Bəxtiyar Vahabzadə əslində kimin üzünə tüpürmüşdü? - HƏQİQƏT
Tanınmış dramaturq Firuz Mustafa mərhum Xalq şairi Bəxtiyar Vahabzadə
haqqında maraqlı bir xatirə danışıb. Firuz
Mustafanın sözlərinə görə, çoxlarının bildiyi kimi, 1990-cı ilin 20
Yanvar hadisələrinə görə Bəxtiyar Vahabzadənin AzTV-nin qarşısında üzünə
tüpürdüyü general əslində Bakının o zamanki komendantı Dubinyak
olmayıb.
“20 Yanvar hadisələrinə görə Bəxtiyar Vahabzadənin
AzTV-nin binası qarşısında üzünə tüpürdüyü general Dubinyak yox,
Ovçinnikov idi. Amma bəzi jurnalistlər bir az səhvə yol verirlər. Məsələ
burasındadır ki, elə Bəxtiyar müəllim özü də söhbətlərində, habelə,
yayımlanan məşhur lentdə Dubinyakın üzünə tüpürdüyünü deyir.
Mən
bir dəfə kiçik bir məclisdə bunu Bəxtiyar müəllimin özünə də dedim. O,
mən deyəni təsdiq edib bildirdi ki, “nədənsə Ovçinnikovun yox, bu alçaq
Dubinyakın adı qalıb yadımda”.
Mən zarafatla dedim: "Bəxtiyar
müəllim, görünür bu "Dubinyak" adı "Dubinka" sözünə oxşadığına görə daha
yaddaqalandır". O, gülərək: "Yəqin ki, elədir"-dedi”.
Məşhur
teleoperator, polkovnik-leytenant Seyidağa Mövsümlü Bəxtiyar
Vahabzadənin rus generalın üzünə tüpürdüyü hadisəni belə xatırlayır: "Yanvarın
19-da televiziyada növbətçi idim. Bizə demişdilər ki, Azərbaycan KP
MK-nın ikinci katibi Viktor Polyaniçko və Etibar Məmmədov xalqa məlumat
verəcəklər. Saat 8-ə 5 dəqiqə işləmiş dövlət televiziyasının enerji
bloku Moskvadan gəlmiş xüsusi təyinatlı “Alfa” qrupu tərəfindən
partladıldı. Sovet-rus əsgərləri televiziyanın giriş-çıxış qapılarını
tutmuşdular. Partlayışdan bir qədər sonra əraziyə yanğınsöndürən və
təcili tibbi yardım maşınları gəldi. Saat 11 radələrində hökumət
nümayəndələri Rasim Daşdəmirov, Rafiq Zeynalov və digərləri televiziyaya
gəldilər. Elektriklərimiz dedi ki, ehtiyat enerji bloku var, onu işə
salıb efirə çıxmaq olar. Maraqlıdır ki, həmin gün televiziya
rəhbərlərindən heç kəs qalmamışdı orada...
Artıq gecə saatlarında
bizə məlumat gəldi ki, rus əsgərləri camaatı qırır. Vəziyyət pis idi.
Dövlət televiziyasının işıq sexinin rəisi Arif Zamanov dedi ki, radio
ilə efirə çıxmaq olar. Operator köməkçisi Azər Muradovla efirə çıxdıq.
“Mayak” radiosunun dalğasında xəbər yaydıq ki, Bakıda xalqı qırırlar,
vəziyyət ağırdır! Hadisə mənə pis təsir etmişdi, qəhərlənmişdim, danışa
bilmirdim...
...Bəziləri elə bilir ki, həmin vaxt Mirzə Xəzər
məlumat yayırdı. Amma biz idik. Məlumatı verəndən beş dəqiqə sonra
əraziyə xeyli silahlı əsgər gətirdilər. Bizi tutdular. Hamımızı yerə
uzandırdılar. Sənədlərimizi yoxladılar. Səhərə yaxın Dubinyak (həmin gün
Bakı şəhərinin hərbi komendantı təyin edilib - red.) və Bakıya
yeridilən “Alfa” qrupunun rəhbəri general Ovçinnikov televiziyaya
gəldilər. Onları müşayiət edən kapitan isə erməni idi. Dedilər ki, radio
ilə çıxış etməlidilər. Dedim ki, enerji bloku partlayıb, necə çıxış
edəcəksən? Erməni qışqırdı ki, "səsini kəs, siz türklərin hamısını
qırmaq lazımdır!". Qalxdılar yuxarı. Həmin gün ilk dəfə Dubinyakın
məlumatı oxundu.
Yanvarın 18-dən kameralar olan otaqlar bağlı
idi. Televiziyanın proqram direktoru Məmmədəli Zülfüqarov qoymurdu
kamera götürməyə. Yalnız ayın 20-də televiziyanın sədr müavini Fuad
Tanrıverdiyevin köməkliyi ilə bir kamera ala bildim. Həmin gün
xəstəxanaları, küçələri çəkməyə başladım... O zaman kasetlərin çoxunu
faciə ilə bağlı film hazırlamaq istəyən kinostudiyanın direktoru Ramiz
Fətəliyevə verdim. Komitəyə qayıdanda gördüm ki, millət yığışıb ora.
Əksəriyyəti qohum-əqrəbasını axtarırdı. Bir azdan Xalq şairi Bəxtiyar
Vahabzadə gəldi ora. O, dedi ki, Ali Sovetin sessiyasını çağırmaq
istəyir. Bu zaman general Ovçinnikov və həmin erməni zabiti bizə
yaxınlaşdı. Bəxtiyar müəllim soruşdu ki, bu kimdir? Dedim xalqımızın
qanını tökənlərdən biridir! Bəxtiyar müəllim qəzəblə Ovçinnikovun üzünə
tüpürdü! Rus generalı üzünü silə-silə soruşdu ki, kimdir bu? Rejissor
Nazim Abbas dedi ki, Azərbaycanın Xalq şairidir. Ovçinnikov onda dedi
ki, “əgər adi bir insan olsaydı, bu dəqiqə burada güllələyərdim!”. Həmin
gün Bəxtiyar müəllim radioda çıxış etdi.
Bəxtiyar müəllim radio
ilə elan etdi ki, yanvarın 21-i axşam Ali Sovetin fövqəladə sessiyası
çağırılır, bütün deputatlar gəlib iştirak etsinlər. Yanvarın 21-i mən
Xalq artisti Zeynəb Xanlarovanın verdiyi kamera ilə çəkiliş aparıb, Ali
Sovetin sessiyasını, şəhidlərin dəfnini çəkdim”... (Modern.az)