"İnsanın həyatı enişli-yoxuşludur. Enmək məsələsini heç vaxt qəbul etməmişəm. O dərəcəyə gəlib çatanda mən ani qərar verib getmişəm. Qoymamışam ki, məni alçaltsınlar. Mənim adım Əminə sözü bilirsiniz də əminəm sözündəndir. Enmək insanın özündən asılıdır. Çox təəssüf ki, bu enişli-yoxuşlu dünyada hər şeyə görə insanlar enməyə hazırdırlar. Bütün adlara, bütün titullara layiq ola bilərsən, amma şəxsiyyət olmaq hamıya nəsib olmur. Şəxsiyyət olmaq lazımdır".
Qlobal.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Əminə Yusifqızı deyib. O, daha sonra əlavə edib.
"Gənclər indi çox yüklənib. İnternet, sosial şəbəkələr onların beynini yeyib, yaddaşları gedib. Mənim üçün kompyuter də, planşet də, digər müasir avadanlıqlar da alıblar. Hərdən bir baxıram, deyirəm ki, mənə bu maraqlı deyil. Mənim öz dünyam var. Yaddaşım güclüdür, telefon nömrələrini heç vaxt telefona yazmamışam, beynimdə saxlamışam. Şeir əzbərlədiyim üçün yaddaşım yenilənir. Bəzən efirlərə gedirəm, gecədən şeirləri yadıma salıram. Hər axşam silsilə şeirlərimi təkrar edib, sonra yatıram. Bir söz yadımdan çıxır, onu mən yadıma salmayana qədər yatmıram. Çox adamlar var ki, heç nə yadlarında qalmır. Mən şeirləri bir neçə dəfə oxuyandan sonra yadımda qalır" deyə sənətkar bildirib.
Əminə Yusifqızı xəstəliyi haqda yayılan şayələrə də aydınlıq gətirib.
"Bir müddət əvvəl saytlar yazdılar ki, səhhətim pisdir, yeməkdən kəsilmişəm. Bunların hamısı şayədir, hər şey çox yaxşıdır. Yaşlı adamların hansı bəyəm çox yeyir ki? Mən heç vaxt səhhətimdən şikayətlənməmişəm. Qətiyyən belə deyiləm. Şikayətimi heç vaxt bildirmirəm. Heç qızıma demirəm ki, filan yerim ağrıyır" deyə sənətkar bildirib.
Xalq artisti dostluq etdiyi şairlərdən də danışıb.
"İstəmədiyim şeiri yaddaşımdan silirəm. Fikrət Qoca, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Nəbi Xəzri, İslam Səfərli və s. şairlərlə dostluq etmişəm. Bir neçə il bundan əvvəl rəhmətlik Ələkbər Kazımovskinin çəkdiyi filmdə mən Mikayıl Müşfiqin anasını oynamışam. Səhnə belədir ki, anası Müşfiqin xəyalına gəlir. Elə ürəklə çəkildim ki. Çünki Müşfiq 6 aylıq olanda o rəhmətə gedib. Xalası Züleyxa onu böyüdüb. Mənim evimin yaxınlığında dağlı məhəlləsi var. İnanın o dağlı məhəlləsinin papaqlı kişiləri Müşfiqdən şeirlər dediyim üçün mənim qabağımda səcdə qılırdılar. Müşfiq mənim üçün əlçatmazdır. Onunla görüşə bilməsəm də həmişə qəlbimdədir" deyə Əminə Yusifqızı bildirib.