"Sertifikasiya imtahanında uğur qazanan müəllimlərimizin əmək haqlarında artımlar olacaq".
Qlobal.net bildirir ki, bu barədə millət vəkili Vüqar Bayramov açıqlayıb.
Millət vəkili qeyd edib ki, istənilən halda əmək haqqı artımı müsbətdir
və davamlı olmalıdır, lakin bununla belə, diferensial əmək haqqı
sisteminin təkmilləşdirilməsi və daha ədalətli mexanizmlər ilə maaş
artımlarına gedilməsi olduqca vacibdir: "Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların
əmək haqqısı 10, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faiz
artır. Sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən 32 min
müəllimdən 8 minin əmək haqqısında 35 faiz artım olacaq. Yəni,
imtahanlarda yüksək nəticə göstərmiş hər dörd müəllimin üçünün maaşı
cəmi 10 faiz artacaq. Yalnız hər dörd nəfərdən birində daha yüksək maaş
artımı olacaq.
Mövcud qaydalar ilə sualların 83.3 faizinə düzgün cavablandıran müəllim
50 faiz doğrusu olan ilə eyni əmək haqqı artımından faydalana bilir.
Yəni, 50 bal toplayan ilə 30 bal toplayanın əmək haqqısında eyni artım
nəzərdə tutulur. Digər tərəfdən, 51 sualı düzgün cavablandıran müəllimiz
35 faiz artımdan yaranlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu
olan pedaqoqumuzun əmək haqqısı 10 faiz artır.
Əslində, 50 bal toplamış müəllimizin 35 faizlik artımdan yararlana
bilməməsi beynəlxalq standartlara uyğun deyil. Çünki, əksər beynəlxalq
formula, o cümlədən Kembric Qiymətləndirmə Modelinə əsasən, onluğun ilk
rəqəmi daha yüksək qiymətləndirmə faizinə daxil edilir. Yəni,
qiymətləndirmə 51-60 və ya 81-90 deyil, 50-60 və ya 80-90 olaraq
götürülür. Bu baxımdan təklif edirik ki, 48 və daha yüksək bal toplamış
müəllimlərimizin əmək haqlarının da 35 faiz artırılmasının maliyyə
tutumu hesablansın və buna müvafiq qaydalara dəyişiklik edilsin".
Vüqar Bayramov son illər təhsilə ayrılan vəsaitin həcmində artımlar qeydə alındığını da diqqətə çatdırıb: "2024-cü ildə də artımlar davam edəcək. Bu sahədə dövlət siyasəti
güclənməkdədir. Belə ki, bu ilin büdcəsindən ən çox vəsait ayrılan
sahələrdən biri təhsildir. Təhsilə ayrılan məbləğ 2023-cü ildə 4 milyard
423 milyon manat təşkil edir Bu da 2022-ci illə müqayisədə 536,5 milyon
manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə
isə 1,3 milyard manat (42,4 faiz) çoxdur. Deməli, dövlət büdcəsindən
ayırmaların artması fonunda diferensial əmək haqqı mexanizmi qənaəti
deyil, daha yüksək nəticələri təşviq etməlidir".