"Biz görüşmürük..." - İsa Qəmbər oğlunun qalmaqallı paylaşımından danışdı
"İlkinin 40-a yaxın yaşı var, yetkin insandır. Öz addımlarına
görə məsuliyyət daşıyır. İlkinin mövqeyində, fikirlərində az məqamlar
var ki, mən onunla razı deyiləm”.
Qlobal.net xəbər verir ki, bu fikirləri "Laf TV”-nin efirində
tanınmış siyasətçi İsa Qəmbər oğlu İlkin Qəmbərin məlum tvitinə
münasibət bildirərkən deyib.
İ.Qəmbər 7-8 ildir ki, oğlu ilə görüşmədiyini qeyd edib: "Uzun
illərdir bu kimi məsələləri üz-üzə oturub müzakirə etmək imkanımız
yoxdur. İlkin uzun illərdir Kanadada yaşayır. Orada bir neçə
azərbaycanlı ilə birgə yutub kanalı ("Kings and Generals") açıblar,
tarixi filmlər çəkirlər. Yüzlərlə tarixi filmlər çəkiblər. Təsəvvür
edin, bir neçə istedadlı azərbaycanlının yaratdığı kanal yutubda ən
populyar tarix kanallarından biridir. 3 milyona yaxın abunəsi var.
Çəkdikləri filmlər arasında ən qədim dövrdən tutmuş bu gün
Rusiya-Ukrayna savaşına, Azərbaycanla, Türk dünyası ilə, Türkiyənin
apardığı müharibələrlə bağlı çoxsaylı filmlər var. Mən sözün düzü, çox
izləmirəm, haqqında söhbət gedən filmi də izləməmişəm. Amma soyqırımla
bağlı ("Erməni soyqırımı” – red.) tamam səhv mövqedədirlər. Mənə və
bütün məsuliyyətli insanlara aydındır ki, heç bir soyqırım olmayıb.
Ermənilər Birinci Dünya müharibəsi illərində Rusiya ilə Osmanlı arasında
gedən savaşda Rusiyaya xidmət göstəriblər, fürsətdən istifadə edib
yerli əhaliyə qarşı hücumlar təşkil ediblər, qırğınlar törədiblər.
Osmanlı dövləti də özünü, əhalisini qorumaq naminə qərarlar qəbul edib,
bunlardan biri də onların ordan ixrac edilməsi ilə bağlı olub. Təəssüf
ki, bəzi insanlar təbliğatın altına düşürlər, yanlış mövqedə dururlar.
Mənim üçün soyqırımla bağlı paylaşım gözlənilməz oldu. Filmlə bağlı heç
nə deyə bilmərəm, çünki baxmamışam. Orda böyük bir kollektiv işləyir,
yüzlərlə filmlər çəkilir, hamısı müzakirələr əsasında. Kanal çox inkişaf
edib, yaxşı tribunadır, amma görünür, İlkin, eləcə də bəzi gənclərlə bu
mövzular ətrafında söhbət etməyə ehtiyac var”.
İ.Qəmbər 40 ilə yaxın müddət bundan əvvəl Zori Balayana, erməni
yalanlarına qarşı yazdığı kitabı xatırladıb. O, ermənilərin uydurma
tarixindən, siyasətindən bəhs edib. Bildirib ki, zamanında ermənilər
regiona Osmanlıya qarşı bir silah kimi gətirilib: "Bəziləri yazır ki,
bizim dolmamızı, musiqimizi oğurladılar, amma məsələ ondadır ki,
ermənilər bizim tariximizi oğurlayıblar. Tarixin ermənilərə aid edilən
bir çox məqamları onlara aid deyil, bölgədəki türk amilinə bağlı
gerçəklərdir. Avropa təxminən 17-ci əsrin sonundan bu mövzunu qabartmağa
başlayıb, elə bir hala gətirib ki, bu uydurmalara erməni xalqı inanmağa
başlayıb. Əslində ortada heç nə yoxdur, amma o qədər təkrarlanıb ki,
buna inanıblar. Erməni adının onlara dəxli yoxdur, onların adı hay-dır.
Məncə, erməni adının özü qədim türk tayfalarından biri olub, zaman-zaman
mənimsəyiblər. Eyni zamanda bu qondarma genosid haqda o qədər yalan
danışıb, təbliğat aparıblar ki, xüsusən Avropada yaşayan insanlar üçün
həqiqətə çevrilib".