“Çəkmələrini, isti geyimlərini əsgərlərə verirdi” — Polad Həşimovun xanımı ilə MÜSAHİBƏ
“Poladın general rütbəsi almağı həyat tərzimizi dəyişdirmədi”
“Hər insan Polad Həşimovun getdiyi yolu gedə bilməz”
Otuz il hər Novruz bayramında xalqımız bir arzu diləyirdi: Növbəti
bayramı işğal altındakı Yurd yerlərində keçirək. Bu gün artıq o
torpaqlar azaddır, arzumuz çin olub. Doğma Qarabağda Novruz tonqalları
yanır.
Xalqımız buna görə ilk növbədə Şəhidlərimizə borcludur. İndi hər toyda,
hər toplantıda, hər yerdə ilk növbədə Şəhidlərimiz yad olunur.
Modern.az saytı bayram günündə Şəhid Milli Qəhrəman,
general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya xanımla görüşüb.
Mediada çox nadir hallarda görünən, sosial şəbəkələrdə olmayan General
xanımı ilə həmsöhbət olub.
Ofelya xanım danışdıqca, bizi sanki Polad Həşimovla görüşdürdü, tanış etdi...
Əminik ki, müsahibəni oxuyan hər kəs özünü Polad Həşimovla görüşmüş,
danışmış, tanış olmuş kimi hiss edəcək. Beləliklə, Ofelya Salmanova ilə
söhbətin I hissəsini təqdim edirik:
- Ofelya xanım, Polad Həşimovun Şəhid olduğu gündən 4 ilə yaxın
vaxt keçir. Bu zaman kəsiyi kimlər üçünsə bəlkə də bir saniyəyə,
başqaları üçünsə bir əsrə bərabərdir. Bu illərə General Polad Həşimovun
həyat yoldaşının gözüylə baxmaq olarmı?
- Əslində illər heç nəyi unutdurmur. Əksinə, hər şeyi dönə-dönə, təkrar
yaşadır. Çoxu düşünə bilər ki, uzun müddət keçib, zamanla hər şey yoluna
düşüb. Uşaqlar böyüyüb, mən öz işimə başlamışam, gündəlik həyatımızı
davam etdiririk, yaşayırıq. Elə deyil...
Ancaq o itkinin yeri getdikcə daha çox bilinir, o yara sağalmır.
Getdikcə ağrılar-acılar bir az da artır. Çünki ona duyduğumuz ehtiyaclar
çoxalır. Mən həyat yoldaşı, bir qadın kimi ona ehtiyacı hər gün bir az
da çox hiss edirəm. Bir ailə başçısı kimi onu həmişə yanımda istəyirəm.
Polad Həşimov çox gözəl ailə başçısı, həyat yoldaşı, ata idi. Övladları
böyüyür, onlar haqqında qərar verməliyəm. Bəzən tərəddüdlərim olur. Çox
düşünürəm, birdən səhv qərar verərəm. Polad Həşimov tarixi şəxsiyyətdir,
birdən onun əmanətləri ilə bağlı hansısa addımları düz atmaram. Bu
mənada çətinlik çəkirəm. Bəzən düşünürəm ki, həyat yoldaşım olsaydı,
bunlara ehtiyac olmazdı. Bu qədər çətinliklər yaşamazdım. Təkrar edirəm,
bir qadın, həyat yoldaşı kimi ona çox ehtiyacım var.
- Hər xanım istəyər ki, Polad Həşimov kimi həyat yoldaşı, hər
övlad istəyər ki, Polad Həşimov kimi atası olsun. O, indi yalnız sizin
deyil, Azərbaycan xalqınındır. Bölüşməkdə tərəddüd yoxdur ki...
- Mən Polad Həşimovu şəhadətindən sonra yox, ilk görüşümüzdən tanımışam.
İlk tanışıqlıqda bildim ki, o, necə insandır. Onun ətrafında sevən
insanları çox idi, güclü hərbçi idi. Mən onu tanıyanda 28 yaşı var idi. 2
aydan sonra mayor rütbəsinə qalxacaq bir zabit idi. O vaxt 10 ilə yaxın
idi ki, Murovdağda xidmət edirdi. Orada çox hörmət qazanmış, başına
yüzlərlə insan toplamışdı. İlk gündən şahid oldum ki, həyat yoldaşım
kimdir. Belə bir şəxsiyyətə qısqanclıq etmək doğru deyil axı... Əksinə,
mən həmişə dua etmişəm ki, hər bir Azərbaycan xanımının Polad Həşimov
kimi həyat yoldaşı olsun. Çünki bu, bir qadın üçün çox böyük
xoşbəxtlikdir. Bu xoşbəxtliyi Allah mənə nəsib etdi. Mən həyat yoldaşımı
vətən sevgisi ilə paylaşmışam, buna görə də onu heç vaxt qısqanmaram.
Polad Həşimov olmağın arxasında çox böyük mücadilə dayanır.
- Yəni onu bölüşə bilirsiniz?..
- Əlbəttə... Polad Həşimov mənim həyat yoldaşımdır, xalqın isə
qəhrəmanıdır. Əgər qısqansam, onu insanlara tanıtmaq üçün bu qədər
çalışmaram.
- Maraqlı məqama toxundunuz. Siz özünüzü Şəhid generalın həyat
yoldaşı kimi göstərmirsiniz. Bu xakateriniz Polad Həşimovdan gəlir, ya
özünüzdən?
- Özümü tanıtmağa ehtiyac duymuram. Polad Həşimovu isə tanımayan yoxdur. Mən Polad Həşimovla ailə quranda 23 yaşım var idi.
Gözəl bir ailədə formalaşan, tərbiyə alan, yetkin gənc idim, magistraturada oxuyurdum.
Evliliyim də təsadüfi olmayıb. Allah iki insanı birləşdirmək istəyirsə,
onları mütləq qarşılaşdırır. Allah bilirdi ki, Polad Həşimovla mən eyni
xarakterli insanıq, ona mən lazımam, mənə də o.
Həmçinin bildirməliyəm, mən də çox hörmətli, tanınmış bir nəslin
qızıyam. Mənim də babalarım çox sayılıb-seçilən, xeyriyyəçi insanlar
olub. Hacı Abbas nəslini bizim el-oba çox yaxşı tanıyır. Bu
əsil-nəcabətlik mənim genlərimdən gəlir. Polad Həşimovla çox uzaq
qohumluğumuz da var.
Yəni dediyiniz məsələ mənim xarakterimdədir.
Polad Həşimovla evlənən ilk andan anladım ki, o fərqli insandır. Çox
sadədir, sənin üçün canını ortaya qoyar, ancaq səsini çıxarmaz. Misal
deyim, məclislərdə onun başına toplaşırdılar, ancaq o, heç vaxt keçib
başda özündən razı şəkildə əyləşməzdi. Çox sadə həyat tərzi yaşayırdı.
Kənd insanları ilə iç-içə olurdu.
Xoşlayırdı ki, bir çəmənlikdə onlarla otursun, yemək yesin, söhbət
etsin. Sadə ruhlu bir insan idi. Bu qədər sadə olmasına səbəb də o idi
ki, hər bir əməli Allah rızası üçün edirdi, göstəriş üçün deyil...
“Başqa insanlar üçün yaşayacam, onlara xidmət edəcəm. Fərqi yoxdur,
yüksək vəzifədə əyləşmişəm. Mənim qarşıma qoyulan vəzifə mənə aiddir,
onu doğru yerinə yetirməliyəm”.
Bu idi onun həyat yolu. Baş leytenant Polad Həşimov ilə general Polad Həşimov arasında fərq
onda idi ki, məsuliyyəti və zəhməti daha da çoxalmışdı.
- Yəni Polad Həşimovun həyat tərzi, davranışı heç vaxt dəyişmədi?
- Bəli, o, kirayədə yaşayan bir general idi. Onun uşaqları məktəbə
avtobusla gedirdi və bu gün də belədir. O, Şəmkirdən Bakıya Müdafiə
Nazriliyinin təyin etdiyi maşınla gəlirdi. Bir qohum evinə gedərdisə,
ictimai nəqliyyatdan istifadə edərdi. 2015-ci ildə Bakıya kursa
gəlmişdi. Biz onda bir ay kirayədə qaldıq. Onda da hər gün avtobus və
metrodan istifadə edirdi.
- Heç demirdiniz ki, generalın həyat yoldaşısınız, Siz də başqaları kimi yaşamaq istəyirsiniz?
- Son illər hiss edirdik ki, bizim üçün həyat çətinləşir. Biz evləndik,
cəmi bir həftə Sumqayıtda qaldıq. Sonra Göygöl rayonuna getdik. Mən bu
həyatı əvvəldən qəbul etmişdim. Evlənəndə bilirdim ki, o, Murovdağda
xidmət edir. Mən onunla evlənərkən hər şeyi geridə qoydum.
Magistraturada oxuyurdum. Bakı Dövlət Universitetində təhsilimi davam
etdirmək istəyirdim. Ancaq onunla tanışlıqdan sonra hər şeyə “yox” dedim
və bütün arzularımı kənara qoydum. Həm də bir var, çıxıb hansısa bir
şəraitli şəhərə gedəsən, bir də var, Göygöl rayonun Hacıkənd kəndinə
gedəsən. Buna baxmayaraq, bu gün də doğru addım atdığımı düşünürəm. Biz
Göygölə getdik, Polad Həşimovun heç nəyi yox idi.
İlk görüşə gələndə gördüm ki, onun sifətində yanıq izləri var.
Murovdağda xidmət etdiyi üçün soyuqdan yanmışdı. Hiss etdim ki, fərqli
insandır, zəhmət çəkir. 28 yaşı olsa da, sanki 58 yaşı vardı, ağayana,
nəfsinə hakim, əsl Azərbaycan kişisi... Həmin an düşünürdüm ki, bu
insanda nəsə var, onu açmaq, tapmaq lazımdır. Biz 16 il müxtəlif
rayonlarda kirayədə yaşadıq. Sonra uşaqlar böyüyəndə gördük ki, artıq
bizim üçün çətin olur, bir evimiz olmalıdır. Qəbələnin Vəndam kəndində
bir ev tikməyə başlamışdıq. Ancaq o evi başa çatdıra bilmədik.
Sualınıza gəlincə, bizim ailədə belə bir problem olmadı ki, “mən də
general xanımıyam, hər kəs kimi cah-calal içində yaşamaq istəyirəm”, -
deyəm. Həm də general xanımlarının həyatından xəbərdar deyildim, o
ailələrlə bizim get-gəlimiz də yox idi axı... Heç bilmirdim onlar necə
yaşayırlar. Həmişə sadə insanların, hərbçilərin, əsgərlərin əhatəsində
idik. Bütün bunlar olsa belə, xarakterim, ailəmdən gördüklərim heç vaxt
imkan verməzdi ki, ondan nələrsə artıq şeylər tələb edim. Çünki bilirdim
ki, onun bəlli bir maaşı var, biz bu maaşla nə qədər addım ata bilərik.
Bu həyat bizim üçün o qədər gözəl idi ki, onun həyəcanı ilə yaşayırdıq
ki, ayın sonunda maaş alacaq. Biz bu gün də uşaqlarla eyni həyat tərzini
davam etdiririk. Bu baxımdan özümə qiymət verirəm ki, həyat yoldaşımı
heç vaxt yormamışam.
- Bəs heç fikrinizdən keçmirdi ki, maaş bizə yetmir, ali təhsilli qadınam, mən də çalışım?
- O vaxt işləməyim mümkün deyildi. Çünki hərbçi ailəsiydim, tez-tez
yerdəyişmələr olurdu. Həm də uşaqlarımız kiçik idi, onları böyütməklə,
tərbiyələri ilə məşğul idim. Nə gizlədim, ancaq içimdə bu arzum qalırdı.
Çünki müəllimlik peşəsinə marağım çox idi. 2018-ci ildə biz Şəmkirdə
yaşayırdıq. Baxdım ki, uşaqlar da böyüyür, Poladın işi də elə bir
formadadır ki, mən bunu edə bilərəm. Müəllimlərin işə qəbulu (MİQ) üzrə
müsabiqəyə baş vurdum. Şəmkir kənd məktəblərinin birinə işə qəbul
olundum. Hər gün kənd məktəbinə işə gedib-gəlirdim. Xatırlayıram ki,
Qəbələdən Şəmkirə gedirdik. Yolda mənə zəng gəldi ki, sizin cavabınız
çıxıb, işə qəbul olunmusunuz. Mən həmişə maşında onun arxasında
əyləşərdim. Bu onun qaydası idi, bir dəfə demişdi, vəssalam. Bu xəbəri
alanda arxadan gördüm ki, o yumuruğunu sıxaraq, mənim uğur qazanmağıma
sevindi.
- Onunla ilk görüşünüzdən nələr yadınızda qalıb?
- Bizi ailələrimiz tanış edib. O qədər də həyəcan keçirmədim, sanki
olmalı bir görüş idi. Sanki çoxdan tanıdığım, gözlədiyim insan qarşımda
idi. Bakı Dövlət Universitetinin həyətində görüşdük. Başladıq söhbət
etməyə, demək olar ki, hər şeydən danışdıq. Ancaq özünü çox açmırdı,
suallardan yayınırdı. Bu, hərbçi olmağın ona verdiyi xüsusiyyət idi.
Sonra tanıdım ki, bu həm də Poladın xasiyyətidir. Çox az danışardı, bir
cümlə deyərdi, o bəs edərdi. Mən ona dedim “belə baxıram, söhbətimiz
alınmayacaq… Bir dünya danışdıq, ancaq evlilk yoluna çıxacaq söhbəti edə
bilmirik”. Bunu deyib üzümü tutub getdim, sonra gördüm arxamca gəlir...
- Magistraturada təhsil alırdınız. Bu ərəfədə hərbçi ilə ailə
quracaqdınız. Rəfiqələriniz, ətrafınızda kimsə hərbçi ilə ailə qurmağın
çətin olduğunu deyirdimi?
- O vaxt hərbçilərin həyatı haqqında anlayışım az idi. Mən bilmirdim ki,
hərbçi həyatı bu qədər keşməkeşlıdir. Çətinlik olacağını bilirdim,
ancaq bu qədər yox… Xatırlayıram, həyat yoldaşımın şəhadətindən iki ay
öncə universitet illərindən tanıdığım bir xanım mənə zəng etdi, soruşdu
ki, harada yaşayırsan? Dedim ki, Şəmkirdə. Qayıtdı ki, nə var orada, çıx
gəl, torpaq dərdi sənə qalıb? Bu söz mənə o qədər ağır təsir etmişdi
ki…
Ondan iki ay sonra Polad şəhid oldu. O insan çox istədi ki, mənimlə
əlaqə saxlasın, razı olmadım. Mənim 16 il cəbhə bölgəsində yaşadıqlarımı
bir kəlmə ilə “torpaq dərdi sənə qalıb?” kimi ifadə etməsi mənə çox
ağır gəldi.
- Ailə quranda həyat yoldaşınız baş leytenant idi... Sonra general oldu. Bu xəbəri nə zaman eşitdiniz?
- Biz bu həyəcanı ilk dəfə 2016-cı ildə yaşamışdıq. O zaman evə zəng
etdi, dedi tez paltarlarını hazırlayım, Bakıya gedir. O vaxt belə
düşünürdülər ki, Polad Həşimov “Aprel döyüşləri”ndə göstərdiyi
xidmətlərinə görə general rütbəsi alacaq. Bu, orduda, camaat içində
danışılırdı. Tez evə gəldi, çıxmağı 5-10 dəqiqə çəkdi. O üzünü qırxır,
mən köynəyini düymələyir, uşaqlar ayaqqabısının ipini bağlayırdı... O
zaman cənab Prezident qəbul edəcəkdi, biz çox həyəcanla onu yola saldıq.
Gözləyirdik ki, necə təltif olunacaq. Bu həyəcanı onda yaşamışdıq.
Qürur duymuşdum ki, mənim həyat yoldaşımın xidməti qiymətlədirilir. O
zaman dövlət başçısı ona “İkinci dərəcəli Vətənə xidmətə görə” ordeni
verdi.
2019-cu ildə isə general rütbəsi aldı. Rütbənin təqdimatından sonra mənə
zəng etmişdi. Fərqli hiss idi, əziyyətinin bəhrəsini aldı. Poladın nə
gəncliyi olub, nə rahat həyatı. Ayağındakı yara heç vaxt sağalmadı, elə o
yara ilə də Şəhid oldu. Özü, ailəsi üçün heç nə etməyən insan olub,
ancaq xalq üçün çalışıb. Onun general rütbəsi almasının bizim üçün heç
bir fərqi olmayacaqdı, həyat tərzimizi heç vaxt dəyişmədik. Biz bilirdk
ki, nəsə dəyişməyəcək. Çünki insanın getdiyi bir yol var. Biz bu yolu
sadə, səssiz-səmirsiz hörmətlə gedirdik. Rütbənin bizim həyatımıza
qatacağı şey sadəcə məsuliyyət idi. Bir də onun zəhməti
qiymətləndirilmişdi axı. General rütbəsi alanda çox sevinmişdi. Evə
gəlib qızı ilə uzun-uzadı söhbət etmişdi. Başa salırdı ki, insan necə
zirvəyə qalxa bilər.
- Hərbiçilər adətən səngərdə yaşadıqlarını evdə daşımırlar.
Bəziləri isə öz həyat yoldaşları ilə çox yaxın dost olurlar. Bu baxımdan
Polad Həşimov necə idi?
- Mən onun həm həyat yoldaşı, həm də dostu idim. Dostu idim ona görə ki,
etibarını qazanmışdım. Elə şeylər var idi ki, yalnız mənimlə bölüşürdü.
Açma deyirdisə, açmırdım. Hələ də bildiklərim mənim özümdədir. O şəhid
oldu, ancaq hələ də mən onun həyat yoldaşı kimi bunu davam etdirirəm.
Elə şeylər olurdu ki, danışmasa belə, mən ondan inciməzdim. Müharbə
şəraitində olan ölkə idi. Həm özlərini, həm də Vətəni qorumalı idilər.
Onun sirlərini hələ də qoruyub saxlayıram. Bəlkə zaman gələr, açılmasına
ehtiyac olar, onu bilmirəm, ancaq indi də bu dostluğumuza sadiqəm.
- Polad Həşimov əgərlərinə necə yanaşırdı?
- Bunu insanlar çox müzakirə etdilər, bizim üçün isə adi hal idi. Biz
öyrəncəli idik, Polad Həşimovun maaşının hər qəpiyində əsgərin də haqqı
olub. Baxırdı mən qab-qacağı, paltarı nə ilə yuyuram, onu götürüb
aparırdı ki, əsgərin əlinə yara düşməsin. Olurdu ki, bayram günü, mənə
xoşladığı şirniyyatları bişirtdirirdi, bir də baxırdın, hamısını yığıb
apardı əsgərlərə. Əslində bu, məni də çox xoşbəxt edirdi. Belə məqamlar
bizim üçün adi hal idi. Təsəvvür edirsiniz, Polad Həşimov general olsa
da, onun cəmi bir çəkməsi var idi. Çəkmələrini, isti geyimlərini
əsgərlərə verirdi. Əlində nə olubsa, yerli camaatla, ehtiyacı olanlarla
paylaşırdı. Xatırlayıram, yaşadığımız kəndlərdə tək yaşayan yaşlı
insanlar deyirdilər ki, “komandir xeyriyyəçi insandır, mənim evimin
qapısının, pəncərəsinin təmirinə kömək etsin” və s. Kəndlərdə yolları
abadlaşdırdığı vaxtlar da olub, deyirdi ki, həm buradan camaat istifadə
edir, həm də hərbi maşınlar keçir... Nə yaxşı ki, bu ənənələri bizə
miras buraxdı.
- Övladlarınız necə, onun xarakterini davam etdirə bilirlərmi?
- Onu deyim ki, hər insan Poladın getdiyi yolu gedə bilməz. O elə böyük ürəyin sahibi idi ki...
Amma əlbəttə, övladları onun genini, qanını daşıyır. Onlar öz atalarına
bənzəyirlər. Öz gücləri daxilində imkanı olmayan insanlara həmişə yardım
etməyi düşünürlər. Mən də aldığım maaşdan ehtiyacı olanların payını
ayırıram, uşaqlar da bunu görürlər. Polad Həşimovun övladı ona
oxşamalıdır. Başqa cür ola bilməz. Onun tərbiyəsini alıblarsa, gerisini
düşünmək gərək deyil. Və getdikcə övladlarımın hər birində Poladı
görürəm.
- Siz Şəhid xanımları ilə mütəmadi görüşürsünüz?
- Bəli, zaman-zaman görüşürük. Biri-birimizə yol göstəririk, kömək edirik. Çox yaxşı münasibətlərimiz var.
- Sizi o qədər də sosial aktiv görə bilmirik. Bəlkə siz də Polad Həşimov kimi gördüyünüz işləri göstərməyi xoşlamırsınız?
- Dəqiq elədir. Çox sevmirəm efirlərdə olum. Davranışımı da, danışığımı
da Poladın istəyi ilə tənzimləyirəm. Polad şəhid olanda bir çox
çəkilişlər oldu. O zaman saytlar, telekanallar çox müraciət edirdi. Mən
onların hamısına razılıq versəm, hər gün ekranlarda olardım. Belə olsam,
Polad Həşimovun adını layiqincə qoruya bilməzdim. Polad Həşimovu
yaşatmaq çox danışmaq, çox görünmək deyil. Əlbəttə, onu yaşadan birinci
insan mənəm. Zaman-zaman danışacam, görünəcəm, müsahibələr, çəkilişlər
olacaq. Amma qədərini, vaxtını mən bilirəm ki, onu necə qoruyub yaşatmaq
lazımdır.
- Polad Həşimovun dostu olduğunuzu dediniz. Onun çoxmu dostu var idi, sizin yeriniz dostları arasında harda idi?
- Yanında olan, dəstək verən uşaqlıq, məktəb yoldaşları, həmkəndliləri
idi. Yəni daha çox sadə insanlarla ünsiyyətdə idi. Doğrudur, onun
dostluğunu qazanmaq çox çətin idi, dost zamanla olur. Dostluq
fədakarlıqla, etibarla qazanılır. Polad Həşimov insanlara qarşı sevgi,
hörmət, qayğı ilə dolu idi, amma özünə də yüksək hörməti var idi. Yəqin
ki, Polad Həşimov onun həmişə yanında olduğumu gördü, güvənini qazandım.
Onun dostluğunu qazandığım üçün çox sevinirəm, özümlə fəxr edirəm.
Ümumiyyətlə, biz biri-birimizə çox bağlı idik. Aramızda fərqli bağ
yaranmışdı.
- Mütaliəli xanımsınız, Polad Həşimovu bədii əsərlərdə kimə bənzədirsiniz?
Ardı var...