Aktrisa Çimnaz Sultanovanın ölümü sənət aləmindəki şəxsləri kədərləndirməklə bərabər, həm də təəccübləndirdi. Hətta ölüm xəbəri yayılandan sonra belə bunun yalan ola biləcəyini güman edirdilər. Aktrisanın ağır xəstəlikdən əziyyət çəkdiyi də elə məhz ölümü ilə üzə çıxdı. Əksər sənət dostları mərhumun bu barədə heç nə danışmadığını, xəstəliyini hər kəsdən gizli saxladığını dedilər.
Bəs onun xəstəliklə tək mübarizə aparması, bunu gizlətməsinə nə səbəb olub? Ümumiyyətlə, insanların problemlərini, xəstəliklərini gizlətməsi hansı psixoloji amillə bağlıdır?
Psixoloq Vüsalə Rüstəm məsələni Yenisabah.az-a belə şərh edib:
“Normal insan sağlamlığı da xəstəliyi də düzgün qiymətləndirə bilir. Bizə miras qalan xəstəliyi gizlətməyin bir keçmişi var ki, o da Sovetlər dönəmindən bizə yadigardır. Çox insan bunu dansa belə bu belədir. O dönəmdə xəstəliyi tənəyə çevirirdilər. Filankəsin oğlu xəstədir, qızı xəstədir, özü xəstədir. Xəstələnmək normal insan halı olsa da, sovetlər kimi qapalı rejimlərdə xəstə psixologiya formalaşmışdı. Xəstə adamı lağa qoymaq, tənə etmək, hər onu görəndə xəstəliyi barədə soruşmaq kimi hallar var idi”.
Psixoloq həmin “ənənə”nin bu gün də davam etdiyini bildirib:
“Qapalı rejimin dar çərçivədə yaratdığı qüsur bu gün də o dövrü görən insanlarımıza yadigar qalıb. Ona görə də bir çox insan xəstəliyini gizlədir, belə xəbərin yayılmasından qorxur. Halbuki bəzən xəbər yayılsa bəlkə də çox sayda insan ona kömək edə bilər, daha yaxşı həkimlər və düzgün müalicə ala bilər. Vaxtında xəstəlik barədə məsləhət və geniş məlumat xəstəliklərin sağalması üçün atılan ən vacib addımdır. Çox gözəl haldır ki, gənc nəsil artıq bu yararsız və ötürülmüş mirasdan can qurtarıb,kompleksiz şəkildə xəstəliyi barədə danışır, kömək istəyir”.
Ekspert bu məsələdə psixoloji dəstəyin fayda vermədiyini də vurğulayıb:
“Psixoloji dəstək qrupları və terapiya nə yazıq ki, yaxın keçmişi görən insanlara heç cür təsir etmə gücü yoxdur. Nəinki xəstəliyini,bütün keçirdiyi hisslərini gizlədir və danışmağı qüsur hesab edirlər”.