müharibə
30.11.2022
10:39
354

Bir həftə sonra qlobal fəlakət olacaq

Qarşıdurma və qeyri-sabitlik mərhələsinə qədəm qoyan qlobal neft bazarının çöküşü yaxınlaşır.

 Qlobal.net xəbər verir ki, bu barədə "Financial Times” (FT) nəşrinin araşdırmasında deyilir.

Nəşr yazır ki, Ukraynada müharibənin 9-cu ayında artıq dünya güclərinin enerji sahəsində əməkdaşlığı, sadəcə xatirədir.

"Moskva aylardır təbii qaz tədarükü ilə Avropanı şantaj edir, indi isə aktiv şəkildə Ukraynanın elektrik şəbəkəsini sıradan çıxarmağa cəhd edir. İstehlakçı ölkələr arasında rəqabət alovlandı: onlar qıt enerji ehtiyatlarını bölüşməyə çalışırlar. Səudiyyə Ərəbistanı ilə ABŞ arasında neft sektorunda uzun illər davam edən münasibətlərdə çatlar yaranıb. Hətta Co Bayden tədarük zəncirinin qorunması üçün yeni bir döyüşdən bəhs edirlər”, - məqalədə deyilir.

FT qeyd edir ki, gələn həftə Avropanın Rusiya neftinin dənizdən daşınmasını əngəlləməsi ilə qlobal neft bazarında köhnə nizamın ölümü baş verəcək: "Bu, Putinin Ukraynadakı qəddar müharibəsinə ən sərt cavablardandır. Yeni sanksiyalarla Qərb dövlətləri Rusiya neftinin qiymətini məhdudlaşdırmağa çalışacaqlar. Heç kim bu tədbirlərin nə qədər dağıdıcı olacağını müzakirə etməyi öhdəsinə götürməyəcək. Fevralın 24-də Putinin qoşunlarının Ukrayna sərhədini keçməsindən sonra tətbiq edilən sanksiyalar nə Rusiyanın neft ixracına, nə də gəlirlərinə ciddi təsir göstərə bilməyib. Lakin Rusiya neftinin qiymətinin Moskvanın geosiyasi rəqibləri tərəfindən müəyyən ediləcəyi prinsipi dünya neftinin 10 faizdən çoxuna malik olan Səudiyyə Ərəbistanı ilə birlikdə OPEC+ dövlətlərini alçaltmaqdır”.

Moskva artıq bu məsələni OPEC+ ilə müzakirə etməyə hazırlaşır: Rusiya baş nazirinin müavini Aleksandr Novak Avropanın embarqo planı və qiymət həddi qüvvəyə minməmişdən bir gün əvvəl növbəti OPEC+ toplantısında Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salmanla görüşəcək;
Ətraflı

Enerji mütəxəssisləri hesab edirlər ki, qarşıdakı günlər neft bazarı və hələ də xammaldan çox asılı olan dünya iqtisadiyyatı üçün təhlükəli dövrdür. Son bir ildə geosiyasi normalar sarsılıb, onilliklər ərzində yaxşı işləyən tədarük zəncirləri sıradan çıxıb.

FT yazır ki, Rusiyanın Avropa bazarı ilə əlaqələrini kəsmək istəyini, yaxud ABŞ-ın sərt müqavimətinə baxmayaraq, Səudiyyə Ərəbistanının ötən ay gündəmə gələn neft tədarükünü kəsmək qərarı haqda yenidən düşünməsi qlobal bazarın iflası üçün yetərlidir.

Lakin nəşr qeyd edir ki, istehlakçı ölkələr də boş oturmayıblar: məsələn, benzinin qiymətini aşağı salmaq üçün ABŞ-ın neft ehtiyatlarını buraxmaq qərarı və Qərbin öz iqtisadiyyatından Rusiya enerjisini sıxışdırmaq cəhdləri var.

Amerikalı analitik Rocer Divan hesab edir ki, baş verənlər tektonik dəyişikliklərdir.

"Qobal bazarlar magistral xətlər üzərində qurulmuşdu, təbii qaz Rusiyadan Avropaya, neft və qaz isə Yaxın Şərqdən Asiyaya axır. İndi dəyişiklikləri təsəvvür etmək çətindir. Bizi qarşıdurma və qeyri-sabitlik gözləyir”, - analitik qeyd edir.

Qeyd edək ki, qlobal neft bazarında gözlənilən çətinlik neft istehsalçısı olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Qlobal böhran bizə də təsir edə bilər, lakin böhranın yeni fürsətlər yaratması da istisna deyil. Rusiy neftindən, ümumilikdə enerji resurslarından asılılığı azaltmaq istəyən Qərb üçün Azərbaycanın önəmi daha da arta bilər. (Azmedia.az)