Xəbər verdiyimiz kimi bu gün Prezident İlham Əliyevin sərəncamı ilə maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib. O, Azərbaycan Baş nazirinin müavini təyin olunub.
1983–1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində, həm Bakıda, həm də xaricdə – Yəmən Xalq Demokratik Respublikasında iqtisadçı kimi çalışıb. 1991–1995-ci illər arasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri və idarə rəisinin müavini vəzifələrində fəaliyyət göstərb. Daha sonra, 1995–2001-ci illərdə Azərbaycan Respublikasının Milli Bankında departament direktoru və baş direktor vəzifələrində çalışıb.
2001–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsində işləyib, eyni zamanda 2003–2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı İlə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyasının sədri kimi fəaliyyət göstərib. 18 aprel 2006-cı ildən Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində çalışıb və bu dövrdə Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktor kimi də fəaliyyət göstərib.
Azərbaycan Respublikasının Prezidentinin 6 avqust 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunub.
Ailəlidir, üç övladı var.