boşanma
Boşanma zamanı əmlak necə bölünür: Kredit və borcları kim ödəməlidir?

Azərbaycanda boşanma zamanı əmlak bölgüsü qanunvericiliklə tənzimlənir və əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsaslanır.

Qlobal.net xəbər verir ki, boşanma zamanı əmlakın bölgüsü ilə bağlı əsas prinsiplər və qaydalar aşağıdakı kimidir:

Boşanma zamanı tərəflər arasında birgə əmlakın müəyyən edilməsi vacibdir. Birgə əmlaka nikah dövründə əldə edilmiş bütün əmlakidir:

Ər-arvadın ümumi birgə mülkiyyətinə nələr daxildir?

 -onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər;

aldıqları pensiya və müavinətlər;

- xüsusi təyinatı olmayan digər pul ödəmələri.  

Xüsusi təyinatı olmayan digər pul ödəmələrinə aiddir:

Şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.

Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

Ər-arvadın hər birinin mülkiyyəti

Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

Əmlakın bölgü qaydaları

1. Razılaşma yolu ilə: Tərəflər qarşılıqlı razılıq yolu ilə əmlakın bölgüsünü həyata keçirə bilərlər. Bu halda, onlar notarial qaydada təsdiqlənmiş müqavilə bağlaya bilərlər.

2. Məhkəmə yolu ilə: Tərəflər arasında razılaşma əldə edilmədikdə, məhkəmə yolu ilə əmlakın bölgüsü həyata keçirilir. Məhkəmə ədalətli bölgünü təmin etmək üçün hər bir tərəfin payını nəzərə alır. Əsasən birgə əmlak bərabər olaraq (50/50) bölünür. Lakin, müəyyən hallarda (məsələn, uşaqların kiminlə qalacağı, hər bir tərəfin maddi durumu və s.) məhkəmə daha fərqli bölgü qaydasını tətbiq edə bilər.

Nikah dövründə götürülmüş kreditlər və borclar da bölünməyə daxil edilir. Onlar birgə əmlakın bölünməsi ilə bağlı qərarda nəzərə alınır.

Məhkəmə qərarlarında uşaqların maraqları ön planda tutulur. Uşaqların saxlanılması üçün lazım olan şərait təmin edilməlidir və bu, əmlak bölgüsü zamanı nəzərə alınır.

Məsələn, birgə istifadə olunan ev bölünərkən, əgər mümkün olarsa, hər bir tərəfə evdən müəyyən pay verilir. Əgər ev bölünməzdirsə, məhkəmə qərarı ilə satılması və əldə olunan vəsaitin bölünməsi təmin edilə bilər.

Əgər uşaqların saxlanılması üçün aliment təyin edilibsə, bu, əmlak bölgüsünə təsir edə bilər.

Məhkəmə əmlak bölgüsü ilə bağlı qərar verərkən həm maddi, həm də qeyri-maddi (məsələn, emosional zəmin) faktorları nəzərə ala bilər.

21.05.2024 21:09
show 316