668ec67ae0d1f202407243554
"Buraxın, gedim pulları gətirim"

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər - Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qlobal.net APA-ya istinadən bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Nuridə Seyidova dövlət ittihamçısının suallarını cavablandırıb.

Nuridə Seyidova donorluq haqqında məlumatsız olduğunu bildirib: "Donorluq haqqında yetərli qədər məlumatlı deyildim, bütün işlərdə Aynur Bayramovaya güvənirdim, o, Talassemiya Mərkəzində işləyirdi. Bu işə başlayanda talassemiyalı uşaqlarla çalışacağımı bilmirdim. Xəstələri Aysel xanım gətirirdi, hətta xəstələrə görə Aynur xanımla Aysel xanım arasında mübahisə də olmuşdu. Anamın Bakı şəhərində yerləşən evini satıb bir neçə zərərçəkmiş arasında paylaşdım. Lakin pul ödədiyim zərərçəkmişlərin adlarını xatırlamıram. Məni azadlığa buraxın, gedim pulları gətirim zərərçəkmişlərə ödəyim".

Məhkəmədə məlum olub ki, təqsirləndirilən Aynur Bayramovanın vəkili Zaur Hüseynov bu işə hakim Azad Məcidovun sədrliyi ilə baxılmasını istəmir. O, yazılı şəkildə etirazını elektron məhkəmə sisteminə yerləşdirib. Bu barədə məhkəmədə hakim özü də məlumat verib. Lakin vəkilin etirazı müzakirəyə çıxarılmayıb.

Prosesin gedişatında Aynur Bayramovanın müdafiəçisi onun xəstəliyi ilə əlaqəli ev dustaqlığına buraxılması vəsatətini verib. Məhkəmə vəsatət haqqında zərərçəkmişlərin və təqsirləndirilənlərin fikirlərini öyrənib. Zərərçəkmişlər vəsatətə etiraz edib. Təqsirləndirilən Aysel Məmmədova vəsatətin təmin olunmasına razı olsa da, Nuridə Seyidova narazılığını bildirib.

Müşavirədən sonra məhkəmə Aynur Bayramovanın heç bir zərərçəkmişlə barışıq əldə etmədiyini və ifadələrin tam alınmadığını əsas gətirərək vəsatəti rədd edib.

Sual-cavab prosesindən öncə məhkəmə zərərçəkmiş Solmaz Eyvazovanın vəsatətini proses iştirakçılarına bildirib.

Zərərçəkmiş Solmaz Eyvazova vəsatət verərək Aysel Məmmədovaya ödədiyi 6800 manatı tələb edib.

Məhkəmə zərərçəkmiş zalda olmadığı üçün vəsatətə baxmayıb.

Məhkəmə prosesi iyulun 24-də davam etdiriləcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

10.07.2024 21:47
show 333