Cəmiyyət

Bu xəstəliyin də müalicəsi pulsuz oldu

Koxlear implantasiya eşitmə itkisi olan şəxslərdə eşitmənin bərpası üçün tətbiq olunan ən müasir və effektiv tibbi üsullardan biridir. Əməliyyat anadangəlmə ağır dərəcəli ikitərəfli eşitmə azlığı olan uşaqlara və eşitmə cihazlarından fayda görməyən, ikitərəfli ağır eşitmə itkisi olan şəxslərə icra edilir. Uşaqlarda yaş həddi 5 yaş (nitq qabiliyyəti yoxdur), böyüklərdə isə bu hədd 65 yaş kimi müəyyən edilir. 2025-ci ilin birinci yarısında eşitmə qabiliyyətinin bərpası üçün 66 nəfərə icbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı icra olunub.

Qlobal.net xəbər verir ki, diaqnozu təyin etmək üçün pasiyentlər ilk növbədə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə və ya Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarına müraciət etməlidirlər.

Diaqnozun təyini məqsədilə icbari tibbi sığorta hesabına Bera test, kompüter tomoqrafiyası (KT), maqnit rezonans tomoqrafiyası (MRT) və audiometriya müayinələri aparılır. Diaqnoz təsdiqləndikdən sonra əməliyyatın icrası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) göndəriş əsasında təmin edilir. Əməliyyat tibbi göstərişə və təhlükəlilik dərəcəsinə görə növbəlilik prinsipi ilə həyata keçirilir.

Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, daxili cihaz (implant sistemi) və cihazın yerləşdirilməsindən 1 ay sonra təmin edilən üst cihaz (nitq prosessoru) icbari tibbi sığorta ilə qarşılanır. Məlumat üçün bildirək ki, nitq prosessoru yalnız implantasiya əməliyyatı zamanı quraşdırılır və bu zaman icbari tibbi sığorta ilə qarşılanır. Əməliyyatdan sonrakı dövrlərdə nitq prosessorunun sıradan çıxması və ya yenisi ilə əvəz olunması halları icbari tibbi sığorta təminatına daxil deyil.

Əməliyyatdan sonra pasiyentlər icbari tibbi sığorta çərçivəsində 12 aylıq reabilitasiya dövrünə cəlb olunurlar. Bu müddətdə cihazda 3 dəfə səs tənzimlənməsi təmin edilir, habelə 36 seans loqoped və 36 seans psixoloq xidməti həyata keçirilir. Loqoped və psixoloq əsasən nitq qabiliyyəti olmayan uşaqlar üzərində işləyirlər. Bu zaman loqoped və psixoloq tərəfindən uşaqların eşitmə qavrayışı və nitqi inkişaf etdirilir, davranış, qavrama və ünsiyyət bacarıqlarının gücləndirilməsi üçün işlər aparılır.

Koxlear implantasiya əməliyyatı və reabilitasiya sayəsində eşitmə və danışma məhdudiyyəti olan şəxslər sosial həyata aktiv şəkildə qoşularaq, şəxsi inkişaf imkanlarını genişləndirə bilirlər.

Related Articles

Leave a Reply

Back to top button