Cəmiyyət

Bu məşhur “dərman” ürəyin “evini yıxırmış”

Əhali arasında çox istifadə edilən ginseng gözlənilməz bir tibbi vəziyyətin mərkəzinə çevrilib. Kardioloq Dr. Sabri Onur Çağlar 29 yaşında, heç bir ürək xəstəliyi olmayan sağlam bir qadında yüksək dozada ginseng istifadəsindən sonra yaranan yeni başlanğıclı atrial fibrilasiya (AF) halını elmi ədəbiyyata daxil edib.

Qlobal.net milli.az-a istinadla xəbər verir ki, bu hadisə dünya tibbində ginsengin sağlam insanda AF tətikləməsini ilk dəfə sübut edən sənədləşdirilmiş fakt kimi qeyd olunub. “Ginsengin paradoksal aritmiya yaradan təsiri: Sağlam bir yetkin insanda atrial fibrilasiya halı” başlıqlı məqalə European Journal of Case Reports in Internal Medicine jurnalında dərc edilib.

Türkiyədə özəl xəstəxanada yaşanan hadisəyə görə qadın, günlərlə davam edən güclü ürək döyüntüsü şikayəti ilə təcili yardıma müraciət edib. O, yorğunluğu aradan qaldırmaq üçün iki ay boyunca gündə 2 dəfə 500 mq qırmızı ginseng kapsulu qəbul etdiyini bildirib.

Təcili yardımda çəkilən EKQ nəticəsində ürək döyüntüsünün dəqiqədə 123 atımla nizamsız şəkildə döyündüyü müəyyən edilib və ona ciddi ritm pozuntusu – Atrial Fibrilasiya (AF) diaqnozu qoyulub.

Həkimlərin müdaxiləsi ilə xəstənin ürək ritmi bərpa edilib və ginseng istifadəsi tamamilə dayandırılıb. Tiroid funksiyası, elektrolit balansı və struktur ürək xəstəlikləri də daxil olmaqla bütün müayinələr normal nəticələnib. Mütəxəssislər AF-i tetikleyen yeganə amilin ginseng olduğunu bildirir.

Dr. Sabri Onur Çağlar ginsengin adətən “ürəyə faydalı” bitki əlavəsi kimi tanındığını, lakin bu hadisənin tam əksini sübut etdiyini bildirib: “Bu, paradoksal və təhlükəli təsirdir. Ginsengin pro-aritmik, yəni ritm pozucu potensialı olduğunu görürük. AF ilə gələn hər bir xəstədən bitki tərkibli məhsullardan istifadə edib-etmədiyi soruşulmalıdır.”

Qadının ginseng istifadəsini dayandırdıqdan sonra tam sağalması, mütəxəssislərə görə problemin mənbəyinin məhz bu bitki əlavəsi olduğunu təsdiqləyir.

Nəzarətsiz istifadəsi gənc və sağlam insanlarda belə ciddi ritm pozuntularına səbəb ola bilər.

Döyüntü, ürək sıxılması və ya nəfəs darlığı yaşayan hər kəs istifadə etdiyi əlavələri həkiminə bildirməlidir.

Bu səs-küylü hadisə, “təbii” olduğu üçün təhlükəsiz hesab edilən məhsulların belə yanlış dozada qəbul edildikdə həyat üçün risk yarada biləcəyini bir daha göstərib.

Related Articles

Leave a Reply

Back to top button