusa qarşı heç bir təsiri yoxdur".
Qeyd etmək yerinə düşər ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasına görə, hazırda dünyada metapnevmovirus infeksiyasının pandemiyası təhlükəsi yoxdur və ictimai səhiyyə ilə bağlı fövqəladə vəziyyətdən söhbət getmir. Bu barədə Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus ilə telefon danışığından sonra Facebookdakı hesabında yazıb. “Dostum Tedros məni son günlərin və həftələrin qorxulu hadisələri ilə bağlı sakitləşdirdi və məni əmin etdi ki, hazırda heç bir qlobal səhiyyədə fövqəladə təhlükə vəziyyəti yoxdur. Mətbuatda bu qədər danışılan virus ÜST ekspertlərinə yaxşı məlumdur. O, artıq bir neçə dəfə, adətən qış dövründə bu formada ortaya çıxıb”, - Siyarto qeyd edib.
Macarıstanda son həftələr qrip və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının sayı bir qədər artıb, lakin ekspertlər bu fenomenin mövsümi xarakter daşıdığını düşünürlər. Eyni zamanda yerli mətbuatda Çindən gələn metapnevmovirus infeksiyasının yayılması ilə bağlı xəbərlər daha çox diqqət çəkib.
Metapnevmovirus körpələr, yaşlılar və immun sistemi zəif olan insanlar üçün xüsusilə təhlükəli ola bilən yoluxucu infeksiyadır. Onun əlamətlərinə burun axması, öskürək, qızdırma, nəfəs almaqda çətinlik daxildir. Metapnevmovirus hava damcıları ilə ötürülür.
Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin məlumatına görə, əsas patogenlər qrip virusları və insan metapnevmovirusudur. Pekin Uşaq Xəstəxanasının baş həkimi Van Syuan keçirdiyi brifinqdə təsdiqləyib ki, uşaqlar arasında qrip və metapnevmovirusa yoluxma halları artmaqda davam edir.