Azərbaycan ictimaiyyəti dəhşətli xəbərlə sarsıldı: Bakıda 25 yaşlı Əhmədov Əhməd Mehman oğlu ailə üzvlərini - ata-anasını, 9 yaşlı qardaşını və bacısı ilə onun azyaşlı qızını xüsusi amansızlıqla qətlə yetirib.
Qlobal.net globalinfo.az bildirir ki, ölkədə şok effekti yaradan bu olaydan sonra bəzi detallar üzə çıxdı. Həmçinin o da məlum oldu ki, Əhməd 15 yaşında ikən kimisə bıçaqlayıb.
Bu fakt dəhşətli cinayətin istiqamətini başqa məcraya yönəltdi. Belə ki, sosial şəbəkələrdə cinayəti, əslində, o vaxt bıçaqlanan şəxsin ailəsinin törətdiyini, Əhmədin boynuna yıxdığını yazanlar oldu.
İlk baxışdan bütün versiyalar kimi bu da diqqət çəkdi. Lakin gözdən qaçan, amma həm də göz önündə olan məqamlar var.
İndi həmin versiyaları sıralayaq:
Xalası bildirib ki, Əhmədin psixoloji problemləri olub: hətta onun
ruhi dispanserə yerləşdirilməsi üçün valideynlərinə dəfələrlə müraciət
edib.
Ailənin yaxınlarından biri mediaya açıqlamasında qeyd edib ki, iki gün
əvvəl Əhmədin atası Mehmanla bir yerdə olublar və sonuncu ona Əhmədin
dərmanlarını atmadığını, buna görə də aparıb Mərdəkandakı xəstəxanaya
qoyacağını deyib.
Deyilir ki, Əhməd illər əvvəl Masallıda idman yarışında baş nahiyəsindən
zədələnib və psixoloji problemləri yaranıb. Ailəyə məsləhət görüblər
ki, onu psixi sağlamlıq mərkəzinə yerləşdirsinlər, amma ailə bununla
razılaşmayıb.
Məlumata görə, Əhməd əvvəlcə atasını öldürüb, daha sonra əliqanlı marketin qarşısına düşüb, anasını gözləyib. Anası direktor olduğu məktəbdən gələndən sonra isə marketin arxa hissəsindən baltanı götürərək mənzilə tərəf qalxıb. Bu zaman market işçiləri polisə məlumat verib. Buna qədər isə Əhməd anası ilə qardaşını öldürüb.
Ümumiyyətlə, qohumlarının, qonşuların və tanıyanların ümumi fikri budur ki, Əhmədin psixoloji problemləri olub və onun hansısa dəhşətə əl atacağı haqda narahatlıqlar mövcud imiş.
Əksəriyyət bütün bu iddialardan yola çıxaraq qətliamı Əhmədin törətdiyini düşünür.
Digər versiya isə yazının əvvəlində qeyd etdiyimiz iddiadır - cinayəti kimsə qisas məqsədilə törədib, Əhmədin üstünə atıb.
Əvvəla, o "kimsə" Əhmədin nə vaxtsa bıçaqladığı adama görə qisas almaq istəsəydi, birbaşa elə özünü öldürərdi. Daha körpə uşaqları, valideynləri bu məsələyə qatmazdı.
İkincisi, qisas anlayışı planlı, ağılla icra olunan aktdır. Hansısa qisasçının günahsız azyaşlıları da qətliam planına daxil etməsi inandırıcı deyil.
Üçüncüsü, Əhmədin 15 yaşında kimisə bıçaqladığı deyilir. İndi isə 25 yaşı var. Əgər doğrudan da işin içində hansısa qisasçı varsa, o, niyə 10 il gözləyib? Əgər məqsəd qisas idisə, bunu daha tez edə bilərdi.
Dördüncüsü, dəhşətli cinayətdən sonra hüquq-mühafizə orqanları məhz Əhməd Əhmədovun saxlanıldığını açıqladılar. Yəni cinayətdə başqa şübhəlinin adı hallanmır.
Bu məqamları göz önündə tutduqda belə qənaətə gəlmək olar ki, işin içində hansısa qisasçının olması ehtimalı çox azdır. Qətliamı Əhməd Əhmədovun törətməsi isə istintaq nəticəsində bəlli olacaq.