İqtisadiyyat

Bu məhsulların qiyməti artacaq – Bahalaşma olacaq

“Payız mövsümündə yağıntıların azalması Azərbaycanda kənd təsərrüfatı üçün ciddi risklər yaradıb”.

Bunu iqtisadçı Akif Nəsirli “Yeni Sabah”a açıqlamasında bildirib. Onun sözlərinə görə, su çatışmazlığı artıq təkcə iqlim deyil, həm də iqtisadi və sosial təhlükəsizlik məsələsinə çevrilib:

“Az yağıntı torpağın üst qatında rütubətin azalmasına gətirib çıxarır. Bu isə payızlıq buğda və arpa kimi taxıl bitkilərinin cücərməsini zəiflədir. Eyni zamanda, yaz əkinlərinə – pambıq, tərəvəz və qarğıdalı kimi bitkilərə də mənfi təsir göstərir, çünki torpağın su tutumu aşağı səviyyədən başlayır. Ümumilikdə, 2025-ci ilin məhsul dövründə məhsuldarlığın 10-20 faiz azalması riski yaranır”.

Ekspert qeyd edib ki, az yağış fermerlərin suvarma suyuna tələbatını artırır:

“Hazırda su anbarlarının səviyyəsi ötən illə müqayisədə azalma trendindədir. Kür və Araz çaylarının axımı zəiflədiyindən kanal sistemlərində təzyiq aşağı düşür. Nəticədə suvarma xərcləri artır, xüsusilə Aran və Cənub bölgələrində məhsul itkisi riski böyüyür”.

Akif Nəsirli bildirib ki, yağıntıların azalması heyvandarlıq sektoruna da mənfi təsir göstərir:

“Otlaq sahələrinin bərpası çətinləşib, ot məhsuldarlığı aşağı düşür. Bu, yem qıtlığına və yem qiymətlərinin bahalaşmasına səbəb olur. Nəticədə ət və süd məhsullarının qiymət artımı qaçılmaz ola bilər”.

İqtisadçının sözlərinə görə, az yağıntı həm də torpaq eroziyası və ekoloji riskləri gücləndirir:

“Yağış azlığı və küləkli hava torpağın eroziyaya uğramasına, duzlaşma və bərkimiş qatların yaranmasına şərait yaradır. Bu, uzunmüddətli perspektivdə kənd təsərrüfatı torpaqlarının keyfiyyətini aşağı sala bilər”.

Ekspert əlavə edib ki, yaranan vəziyyət sosial və iqtisadi təsirlərə də yol aça bilər:

“Fermer gəlirləri azalarsa, kənd əhalisinin sosial rifahı pisləşəcək. Ərzaq istehsalında azalma daxili bazarda qiymət artımı ilə nəticələnə bilər. Bu baxımdan dövlət subsidiyaları və su təsərrüfatına dəstək proqramlarına tələbat daha da artacaq”.

O,  vurğulayıb ki, mövcud şəraitdə su ehtiyatlarının idarə olunması və qənaət mexanizmləri strateji önəm daşıyır:

“Damcı suvarma sistemlərinin genişləndirilməsi, su anbarlarının səmərəli idarə olunması, su qənaət texnologiyalarına keçid və dövlət-fermer əməkdaşlığının gücləndirilməsi artıq zərurətə çevrilib. Əks halda, iqlim dəyişiklikləri fonunda kənd təsərrüfatı məhsuldarlığının azalması davamlı problem halını ala bilər”.

Related Articles

Leave a Reply

Back to top button