Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” istiqaməti üzrə qrant müsabiqəsi çərçivəsində “Müstəqil Nəqliyyatçılar” məsləhət və informasiya İctimai Birliyi “Nəqliyyat vasitələri idarə edən müharibə iştirakçılarının problemləri: həlli yolları və perspektivlər ” adlı layihə həyata keçirir.
Layihə çərçivəsində Qarabağ müharibəsi qaziləri ilə geniştərkibli görüş keçirilib. 90-a yaxın qazinin iştirakı ilə baş tutan görüşdə çıxış edən “Müstəqil Nəqliyyatçılar” məsləhət və informasiya İctimai Birliyinin sədri, hüquqşünaş Ərşad Hüseynov bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd qazilərin maarifləndirilməsi, Dövlət Yol Polisi, sosial müdafiə xidməti göstərən qurumlar və digər aidiyyəti qurumlarla onların görüşlərinin təşkil edilməsi, mövcud problemlər ətrafında fikir mübadiləsi aparılması, hüquqi yardım və eyni zamanda maarifləndirici informasiyaların dərc edilməsi ilə bəzi müharibə iştirakçılarını yanlış fikirlərdən çəkindirmək və cəmiyyətdə yaranmış neqativ fikirləri müsbət istiqamətə dəyişməkdir.
Görüş zamanı qazilərin üzləşdikləri bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Yığılıb qalmış cərimə borcları ucbatından avtomobillərini texniki baxışdan keçirə bilməyən, sürücülük vəsiqələrini dəyişə bilməyən qazilərin problemləri dinləlinib. Layihə çərçivəsində aparılan araşdırmalar nəticəsində xüsusi ərizə forması hazılanıb ki, qazilər bu formanı doldurub və müvafiq qurumlara birgə müraciətlər ünvanlanacaq.
Tədbirdə bir sıra məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb. (avtosfer.az)