64291c46d5918202304231014

Belə “manıs”lara niyə pul xərcləyirlər? - Əbdül müğənni Nəfəsi BİABIR ETDİ

Müğənni Nəfəsin "7 Canlı" verilişində etdiyi son açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

İfaçı efirdə avtomobil idarə edərkən təhlükəsizlik kəmərindən az istifadə etməsindən və bu qayda pozuntusuna görə tez-tez cərimələndiyindən ağız dolusu danışıb.

Təbii ki, onun bu fikirləri birmənalı olaraq ictimai qınağa tuş gəlib. 

Qlo bal.net xəbər verir ki, Bizim.Media-ya açıqlamasında məsələyə münasibət bildirən Xalq artisti Əbdül Mahmudov bildirib ki, Nəfəsin belə danışmasının günahı birinci xalqda, ikincisi isə televiziyalardadır: "Adamlar balasının boğazından, gündəlik yemək-içməyindən kəsib illərlə pul yığıb toy edirlər. Toyda da yığılan pulun yarısını şadlıq evinə, yarısını da "manıs"lara verirlər. Hətta toydan borcla çıxanlar da olur. Amma belə "manıs"lara həvəslə pul xərcləyirlər. Xalqın min-bir zəhməti ilə qazandığı 5-10 mini bir günə qatlayıb cibinə qoyan "manıs" da elə bu cür danışacaq.

Günahın hamısı xalqdadır. Xalq pulunu kimə və nəyə görə verdiyini bilmirsə, Nəfəsdə nə günah var?! Nəfəs hələ az eləyir, belə məsuliyyətsiz danışır. Gərək bundan artığını deyə bu xalqa. Bu işdə televiziyaların da günahı az deyil. Efirdə sənətdən, sözdən yox, hansısa "manıs"ın avtomobil sürməsini, nə geydiyini, harda yatdığını müzakirə edirlərsə, bunda Nəfəsin nə günahı var?! Günah həmin televiziyaların rəhbərlərindədir".

Bəs, Nəfəsin bu etirafları hansı hüquqi və mənəvi məsuliyyət yaradır?

Bu suala isə hüquqşünas Əsabəli Mustafayev aydınlıq gətirdi: "Bu çıxış yalnız mənəvi məsuliyyət yaradır. Yəni, açıqlama hadisədən bir müddət sonra verilib. Bizim həm İnzibati Xətalar, həm də Cinayət Məcəllələrində şəxsin hansısa etirafı sübut sayılmır. Bunun üçün digər sübutlar tələb olunur. Yalnız bundan sonra etirafçı məsuliyyətə cəlb edilə bilər.

Belə vəziyyətdə bu cür fikirlər səsləndirən şəxs ancaq ictimai qınaqla üzləşir. İctimaiyyət qarşısına çıxan adam özünə və sözünə hörmət etməli, fikir verməlidir.

Əksinə tanınmış simalar efirdən nümunəvi hərəkətlərindən danışmalı və tamaşaçıları da qanuna hörmət etməyə çağırmalıdırlar. Mənim şəxsi qənaətim budur ki, bu cür danışıq sahiblərini televiziyaya buraxmaq olmaz. İctimaiyyət qarşısına qanuna hörmət edən insanlar çıxarılmalıdır".

02.04.2023 10:07
show 512