photo_85867952

Bu gün "Son zəng" çalınacaq

Bu gün Azərbaycanda 2021/2022-ci dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq.

Qlobal.net xəbər verir ki, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunmalıdır.

Tədbirdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 133 422 nəfər, XI siniflərini 91 188 nəfər şagird bitirəcək. IX sinfi bitirənlərdən 61 400 nəfəri qız, 72 022 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 005 nəfəri qız, 49 183 nəfəri oğlandır.

2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərində fəaliyyət göstərən 5896 məktəbəhazırlıq qrupunu 100 529 nəfər uşaq başa vurub.

14.06.2022 08:57
show 284