“Çörək yoxdur, tort yesinlər” ifadəsi tarixdə məşhur və birmənalı qarşılanmayan sitatlardan biridir. Çoxları bunu Fransa kraliçası Mariya Antuanettaya aid etsə də, əslində bu ifadənin ona məxsus olduğuna dair dəqiq sübut yoxdur. Maraqlıdır ki, bu söz ilk dəfə XVIII əsr fransız filosofu Jan-Jak Russo tərəfindən yazıya alınıb və o zamanlar Mariya Antuanetta hələ uşaq idi.
Bu ifadə fransızca “Qu'ils mangent de la brioche” kimi səslənir və bəzən “tort” kimi tərcümə olunsa da, əslində brioche zəngin, yağlı bir çörək növüdür. Məntiqə görə, aristokrat bir şəxsin yoxsulların çörəyi olmadığını eşidəndə belə bir söz deməsi, onun xalqın vəziyyətindən nə qədər uzaq olduğunu göstərir.
Mariya Antuanetta ilə bağlı bu sitat illərlə onun qəddar və etinasız bir kraliça kimi tanıdılmasına səbəb oldu. Halbuki, bəzi tarixçilər onun xeyriyyə işləri gördüyünü və yoxsullara kömək etmək üçün müəyyən addımlar atdığını qeyd edirlər. Lakin Fransa inqilabı dövründə bu cür ifadələr kral ailəsinə qarşı nifrətin güclənməsinə və onların edamına səbəb olan təbliğatın bir parçası oldu.
İfadə zaman keçdikcə sarkazm və satiranın simvoluna çevrildi. Bu gün “Çörək yoxdur, tort yesinlər” deyildikdə, çox vaxt hakimiyyətdə olanların və ya varlı şəxslərin xalqın real problemlərinə laqeyd yanaşdığı mesajı verilir. Əgər rəhbərlik insanları başa düşmürsə və ya onların ehtiyaclarını nəzərə almırsa, bu ifadə çox yerində işlədilə bilər.
Tarixdə bir çox ifadələr zamanla dəyişdirilib və həqiqi kontekstdən uzaqlaşdırılıb. “Çörək yoxdur, tort yesinlər” də bunlardan biridir. Əslində, kiminsə bunu dediyi dəqiq bilinmir, amma bu sözlər əsrlərdir ki, xalqın hakimiyyətə qarşı üsyanının simvolu olaraq qalır.
Fidan
Qlobal.net