brilyant

Brilliant Dadaşova kimdir? – Çelentano ilə duet oxuyan, yaşı bilinməyən azərbaycanlı

Lent.az “Bioqrafiya” rubrikasında Xalq artisti Brilliant Dadaşovanın həyatından bəhs edir.

-  Brilliant Dadaşova harada və nə zaman anadan olub?

Brilliant Dadaşova 15 sentyabr 1965-ci ildə (bəzi mənbələrə görə 1959-cu ildə) Bakı şəhərində anadan olub.

- Onun ailəsindən hansı məşhur incəsənət xadimləri çıxıb?

Brilliant Dadaşovanın anası avtomobil qəzasında həlak olmuş məşhur Azərbaycan qarmon ifaçısı Qızxanım Dadaşovadır. Lalə, Sədaqət, İradə adlı üç bacısı var. Bacıları da müğənnidir. Xalq artisti, aktyor Məlik Dadaşov Brilliant Dadaşovanın əmisi, Xalq artisti Rafael Dadaşov əmisi oğludur. Rafael Dadaşov həm də onun bacısı Sədaqətin həyat yoldaşı idi. Cütlük boşandıqdan sonra ailədə buna görə ikitirəlik və küsülülük yaşandı. Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşova boşanmadan sonra öz anası və xalaları ilə münasibəti dayandırıb. “Bacım Sədaqətin əmim oğlu Rafael ilə ailə qurmasına nə atam, nə də əmim razı olub. Çünki deyirdilər hər ikisi ərköyün, inadkardır. Bir-biri ilə yola getməzlər. Onlar heç kimi dinləməyib evləndilər. Evləndikdən sonra doğurdan da heç yola getmədilər. Tez-tez münaqişələr yaşanırdı. O günlərdə atamla əmimi bu vəziyyət çox narahat etmişdi. Onların dərdləşməsindən bütün qohumlar danışırdı”,- deyə müğənni bu barədə bildirib.

- Brilliant Dadaşovanın musiqi karyerası necə başlayıb?

Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlanıb. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə çıxıb.
1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırırlar və bu mahnı Azərbaycanda çox məşhur olur. Həmin ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxır. 1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görür. Qısa müddətdə hitə çevrilən "Bayatılar" mahnısı Brilliantdan sonra Sezen Aksu, Edvvard Maya, Keti Garbi, Reno, Levent Yüksel, Monika Salmaso, "Brazilian girls", "N Dubz", DJ Brizi və Eusebio Belli və başqa dünya ulduzları tərəfindən yüzlərlə verisyada ifa olunub.

1991-ci ildə Brilliant Dadaşova Yaşıl Teatrda ilk solo konsert proqramı ilə çıxış edib. 1993-cü ildə dövlət televiziyasında "Bu axşam" proqramının aparıcılığını etməklə Azərbaycanda ilk aparıcı müğənni olub. Həmin il müğənninin "Azərbaycanın səsi" adlı ilk albomu işıq üzü görüb. 1994-cü ildən müğənni indiki Heydər Əliyev adına Sarayda ilk böyük solo konsert proqramı ilə çıxış edib.
Brilliant Dadaşova Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlərdə uğurla təmsil etməyə başlayıb. Sovet İttifaqı dağıldıqdan sonra Rusiyada solo konserti ilə çıxış edən ilk Azərbaycan müğənnisi məhz Brilliant Dadaşova olub. 2008-ci ildə Brilliant Dadaşova Azərbaycanın Xalq artisti fəxri adına layıq görülüb.
2021-ci ildə Adriano Celentano ilə birgə Per Sempre mahnısını yazdırıb.

- Brilliant Dadaşova vəzifə daşıyıb?

Brilliant Dadaşova 1999-cu il bələdiyyə seçkilərində qalib gələrək Bakı şəhəri Səbail bələdiyyəsinə üzv seçilib. 
- Brilliant Dadaşova ailəlidir?

Bəli. Həyat yoldaşı Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevdir, Cahad adlı bir oğlu var.

- Brilliant Dadaşova plastik əməliyyat etdirib?

Yanaqları, dodaqlarında toxunuşlar etdirib, üzgərdirmə prosedurundan keçib. Formasını isə dietlə qoruyur. Dediyinə görə, bir kotlet və ya bir şəkərburadan artıq kalorili yemək qəbul etmir.

- Brilliant Dadaşova toylara gedir?

Bəli. Ölkənin toy bazarında ən tələb olunan müğənnilərdən biridir. Həm yarım saatlıq, həm də bütöv toy idarəçiliyini qəbul edir.

- Brilliant Dadaşovanın toy qonorarı nə qədərdir?

Bütöv toyu 8000 min manata idarə edir. Öz ansamblı var.

- Ötən əsrdə sənətçilər daha çox mahnıları, klipləri ilə gündəm olurdu, indi yedikləri, içdikləri, hərəkətləri, geydikləri, aldıqları ilə gündəm olur. Belə mühitdə ayaqda qalmaq Brilliant Dadaşova  üçün çətindir?

 O bu suala belə cavab verib: Bəli “yalnız brend geyinirəm” deyənlər, səhnədə səs əvəzinə akrobatik hərəkətlərin nümayişi ilə diqqət çəkənlər, pulla mükafat alanlar, pulla təbliğat qurub, başqasını gözdən salanlar, pulla özünü təriflədənlər və buna bənzər hər şey... Belə bir mühitdə biz də iki-üç nəfər sənəti, estrada musiqisini yaşatmağa çalışırıq.

- Brilliant Dadaşova sosial şəbəkələrdə aktivdir?

Bəli. O, bir müsahibəsində bununla bağlı belə demişdi: “Əslində, mən sənətimi sevən, mahnılarımla yaşayan, musiqimlə sevinib, kədərlənən insanlarla ünsiyyətdə olmağı, onlara diqqət etməyi xoşlayıram. Ümumiyyətlə, təbiət etibarilə dialoqu çox sevirəm. İnstaqram və Feysbuk bizə heç tanımadığımız şəxslərlə ünsiyyət qurmaq imkanı yaratdı. Yaxşı hisslər elə gözəl emosiyalar bəxş edir ki, insan bu hissləri ifadə etməkdən həzz alır. Uzun illərdir, bu qədər, çoxu da ahıl yaşda olan tamaşaçı ordusunun sevgisi ilə yaşayıram. Bəli, təhqir, şər-böhtan yazan istifadəçilər də var. Biganəlik insana qarşı ən qorxunc münasibətdir. Düşünürəm ki, onları da diqqətsiz qoymaq olmaz .Çünki o insanların sayəsində həyatı öyrənirik. Həyatın qəddar, acımasız üzünü görürük”

03.07.2024 05:23
show 1227