Türkiyədə baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalan 13 yaşlı qızın onu xilas etməyə çalışan könüllülərə dediyi sözlər hər kəsi şoka salıb.
Qlobal.net xəbər verir ki, Əsma Dəmir adlı yeniyetmə Adıyamanda dağılan binalardan birinin qalıqları altında qalıb. 56 saat köməksiz vəziyyətdə xilas olunacağı anı gözləyən Əsma "Əgər mane olursa, məni qurtarmaq üçün ayağımı kəsə biləsiniz" deyib.
Məktəbli qızın bu sözlərindən qəhərlənən xilasedicilər ona ürək-dirək verərəcək "Səni buradan sağ-salamat çıxaracağıq. Narahat olma", - deyə söyləyiblər.
9 saatlıq xilasetmə əməliyyatından sonra Əsma dağıntılar altından çıxarılıb. Ona ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.