“İşğaldan azad olunan ərazilərimizdə çalışan vətəndaşlarımız
artıq 600 manatlıq birdəfəlik müavinətin alınması üçün müraciət edə
bilirlər. Müavinət proaktiv qaydada təyin edilir. Şəxsiyyət vəsiqəsi ilə
müraciət etmək kifayət edir”.
Qlobal.net xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Deputat qeyd edib ki, sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.
“Bizə ən çox müraciət edilən suallardan biri də 600 manat
birdəfəlik müavinətin kimlərə şamil olunması ilə bağlıdır. Qeyd edək ki,
bu dəstək Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan güzəştlərdən
biridir. Belə ki, Əmək Məcəlləsinə edilən dəyişikliklər ilə işğaldan
azad olunan ərazilərimizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər
üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqinə
artıq başlanılıb. Bu müavinəti peşə, orta ixtisas və ali təhsil
müəssisəsini bitirmiş və son beş il ərzində azı iki il əmək stajı olan
və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında
işləyən işçilər ala biləcəklər.
Bu isə o deməkdir ki, işğaldan azad olunan ərazilərimizdə çalışan və
sadəcə, orta məktəbi bitirənlər həmin müavinətdən istifadə edə
bilmirlər. Aydındır ki, bu müavinətin verilməsində məqsədlərdən biri də
həmin ərazilərimizdə ixtisaslı kadrların axınını stimullaşdırmaqdır.
Bununla belə, həmin ərazilərdə, xüsusən də minaların çoxluğu səbəbindən
risk faktorunun yüksək olduğunu nəzərə alaraq müavinətin Qarabağ və
Şərqi Zəngəzurda çalışan bütün vətəndaşlarımızı əhatə etməsi
məqsədəuyğun olardı. Bu baxımdan təklif edirik ki, sadəcə, orta məktəbi
bitirən vətəndaşlarımız da diferensial olaraq həmin müavinəti almaq
hüququna malik olsunlar. İşğaldan azad olunan ərazilərimizdə çalışan və
sadəcə, orta məktəb bitirmiş vətəndaşlarımız diferensial yanaşma ilə
müavinətin 50 faizi həcmində dəstək, yəni 300 manat almaq hüququna malik
ola bilərlər. Bu, bir tərəfdən, ixtisaslı kadrların stimullaşdırılması
hədəfinin qalmasına, digər tərəfdən isə həmin ərazilərdə çalışan bütün
işçilərin müavinətdən istifadə etməsinə imkan yarada bilər”, - deyə V.Bayramov əlavə edib.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən
mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə
onlara birdəfəlik müavinətin (600 manat) təyin olunmasına başlanıb.