Böyük Britaniya alimləri "Bermud üçbucağı"nın sirrini tapıblar.
Qlobal.net xəbər verir ki, alimlərin qənaətinə görə, "Bermud üçbucağı"nda
gəmilərin yox olmasının səbəbi hündürlüyü 30 metrə qədər çatan "qatil
dalğalar" ola bilər.
Belə qənaətə laboratoriya şəraitində sınaq keçirən Sautqempton
Universitetinin alimləri gəliblər. Alimlər bildirirlər ki, üç güclü
fırtınanın toqquşması nəticəsində yaranan dalğalar hətta böyük gəmini
iki yerə parçalaya bilər.
"Bermud üçbucağının tapmacası" adlı sənədli filmdə laboratoriya
şəraitində modelləşmənin köməyi ilə "eybəcər dalğalar" effekti yenidən
canlandırılıb. Cəmi bir neçə dəqiqə davam edən təbii hadisə Cənubi
Afrikanın sahilində 1997-ci ildə peyklərin köməyi ilə qeydə alınmışdı.
Dalğalardan bəziləri 30 metr hündürlüyə çatırdı.
Tədqiqatçıların komandası "Siplop" gəmisinin modelini tikiblər. Böyük
gəmi 1918-ci ildə 300 sərnişinlə Bermud üçbucağında itmişdi.
Yer kürəsi və okeanların tədqiqatçısı Saymon Boksollun sözlərinə görə,
Atlantik okeanın bu regionunda müxtəlif tərəflərdən hərəkət edən üç
güclü fırtınanın toqquşmaları olur və "qatil dalğalar"ın yaranması üçün
mükəmməl şəraiti yaradır. Alim inandırır ki, belə dalğalar "Siklop" kimi
gəmini iki yerə bölə bilər.
"Əgər bu baş verəcəksə, gəmi iki-üç dəqiqədən sonra batacaq", - ekspert dəqiqləşdirib.
Qeyd edək ki, "Bermud üçbucağı" Atlantik okeanın şimalında Mayami,
Bermud adaları və Puerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi
üçbucaq ərazidir. Təqribən 1,2 milyon kvadrat kilometr sahəni tutur.
İndiyə kimi "Bermud üçbucağı"nda 200-ə yaxın qəza baş verib, 8127 nəfər
itkin düşüb. /Publika.az