Cavid Qurbanova yeni vəzifə verildi
Azərbaycan Atletika Federasiyasının növbədənkənar konfransı keçirilib.
Qaynarinfo-nun məlumatına görə, Gənclər və İdman Nazirliyinin
inzibati binasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə
başlanıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov
konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Konfransın gündəliyi təsdiqləndikdən sonra federasiyanın prezidenti
Çingiz Hüseynzadə hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə
hesabat qəbul olunub. Sonra Çingiz Hüseynzadə 1996-cı ildən federasiyaya
rəhbərlik etdiyini qeyd edib və Olimpiya Hərəkatındakı fəaliyyətinə
daha çox diqqət ayırmaq məqsədilə vəzifəsindən istefa verdiyini
bildirib: "Federasiyadan istefa versəm də, idmandan getmirəm".
Səsvermə ilə Ç.Hüseynzadənin istefası qəbul edilib. Sonra
federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Rəqəmsal inkişaf və
nəqliyyat nazirinin müavini Cavid Qurbanov Azərbaycan Atletika
Federasiyasının yeni prezidenti seçilib. C.Qurbanov göstərilən etimada
görə təşəkkür edib və bildirib ki, bundan sonra atletikanın inkişafı
üçün əlindən gələni edəcək. O həmçinin federasiyanın bundan əvvəlki
rəhbərliyinə də ötən dövrdəki fəaliyyətinə görə təşəkkür edib.
Konfransda həmçinin Müşfiq Tukanov və Könül Nurullayeva
vitse-prezident, Şəlalə Yaqubova, Bülənt Karani, Nazim Babayev və Rauf
Qasımzadə İdarə Heyətinin üzvü seçiliblər.