Paytaxtın Biləcəri qəsəbəsində yaşayan vətəndaşlar qeyri-adi halla qarşılaşıblar.
Belə ki, qəsəbənin bir çox ərazilərində ağaclarda və müxtəlif bitki örtüklərində kütləvi şəkildə tırtıllar peyda olub. Vəziyyət o yerə gəlib çatıb ki, kütləvi yayılan həşəratların varlığı vətəndaşları həm yaşıllığın məhvi ilə bağlı, həm də öz sağlamlıqları ilə bağlı narahat etməyə başlayıb.
Bu barədə redaksiyamıza daxil olan şikayətlərdə iddia olunur ki, vətəndaşların dəfələrlə aiddiyyatı qurumlara müraciət etməsinə baxmayaraq, problemin həlli üçün bir tədbir görülmür.
AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Referans.az-a açıqlamasında bu cür hallarda görülməli olan tədbirlərdən danışıb.
“Bakıda yaşıllığı məhv eləmək böyük cinayət hesab olunmalıdır. Bakının yaşıllığına elə divan tutulub ki, mən inanmıram ki, burada yaşayan əhali gələcəkdə uzun illər boyu normal bir həyat sürə bilsin. Bildiyiniz kimi, Bakı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tərtib olunmuş ən çirkli şəhərlər siyahısındadır. Həm atmosfer baxımından, həm də bitki örtüyünün üzərinə tökülən töküntülər və s. Buna görə də qorumaq, diqqətli olmaq lazımdır”.
Mütəxəssis bildirib ki, məsələ ilə bağlı vətəndaşlar mütləq şəkildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fitosanitar Nəzarəti Xidmətinə müraciət etməlidirlər.