Gələn ildən kənd məktəblərinə işləməyə gedəcək gənc müəllimlərin əməkhaqqına əlavə və stimullaşdırıcı ödənişlər ediləcək.
Qlobal.net xəbər verir ki, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, pedaqoji ixtisaslı ali və orta ixtisas təhsil müəssisələrinin 9,9 mindən çox məzunu kənd rayonlarında yerləşən ümumtəhsil məktəblərinə işə cəlb olunacaq.
Bu məqsədlə 20,1 milyon manat vəsait ayrılması planlaşdırılır. Vəsait gənc müəllimlərin yol və nəqliyyat xərcləri, əmlakın daşınması, yaşayış şəraitinin yaxşılaşdırılması, kommunal və kirayə haqqı kimi ehtiyaclarının qarşılanmasına yönəldiləcək.
Hesablamalara görə, kənd məktəblərində işləyən hər bir gənc müəllim ildə orta hesabla əlavə 2000 manat bonus alacaq. (milli.az)