Yollarda çəkilən COP29 zolaqları avtobus zolaqlarıdır. Əslində, şəhərin mobillik planı çərçivəsində bu avtobus zolaqlarının çəkilməsi nəzərdə tutulmuşdu. Sadəcə, COP29 tədbiri ilə əlaqədar bu zolaqlarının çəkilməsi sürətləndirilib.
Qlobal.net xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında COP29 Əməliyyat şirkətinin nəqliyyat və hava limanı əməliyyatları departamentinin rəhbəri Orxan Mahmudlu deyib.
O qeyd edib ki, COP29 zolaqlarının avtobus zolaqlarından heç bir fərqi yoxdur.
"Digər avtomobillərin avtobus zolaqlarında istifadəsinə dair cərimələnmə mexanizmi, qaydalar COP29 zolaqlarına aiddir. Növbəti aydan bu zolaqlar COP29 üçün nəzərdə tutulan xüsusi qrup taksilər, avtobuslar və tədbirin xüsusi xidmət avtomobilləri tərəfindən istifadə olunması nəzərdə tutulub. Həmin zolaqlardan istifadə üçün müəyyən icazə vərəqələrinin istifadə edilməsi gözlənilir", - deyə o bildirib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.