29.09.2021
22:15
157

Baş Prokurorluq və DİN-dən birgə MƏLUMAT

Loading...

İyulun 30-u Daşkəsən rayon sakinləri - 2010-cu il təvəllüdlü Qismət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun kənd təsərrüfatı işləri ilə məşğul olmaq məqsədi ilə evdən çıxaraq itkin düşmələri barədə rayon polis şöbəsinə məlumat daxil olub və hər iki şəxsin axtarılması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri aparılıb.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. 

24 sentyabr 2021-ci il tarixdə rayon prokurorluğuna daxil olmuş məlumata əsasən, Göygöl-Kəlbəcər rayonu Murovdağ silsiləsindəki düşmən tərəfindən minalanmış ərazidə ilkin ehtimala görə minaya düşmələri nəticəsində Qismət Bayramov və Ülfət Rüstəmova aid meyit fraqmentləri aşkar edilib. 

Prokurorluq və polis əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin və Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı meyit qalıqları və müxtəlif geyim əşyaları aşkar edilib, həmin fraqmentlərin Qismət Bayramova və Ülfət Rüstəmova aid olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq davam etdirilir. 

Nəticəsi barədə əlavə məlumat veriləcək.

Loading...