Zöhrabın istintaq işi üç ay idi davam edirdi. Mən Bakıdan tanıdığım
Adilin dəstəsində valyuta alveri ilə məşğul olmağa başladım...
1977-ci ildə Moskva böyük inşaat meydançasını, yaxud
Odessadakı "tolkuçka"nı xatırladırdı. Olimpiada qabağı Moskvaya hər gün
minlərlə turist gəlir, özləri ilə müxtəlif əşyalar gətirir, yalnız ABŞ
dolları ilə satır, yaxud alırdılar. Sovet rublu işə keçmədiyindən yaşıl
əskinasların qiyməti hərdən yeddi-səkkiz dəfə qalxırdı.
Həmin dövrdə gizli valyuta alveri ilə məşğul olanlardan biri
də kriminal aləmdə “Zina Passajskaya”, “Zozzulya” ayamaları ilə tanınan
Zinaida Qədimova idi.
Zinaida 70-ci illərin sonunda gedən gizli valyuta alverində iştirakı haqqında bunları danışdı:
- Elə günlər olurdu ki, bizim dəstədəki
“dördlük” iki min dollar satırdı. Bu, yeddiqat qazanc demək idi. İlqar
Vilnüs–Riqa–Tallin marşrutu ilə səfərə çıxır, ikiqat bahasına dollar
alır, biz isə "tolkovat" edirdik. Xarici turistlər bizdən çəkisi on iki
karatdan böyük olan brilyant qaşlı zinət əşyaları və İran incisi
alırdılar. Hərdən Gəncədən Xanım adlı birisi də Cığal Adildən otuz-qırx
ədəd Nikolay onluqları götürürdü. Sonradan bildim ki, o, Olim
KirOvabadskinin anasıdır. Az sonra qaraçılar “Onluq”ların saxtalarını
bazara çıxaranda bu işi dayandırdıq.
Mən “Ukrayna”, Adil “Rossiya”, Marusya “Moskva”, Şurik isə “Metropol” mehmanxanası qarşısında işləyirdik.
Moskva, "Ukrayna" mehmanxanasıAdilin
dediyinə görə, gəlmələrin sayı da buna müvafiq surətdə dəyişirdi.
“Rossiya” mehmanxanası qarşısında bazar günləri hətta “kalım”la türmədən
iki günlüyə "volya"ya çıxan "blatnoy" funksionerlər də peyda olurdu.
Həbsxana rəhbərliyinə “kalım” basıb, işə girişən “zek”lərin əhatə
dairəsi daha geniş olduğundan, bazarı öldürürdülər. Əksəriyyəti moskvalı
olan “blatar”lar qiyməti birin beşə nisbətiylə işləyir, daha çox
satmağa çalışırdılar. Onlarda oğurluq ləl-cavahiratlar da işə yarayırdı.
Adilin satın aldığı milis zabiti məni tanıdığından, heç nədən
ehtiyat etmədən işə girişmişdim. İki serjant isə bir qədər aralıda
patrulluq edir, “zelyonılar”ın (başqa yerdən gələn alverçilər) bazara
girmələrinə imkan vermirdilər. Aldadılan "lox"lar "ment"ə yaxınlaşıb
şikayət edirdisə, "qapon" özünü təəccüblənmiş kimi göstərir, lazımsız
suallarla vaxtı uzadırdı ki, "kidala" həmin yerdən uzaqlaşsın. Bundan
sonra "ment" "lox"la birlikdə satış yerinə yaxınlaşır, alverçini
tapmadıqda ona milis bölməsinə müraciət etməyi məsləhət görürdü.
Valyutanı satana da iş vardı, alana da...
Həmin gün mən üç min dollarlıq alver eləmişdim. Axşama yaxın
sumkamda cəmisi altmış dollarım qalmışdı. Günorta çağı 300 dollar
dəyişdiyim cavan oğlan yenidən qarşımda peyda oldu və daha 200 “yaşıl”
lazım olduğunu bildirdi. Danışığından, həyəcanlı olmasından şübhələndim:
– Mən nə dediyinizi başa düşmədim, – dedim.
Daha iki nəfər cəld addımlarla bizə yaxınlaşdı. Ucaboylusu sakit səslə:
– Xahiş edirəm, səssizcə mehmanxananın qarşısındakı ağ “Volqa”ya əyləşəsiniz. Biz DİN-in əməkdaşlarıyıq...
Maşında iki gün əvvəl mənimlə mehmanxananın eyni nömrəsində
gecələmiş Nelli də oturmuşdu. Üzündəki ənlik-kirşan bir-birinə qarışmış,
dodaqlarındakı boyanın yarısı silinmişdi.
Nelli ilə məni DİN-in binasına gətirdilər. Bizi qapısında
“laboratoriya” sözü yazılmış otağa saldılar. Bura laboratoriyadan çox
akt zalına bənzəyirdi. Səhnədə bir dəstə qaraçı qadın döşəmədə oturaraq
yeyir-içirdilər. Bədənimi xırda uçuntular, əsməcə bürümüşdü. Gözlərimin
qarşısında qığılcımlar parlayırdı.
Nelli qaraçı artistləri görən kimi onlara sarı götürüldü. Mən
isə qapının yanındakı yumşaq kresloya əyləşib vəziyyəti təhlil eləməyə
başladım. Adilə xəbər vermək lazım idi. Amma necə? Ona zəng vura
bilməzdim. Onu da həbs edərdilər. Beynimdəki fikirlər bir-birinə
qarışırdı.
"Məni cərimələyib buraxacaqlar", – deyə fikirləşirdim.
İki gün əvvəl Cinayət Məcəlləsinin valyuta ilə bağlı bütün
maddələrini oxumuşdum. “Fırıldaqçılığa götə cinayət məsuliyyəti" –154-cü
maddə ilə adamlar həm inzibati, həm də cinayət məsuliyyəti
daşı-yırdılar. “Əlimdəki 60 dollar müsadirə olunacaq, 50 rubl da cərimə
ödəyəcəyəm” fikirlərilə təskinlik tapırdım.
"İlahi, sən bu dəfə də məni hifz elə, sakit-salamat qurtarım,
bir də bu cür işlərə baş qoşmaram", – onlarla, yüzlərlə dəfə dualar
edir, yumruqlarımla başımı döyəcləyirdim.
İstintaq
Oturduğum yerdən qalxıb ikicə addım atmışdım ki, zalın
qapıları taybatay açıldı. Kandarda kapitan, iki podpolkovnik, iki
serjant və mülki paltar geymiş bir kişi göründü. Bizim hamımızı səhnəyə
yığdılar və "dopros" başlandı.
Nelli ilə cavan qızı tezliklə azad etdilər. Podpolkovniklərin
hərəsi bir nəfərlə danışıq aparır, kapitan və böyük serjant protokol
yazırdı.
– Qədimova, siz "Romen" qaraçı teatrının rəhbəri Boris
Buryatseni necə tanıyırsız? Nə vaxt tanış olubsunuz? Əlaqələriniz
necədir? Görüş yeriniz harada idi? Bu suallara cavab verin!...
"Sizin çantanız hansıdır? Göstərin!" – deyə podpolkovnikin qocası məni özü ilə kapitanın arasındakı stulda oturmağa dəvət etdi.
– Buryatseni elə-belə, dinləyici kimi tanıyıram. Məncə, onu
bütün SSRİ xalqı şən mahnılar ustası kimi tanıyır. Mən də onlardan
biri... Şəxsi tanışlığımız yoxdur, buna görə bütün sonrakı suallar
cavabını tapmış olur, – cavabını verdim.
Deyəsən, ötkəm cavabım podpolkovnikin xoşuna gəlmədi. Kinayə
və kin dolu gözlərini üzümə zilləyərək xeyli baxdı. Düzü, bu baxışlara
tab gətirmədim, nəzərlərimi qaçırdım. Nədənsə gözlərim də yaşardı, hiss
etdim ki, sifətim qızarır.
– Bəs Burçomistrovanı necə, onu da tanımırsınız? Onun evini
yarıblar, xeyli zinyət əşyalarını, ulu babalarından qalma
brilyantlarını, almazlarını aparıblar. Bunlardan da xəbəriniz yoxdur?
Hə, yeri gəlmişkən, deyin görək, hansı ölçüdə ayaqqabı geyinirsiniz? 36
razmer... Düzdür?
– Bəli, çəkmələrim barədə dedikləriniz düzdür, ancaq Burqomistrovanı heç tanımıram. Harada yaşadığını da...
Podpolkovnik yumruğunu stola çırpdı. Ancaq çox sakit halda:
– Sən ana uşağısan... Belələrinin dilini mən hələ iyirmi il
əvvəl ya tamam açırdım, ya da dibindən qoparırdım ki, bir də yalan
danışmasınlar. Məncə, birincisi sizin üçün daha sərfəlidir.., -
Podpolkovnik içində brilyant olan bükülünü barmaqları arasında
oynada–oynada qeyzlə dilləndi.
– Bu ki, Buryatsenin kolleksiyasının ən qiymətli zümrüdüdür.
Bu qiymətli daş bir həftə əvvəl Borisin cibindən yoxa çıxmışdı. – Zabit
ayağa qalxaraq nə isə fikirləşə-fikirləşə gəzişməyə başladı, sonra
əllərini cibinə salıb qarşımda dayandı. – Düzünü deyin, Buryatse ilə
tanışlığınız nə vaxtdan başlayıb və belə daşlardan sizə neçəsini
bağışlayıb... Onu da deməliyəm ki, o yaramazı nə qədər müdafiə etsəniz,
öz işinizi bir o qədər çətinə salacaqsınız.
Mən bir həftə əvvəl "Ukrayna" mehmanxanasındakı "oblava"dan danışdım, çantamda bu daşı kiminsə gizlətdiyini dedim.
– Axmaq sözlər danışırsan, Qədimova. Dediklərini bir də
dilinə gətirmə. Çantandan çıxan şeylərin siyahısını oxu və imza et...
Bizi əsasən ,iki şey maraqlandırır, 600 dollar valyuta və Kokovun
zümrüdü... Bunların hər ikisi Burqamistrovanın evindən oğurlanıb.
Mənim imza etmədiyimi görüb qəflətən əlini başıma atdı,
saçlarımı çəngələyib burdu. Elə bildim dərimyerindən qopdu. Qeyri-iradi
olaraq bərkdən qışqırdım.
– İmza elə, fahişə! – bağırdı podpolkovnik.
Mən qələmin ucunu 600 rəqəminin üstünə qoyub, nəzərlərimi onun üzünə qaldırdım.
– Məndə cəmisi 60 dollar vardı, burada isə on dəfə artıq göstərilib, – dedim.
– Hə, düzdür, bağışla. Özün rəqəmlərin yanından altmış sözlərini yaz, –
Podpolkovnik yenə əlini saçlarıma atdı, ancaq bu dəfə başımı sığalladı:
– Cinayət Məcəlləsinin 154-cü maddəsində göstərilir ki,
valyuta alveri ilə məşğul olanlar inzibati cəza kimi 50 rubl cərimə ilə
cəzalanırlar, – deyə zabit yazdığı protokolları yığışdırıb süni
təbəssümlə gülümsədi. – Yalnız alqı-satqı cüzi olan halda belə yüngül
cəza tətbiq olunur. Mənim təcrübəm dövründə belə hökmə rast gəlməmişəm.
Adətən, bizdə üç ildən səkkizə qədər yükləyirlər. Əgər cinayət işinə
ləl-cavahirat, qiymətli daşların alqı-satqısı da qarışdırılıbsa, "srok"
beş ildən on beşəcən artırıla bilər. Cərimə ilə yaxanı qurtarmaq
istəyirsənsə, biz dediyimiz ifadəni yazmalısan.
İfadə protokolunu doldurmağa başladı:
Qədimova Zinaida Ruslanovna, 1956-cı ildə Az.SSR, Bakı şəhərində andan olub, subay, natamam ali təhsilli...
Sual: "Romen" qaraçı teatrının artisti Boris Buryatseni nə
vaxtdan tanıyırsan və ilk dəfə sənə brilyant, qızıl sikkələr və xarici
valyuta satmağı nə vaxt, harada təklif edib?
“Cavab” sözünü də özü yazıb, kağızı qarşıma sürüşdürdü...
– Yaz ki, verilən suala cavab olaraq bildirirəm:
– Buryatse ilə iki il əvvəl Leninqradda, konsertdən sonra
tanış olmuşam. Özündən quraşdır da... Guya onun mahnılarının
dəli-divanəsi idin... Bir dəfə ona yaxınlaşaraq avtoqraf verməsini xahiş
edəndə səndən soruşdu ki, hansı şəhərdənsən. Bakıdan olduğunu öyrənəndə
səni öz dəstəsi ilə təşkil etdiyi şam yeməyinə çağırdı... Soruşdu ki,
hansı mahnısı daha çox xoşuna gəlir... və sair və ilaxır... Sonra da
sənə bir qədər xarici əskinaz və iki qızıl sikkə verdi. “Başlanğıc üçün
bunları satarsan” dedi...
Podpolkovnik əllərini şalvar cibinə salıb, qarşımda var-gəl
edir, elə hey danışırdı... Mən "cavab" sözü qarşısına: "Boris Buryatseni
məşhur artist, qaraçı mahnılarının mahir ustası kimi dörd ildir
televiziya verilişlərindən tanıyıram. Ən çox sevdiyim müğənnilərdən
biridir. Xüsusilə "Ot zari-do zari" mahnısını həyəcansız dinləyə
bilmirəm. Onunla şəxsi tanışlığım yoxdur," – yazdım.
Podpolkovnik dayandığımı görcək, protokolu götürdü və bir an
sonra üzümə dəyən qəfil şillədən yerə yıxıldım. Zərbə elə qüvvətli və
qəfildən endirilmişdi ki, əvvəlcə nə hadisə baş verdiyini anlamadım. Az
sonra şillə dəyən üzüm od tutub yanmağa başladı. Dodağımın kənarı da
partlamışdı. İkiəlli yaxamdan yapışıb, başının üzərinə qaldırdı. Elə
bildim, döşəməyə çırpacaq. Amma üsulluca əvvəlki yerimə oturtdu, kobud
şəkildə donumun boyunluğundan qamarlayıb, ayağa qaldırdı.
– Mənimlə siçan-pişik oynayırsan, fahişə?! – dişlərini
qıcıyaraq, digər üzümə yumruq vurdu, basıb kətilə oturtdu. Protokolu
dörd qatlayıb, yavaş-yavaş düz gözlərimin qarşısında cırdı.
– Bir də xam xəyallara qapılsan, aqibətin protokolun başına
gətirdiyimdən yaxşı olmayacaq... Səni ayaqlarından tutub dörd yerə
cıraram. Deyəsən, hələ hara düşdüyünü dərk eləmirsən?! – deyərək,
yenindən protokolun şəxsiyyət bildirən hissəsini doldurdu. Gözlərini
qıyaraq:
– İt kimi ulaya-ulaya yazacaqsan dediklərimi, yoxsa on beş il
basdıracağam dama... 154-ün axırıncı maddəsini yükləyəcəklər belinə. On
beş il pomada əvəzinə dodaqlarına nəcis yaxacaqsan... Yaz! – deyib,
kağızı üzümə, qələmi başıma çırpdı.
Dodağımın kənarında iriləşən qan damcı-damcı stolun üstünə
düşür, daha xırda zərrəciklərə parçalanaraq, ətrafa səpələnirdi...
Protokolu elə sürüşdürdüm ki, qan zərrəcikləri onun da üzərinə
sıçrasın... Ancaq qələmi götürmədim.
Podpolkovnik bayaq dediklərini eyni ilə yenə təkrarlayırdı...
Bu dəfə hətta tələb edirdi ki, Burqamistrovanın ünvanını da söyləyim.
Mənimçün "torba" yox, içində fil gizlətmək olan xaral tikirdilər. Özümə
söz verdim ki, ölsəm də onların dediklərini yazmayacaq, yazdıqlarına
imza atmayacağam.
– Qədimova, sən bilirsənmi, Moskvada hər gün səssiz-səmirsiz,
izsiz-soraqsız neçə nəfər yoxa çıxır? Kişilər, qadınlar, uşaqlar... Ay
ərzində yoxa çıxanların sayı bir neçə yüzə çatır. Yaxşı-yaxşı fikirləş,
biz nahara gedirik, mən gələndə izahatı yazılmış görüm, yoxsa... –
podpolkovnik şəhadət barmağı ilə məni hədələyərək, digər stolda qaraçını
dindirən həmkarına göz vurdu, – gedək "bir rumka çay" içək, lap boğazım
quruyub, – dedi.
Bu vaxt serjantlar tələbə qızla Nellini də biz oturduğumuz otağa itələdilər.
– Yaramazlar, bizim əlimizdə buraxılış vərəqəsi var, bizi evə buraxıblar! – deyə Nelli qapını yumruqlayaraq çığırmağa başladı.
Qızcığaz isə boynunu burub, təəccüblə ətrafa baxırdı. Onun da barmaqlarının arasında sarı rəngli kağız parçası vardı.
Hansı vasitə ilə olursa-olsun, bayıra harada saxlandığım
barədə məlumat göndərməli idim. Adili narahat etmək olmazdı. Onu da
tutub damlaya bilərdilər. Ancaq Leninqrada, xalamla-nənəmə gümanım
qalırdı. Nelliyə etibar edə bilməzdim, bütün hərəkətləri ilə "agentə",
"dilə" oxşayırdı... Qızcığaza bel bağlamaq qərarına gəldim. Fikirdən
beynim dəymiş qarpız kimi uğuldayırdı. Gicgahlarımı ovuclarım arasında
sıxaraq fikirləşirdim: Podpolkovnikin dediyi kimi, məni lap "paraşok"a
döndərib, yox edə bilərdilər və heç kəs də bundan xəbər tutmazdı.
Müstəntiqin dedikləri ifadəni yazası olsaydım belə, buradan sağ-salamat
çıxacağıma zəmanət yox idi. Nənəmin Leninqraddakı telefon nömrəsini
siqaret korobkasının içindən çıxardığım kağıza yazdım. Qızcığaz hələ də
ayaq üstə, yanımda dayanmışdı... Ehtiyatla onun əlinə toxundum. Diksindi
və təəccüblə üzümə baxdı.
– Mədən necədir, daha incitmir ki? – soruşdum.
– Heç əvvəl də ağrı yox idi, amma ürəyim bulanırdı... İndi də tamam keçib getməyib...
Telefon nömrəsini yazdığım kağız parçasını qızcığazın ovucuna
sürtdüm və barmağımı dodaqlarımın üstündə çarpazlayıb, səs
çıxarmamasına işarə etdim... Kağızı ötürdükdən sonra başımı stolun
üstünə dayayaraq yuxuladım. Beşmi, onmu dəqiqə yuxuladım, bilmirəm. Qapı
açılarkən oyandıqda artıq bütün ağrılarım, yorğunluğum ötüşmüşdü.
Zabitlər qızarmış, şən halda otağa girən kimi Nelli ayağa
qalxıb qışqırmağa başladı, əlindəki kağızı silkələyir, onu polkovnikin
yanına aparmalarını tələb edirdi. Fikirləşdim ki, yəqin mən kağızı
qızcığaza ötürəndə hiss edibmiş, indi xəbər vermək niyyətindədir.
Məni dindirən podpolkovnik qapını açıb dəhlizdə oturmuş
serjantı kobud söyüşlə içəri çağırdı, bu qızların niyə buraxılmadığını
soruşdu.
– Sizin imzanız yoxdur, yoldaş podpolkovnik,– deyə serjant dartınıb "çest" verdi, qızcığazın əlindəki sarı vərəqəni göstərdi.
– Durak! Vonyuçiy kozyol! Şöbə müdirinin imzası varsa,
bəsdir. Buxoy sovsem, çto li? – serjant çaşqın halda gah bu, gah da
digər zabitə baxdı, nə isə demək istədi, ancaq məni dindirən
podpolkovnik əlindəki mineral su butulkasını ona uzadaraq kinayə ilə:
– Al iç, boğazın açılsın... Kuçeryavını buraya sürüklə, özünə
də dəyənəyi hazırla. Mən "Kazbek" qutusundan papiros götürsəm, heç nə
soruşmadan onu yaxşıca kötəkləyərsən. Çalış üzünə və barmaqlarına
dəyməsin. Əgər mən "Trezor" siqareti çəkməyə başlasam, dəyənəyi bir
tərəfə atıb, qaraçını təpikləməyə girişəcəksən. Zərbələr ancaq
ayaqlarının arasına dəyməlidir. Mudak Kuçuryavıy! Gör kimə ilişib,
əclaf! – dodaqları kinayəli təbəssümlə doldu.
Podpolkovnik yanımda əyləşib, istehzalı baxışlarını üzümə zillədi:
– İndi Borya ilə üzləşdirmə aparacağıq... Əgər Kuçeryavıy
səni tanıdığını etiraf etsə, səni indicə onu gətirməyə göndərdiyim
serjantın ixtiyarına verəcəyəm. Bir gecəliyə. Sonra başqa üzləşdirmə,
başqa serjant olacaq, – podpolkovnik süni gülüşlə bir neçə dəfə toyuq
kimi qaqqıldadı və yeni bir mineral su butulkası götürüb, qapağını
stolun kənarına söykəyərək açdı. – Meylin çəkir? – soruşdu.
Başımı silkələyərək sudan imtina etdim, ancaq boğazım, dilim
qurumuşdu susuzluqdan. Butılkanı qarşıma qoyub ayağa qalxdı
podpolkovnik. Dəhlizdən söyüş səsləri eşidilirdi. Hər iki zabit tələsik
qapıya doğru qaçdı. Buryatseni ayaqlarından tutub, sürüyə-sürüyə otağa
gətirdilər, qaldırıb küncdəki taburetkaya oturtdular. Yekəpər serjant
qaraçının arxasında dayandı.
Müstəntiq qorxudan büzüşərək oturmuş qaraçı qadını göstərərək soruşdu:
– Buryatse, bu qadını tanıyırsanmı?
– Düz dörd ildir birlikdə oxuyuruq... Əlbəttə, tanıyıram... Məgər o, bunu inkar edir? – müğənni acıqlı səslə çığırdı.
– Bir az səsinin tonunu azalt. Bura səhnə deyil.
– Səhnə deyilsə, bəs bu maskarad nəyə gərəkdir?
– Maskarad yox, üzləşdirmə prosesidir bu, Buryatse.
Müqəssirlərin ifadələrində mühüm ziddiyyətlər olduqda, müstəntiq iki
şübhəli şəxs arasında üzləşdirmə aparmalıdır. Bizim halda sən özünü çox
şübhəli aparırsan. Bu qadını necə, tanıyırsan? – podpolkovnik barmağını
mənə tuşladı.
– Mənim pərəstişkarlarımdan biridir, – deyə qaraçı müğənni
soyuqqanlıqla bildirdi. – SSRİ-nin elə bir bucağı yoxdur ki, bizim
truppanı sevməsin. Bu qadın da həmin milyonlardan biridir.
– Sarsaqlama, əclaf! Söylə görək onun adı, familiyası
necədir? – podpolkovnik ayaqlarını aralı qoyaraq, düz müğənninin
qarşısında dayanmışdı. – Düzünü de, yaramaz. Bu qadın sənin əlaltın,
"podelnikin"dır? Yoxsa aşnandır? Bəlkə adicə tanışındır?
- Mənim ancaq bir tanışım, bircə əlaltım, yeganə məşuqəm
var... Onu da siz tanıyırsınız. Hamı tanıyır. Bütün dünya qadınlarının
Kleopatrası! Çaritsası! – Buryatseyə sözünü deyib qurtarmağa imkan
vermədilər.
(
Ardı var)