Özündə müharibənin dəhşətlərini əks etdirən çoxlu sayda, fotolar, kadrlar, rəsmlər var. Amma bir foto var ki, baxanda - bax, qəhrəmanlıq budur, vətən sevgisi, bayraq sevgisi budur deyirsən!
Bircə fotosu ilə tanındı Natiq Qasımov. Rus jurnalisti özü də bilmədən Natiq Qasımovun düşmənə əyilməzliyini, qorxmazlığını və cəsarətini tam xırdalığınadək lentə ala bilib. Şəkildə bu oğlan erməni yaraqlılarının müşayiəti ilə bayrağı aparır. Şəkil keçmiş SSRİ-nin ən populyar dərgilərindən olan «Oqonyok» jurnalının 1992-ci il tarixli aprel sayında (№ 14-15) dərc olunmuş Konstantin Smirnovun «Qorxu» sərlövhəli məqaləsindəndir. Yazı italiyalı fotomüxbir Enriko Sarzininin çəkdiyi gördüyünüz bu şəkillə müşayiət olunur. Şəkildə Natiqin ağır döyüşlərdən sonra əlində üçrəngli milli bayrağımız iki saqqallı erməni arasında məğrurcasına addımladığı əks olunub. Ermənilər 5 gün müddətində kilsədə onlarla cəmi bir nəfərin mübarizə apardığını bilib çox pərt olmuşdular.
Natiqin qəhrəmanlığı az bir vaxtda dildən-dilə düşdü. Bu qəhrəmanlığın bütün keçmiş ittifaqa tanıdılmasında isə «Oqonyok»un xidməti əvəzsiz oldu. Redaksiya şurasında Y.Əlixanyan-Bonner kimi qatı millətçinin və V.Korotiç kimi ermənipərəstin təmsil olunduğu “Oqonyok”un müxbiri K.Smirnov özü də bilmədən vaxtilə kitablardan oxuduğumuz və filmlərdən seyr etdiyimiz cəsur partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin şücaətini təkrarlamış Natiq Qasımovun düşmənə əyilməzliyini, onun qorxmazlığını və cəsarətini tam xırdalığınadək vəsf etmişdi. Baxmayaraq ki, yazıda erməni təəssübkeşliyi müəyyən qədər də olsa özünü büruzə verib.
Tanış olaq
Onun haqqında nə keçmiş, nə də indiki zamanda danışmaq olur. Çünki dillərdə dastan olan sonuncu fotosundan sonra onun sonrakı taleyi barədə indiyədək heç bur məlumat yoxdur.
Natiq Səlim oğlu Qasımov. 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. Bir müddət sonra ailəsi ilə birgə Mingəçevir şəhərinə köçür. Məktəbi bitirdikdən sonra Azərbaycan DRES-də çilingər, «Kosmos» kinoteatrında kinomexanik işləyir. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolunu keçir. 1991-ci ildə ordudan tərxis olunduqdan sonra 20 gün ata-anasının yanında qalan Natiq könüllü olaraq Vətənin müdafiəsinə yollanır. «Qarabağ şahinləri» batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşdə iştirak edir. Yurdsevərliyi və mehribanlığı ilə cəbhə yoldaşlarının hörmət və rəğbətini qazanır.
Xocalı faciəsi Natiqin sonrakı həyatının başlanğıcı olur. Döyüş bölgəsindən yenicə qayıtmış Natiq Xocalı soyqırımından sonra özünə yer tapa bilmir. Bunu faciədən bir neçə gün sonra, onun valideynlərinə ünvanladığı məktublar da təsdiq edir.
Atası Səlim kişinin dediklərindən: «Xocalı faciəsindən bir neçə gün sonra evdə tapdığımız məktubdan məlum oldu ki, Natiq Yaqub Rzayevin «Qarabağ şahinləri» dəstəsində vuruşmağa gedib. Evə göndərdiyi məktublarda yazırdı ki, Qarabağda xalqımızın qırıldığı, ana-bacılarımızın namusunun tapdandığı bir vaxtda mən evdə rahat otura bilmərəm».
1992-ci ilin mart ayının əvvəllərində «Qarabağ şahinləri» batalyonundan 31 nəfərlik bir dəstə Ağdamın Xramort kəndi yaxınlığındakı həyati əhəmiyyəti olan bir yüksəkliyi ələ keçirmək əmrini alır. Tapşırıq yerinə yetirilir, yüksəklik ələ keçirilir. «Şahinlər» qədim alban kilsəsində məskunlaşırlar. Döyüşdə komandir və bir neçə nəfər həlak olur. Bir neçə döyüşçü geri hissəyə dönür. Kilsədə Natiq və onunla bərabər 6 nəfər qalır. Arxadan kömək gözləsələr də, kömək gəlmir. Ermənilər isə aramsız hücumlarla yüksəkliyi geri qaytarmağa cəhd edirlər. Ermənilərin iki gün yüksəkliyi ələ keçirmək cəhdləri uğursuzluqla nəticələnir. Hər dəfə itki verən düşmən geri çəkilmək məcburiyyətində qalır. Bütün yoldaşları həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində təkbaşına mübarizəni davam etdirir. Kilsədə bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər əsir və girov götürdükləri Xocalı sakinlərindən «yararlanmaq» qərarına gəlirlər. Əsir düşmüş xocalılardan birini çağırıb ona bildirirlər ki, kilsədəkilər təslim olmasalar, bütün əsirləri güllələyəcəklər. Bu xəbərdarlığı kilsədəkilərə çatdırmaq Xocalıda məktəb direktoru işləmiş Cəfər Cəfərova həvalə olunur.
“Bayrağı və postu qoyub gedə bilmərəm”
Bu arada qeyd edək ki, 26 fevral 1992-ci il tarixdə Xocalı soyqırımı zamanı əsir düşmüş Cəfər müəllim Natiqi ən son görənlərdən biridir.
Cəfər müəllimin xatirələrindən: «Mənə dedilər ki, sizin türklər bizim kilsəni tutublar, çoxlu sayda adamlarımızı qırıblar. İstəmirik ki, itki verək. Sonra ermənilər məni özləri ilə bir meşəyə gətirdilər. Sağ tərəfdə uçuq bir xarabalıq görünürdü, üzərində də üçrəngli bayraq dalğalanırdı. Mənə dedilər, get sizinkilərə de ki, mühasirədədirlər, heç yana çıxa bilməzlər. Onları dilə tutub razı sala bilsən həm səni, həm də qalan 20 əsiri buraxcağıq. Əgər türklər təslim olmasalar, kilsəni partladacağıq, əsirləri isə güllələyəcəyik».
Cəfər müəllimin xatirələrindən: «Ermənilər təxminən 100 metr aralıdakı kolların, qayaların arasında gizlənib məni sürünə-sürünə irəli getməyə məcbur etdilər. Xarabalığa çatıb başımı qaldırıb baxanda gözümə 3-4 meyit dəydi. Bildim ki, bizimkilərdir. Kilsədən tüstü çıxırdı. Nəfəsimi dərib soyuq divara söykəndim, yuxarı baxdım. Gecədən islanmış üçrəngli bayraq ağır-ağır yellənirdi. Bayrağa baxa-baxa ağladım. Kilsəyə çatıb ana dilində «içəridə kim var, mən Xocalıdan əsir düşənlərdənəm, məni sizin yanınıza göndəriblər» dedim. Az sonra içəridən öskürək və hənirti səsi gəldi. Diksindim, həm də sevindim ki, burada bizimkilər var. Güclə eşidilən bir səs məni içəri çağırırdı. Əlimi divara sürtə-sürtə səs gələn tərəfə getdim. Bacadan düşən işığın altında bir avtomat, bir əl pulemyotu, çoxlu patron gördüm. O, üzü üstə yıxılmışdı. Yaxınlaşıb yaralı olub-olmadığını soruşdum. Güclə cavab verdi ki, yaralı deyil. Su istədi. Su olmadığından ona bir neçə parça quru çörək verdim. Könülsüz də olsa, çörəyi yedi. Yoldaşlarını soruşdum. Dedi ki, komandirim məni 6 nəfərlə bura göndərib. Yoldaşlarımdan üçünü ermənilər öldürdü, üçündən isə xəbərim yoxdu. Beş gündür ki, tək qalmışam. Niyə qaçmadığını soruşdum. Dedi ki, komandirə söz vermişəm, bayrağı və postu qoyub gedə bilmərəm. Kömək gözlədim, lakin gəlmədilər.
Natiqə ermənilərin tələbini çatdırdım. Eşitdiklərinin ürəyincə olmadığını hiss etdim. Dedi ki, iki gülləsi qalıb, axıradək vuruşacaq. Xahiş etdim ki, məni vur, qoy, heç olmasa özümüzünkülərin gülləsindən ölüm. Bir anlığa xəyala daldı. Tutaq ki, sizi vurdum, bəs mənə görə 20 nəfər əsirin güllələnməsinə necə razı olum. Bunu deyib havaya güllə atdı, ermənilərə tərəf bağırıb onları yanına çağırdı. Ermənilər əvvəlcə gəlməyə tərəddüd etsələr də, məni görüb tökülüşdülər. Natiqin üst-başını axtardılar. Onun bir neçə gün burada təkbaşına vuruşmasına heç cür inana bilmirdilər. Kilsəni aramsız avtomat atəşinə tutdular. Heç kimin olmadığını görəndə pərtliklərindən daha da qəzəbləndilər. Natiq əlində üçrəngli bayrağımız erməni yaraqlılarının arasında irəliləyərkən orada olan xarici jurnalistlər sözügedən məşhur fotonu çəkdilər. Sonralar bildim ki, həmin şəkil «Oqonyok» jurnalında dərc edilib. Ermənilər hər ikimizi BTR-ə qoyub Əsgəran qalasına gətirdilər. Milis şöbəsinin təcridxanasında məni kameraya salıb, Natiqi isə hərbi komendant olan mənzilə apardılar. Bundan sonra bir daha Natiqi görə bilmədim. 14 mart 1992-ci ildə 21 nəfər əsiri, o cümlədən məni Ağdam yaxınlığındakı qəbirstanlıqda dəyişdilər».
“O, üzərində bayrağımız sancılmış kilsədə beş gün ac-susuz qalmışdı”
“...Tezliklə biz Stepanakertdən Əsgərana tərəf yollandıq. Oradan vaxtaşırı atışma səsləri gəlirdi. Lakin Əsgərana gedib çıxmadıq, çünki yolda silahlı saqqallılarla dolu BTR-ə rast gəldik. Şübhəsiz, buradakı dəstənin yaraqlıları «iş dalınca» gedirdilər. Onların aldıqları məlumata görə, bir neçə gün bundan öncə əks tərəf dağlarda kənd tutmuşdu. Ermənilər onları sıxışdırıb çıxartsalar da köhnə Qriqorian kilsəsində (Alban kilsəsində - N.Q) Azərbaycan Milli Ordusunun bir qrup «boyeviki» qalmışdı. BTR-dəki adamlar ən uca zirvədə yerləşən kilsəni azad etməyə yollanırdılar. Kiçik kilsədə azərbaycanlıların sayı heç kimə məlum deyildi. Lakin onlara hücum edən dəstə artıq iki nəfər itirmişdi. Hücumçular müxtəlif vasitələrə - gözyaşardıcı qazdan qumbaralaradək əl atsalar da məqsədlərinə nail ola bilmədilər. Təbiidir ki, biz onların izinə düşdük.
Təəssüf ki, hadisə yerinə çata bilmədik. Maşınımız dağın ətəyindəki yolda bataqlığa düşdü və BTR gözdən itdi. Buna baxmayaraq o böyük əks-sədaya səbəb oldu. Belə ki, nə bu gün, nə də ertəsi gün yaraqlılar kilsəni ələ keçirə bilmədilər. Yalnız üçüncü cəhddən sonra onlar kilsənin yeganə sağ qalmış müdafiəçisini təslim olmağa vadar etmiş və məbədlə qəbirstanlığı geri qaytarmışlar. Əsir düşmüş cavan oğlan tüstüdən qapqara idi. O, üzərində bayrağımız sancılmış kilsədə beş gün ac-susuz qalmışdı”.
Natiqin taleyi barədə beynəlxalq təşkilatlara da məlumat verilmir
Bu sözləri məqalə dərc olunandan sonra Moskvada «Oqonyok»un redaksiyasında olmuş Natiqin qohumlarına yazının müəllifi söyləyib. Müxbirin sözlərinə görə, o, Qarabağdan çıxanda Natiq sağ idi. K.Smirnov hətta əvvəlcə yaxınlarına Natiqin axtarışında köməklik göstərəcəyi barədə vəd verib. Lakin sonradan naməlum səbəblərdən o, bundan imtina edib.
Ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı var. Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, erməni tərəfi bu günədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.
Mingəçevirdəki Şəhidlər Xiyabanında itkin düşənlərin rəmzi məzarları sırasında onun da adı var.