678f347f276c3202501254535

Çoxsaylı insan ölümünə səbəb olan güclü yanğın belə başladı - VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyənin Bolu əyalətində yerləşən Kartalkaya xizəkçilik mərkəzində baş verən yanğın nəticəsində 76 nəfərin öldüyü açıqlanıb. 

Hadisə ilə bağlı saxlanılanlardan birinin kurortun rəhbəri olduğu bildirilir.

Qlobal.net xəbər verir ki, sosial şəbəkələrdə hadisənin ilk anlarının görüntüsü yayılıb.

Mərkəzin işçiləri binada yanğın zamanı təcili çıxış üçün nərdivanların olmadığını bildiriblər. Məlumata görə, əvvəl mətbəxdə başlayan yanğın daha sonra binanın alt mərtəbələrindən üstə doğru yayılmağa başlayıb. Mərkəzdən sağ çıxmağı bacaran müştərilər hər hansı həyəcan siqnalı və yanğın xəbərdarlığının olmadığını, alovların mərtəbə-mərtəbə yayıldıqca insanların təşvil səslərinə oyandığını və bu şəkildə xəbər tutduqlarını deyiblər.

Yuxarı mərtəbələrdə qalan insanların bəzilərinin yanğından qurtulmaq üçün özünü binadan atdığı və nəticədə həyatını itirdiyi bildirilir. Bəziləri döşək üzlərini bir-birinə bağlayaraq aşağı sallayıb, özləri və ailələrini bu yolla xilas ediblər. Daha yuxarı mərtəbələrdə olanların aşağıdakılara onları tutmaları üçün səsləndiyi, hətta bəzilərinin övladlarını yanğından xilas etmək üçün yerə atmağa çalışdığı deyilir. Bir atanın 1 yaşlı qızını yerə atacağını, aşağıdakılara səslənərək onun düşməsi üçün döşək açmağı xahiş etdiyini eşidənlər olub.

Bolu bələdiyyə sədri mərkəzin 2007-ci ildən etibarən yanğına qarşı mühafizə sisteminin yoxlanmadığını bildirib. Zərərçəkənlər və xilas olmağı bacaran otel işçiləri yanğınsöndürənlərin 1 saat keçdikdən sonra əraziyə gəldiyini bildiriblər.

Sosial şəbəkələrdə yayılan bir görüntü isə ictimaiyyətdə daha çox dəhşət doğurub. Qarşı ərazidə naməlum şəxs tərəfindən lentə alınan videoda yanğının hələ yuxarı mərtəbələrə yavaş-yavaş yayıldığı və insanların binadan çıxmaq üçün kömək çağırması eşidilir. Görüntülərdə binada pəncərədən aşağı enərək xilas olmağa çalışan, həmçinin kömək çağıran insanların olduğu sezilir. Həmin şəxslərin bəzilərinin xilas ola bilmədiyi qeyd edilir. /Globalinfo.az 

(milli.az)
22.01.2025 12:21
show 78