Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov işdən çıxarılır.
Index.az-ın əldə etdiyi məlumata görə, Ramiz Zeynalov pensiya yaşı ilə əlaqədar istefaya göndərilir.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Ramiz Zeynalovu
hal-hazırda Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının rəisi Səhlab
Bağırov əvəz edəcək.
Onu da əlavə edək ki, təhvil-təslim prosesinə start verilib.
Təyinatın 1 ay ərzində baş tutması gözlənilir.
Bəs 28 ildir Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsini icra edən Ramiz Zeynalov kimdir?
O, 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor,
Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat
müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin
əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə
Azərbaycan Respublikası DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində
çalışıb. 1994-cü ilin avqust ayından etibarən Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi olub.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2003-cü il tarixli Fərmanı
ilə “polis general-mayoru” rütbəsi verilib. 1995-ci ildə “İgidliyə
görə” medalı, 2006-cı ildə isə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ramiz Zeynalovun yerinə gələn rəis Səhlab Bağırov isə, 1994-cü ildən
daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə xidmət edib.
Nərimanov Rayon Polis İdarəsinin, Baş Cinayət Axtarış İdarəsinin, Baş
İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, DİN-ə bilavasitə tabe
olan Çevik Polis Alayının komandiri, 2011-2019-cu illərdə isə Bakı şəhər
Baş Polis İdarəsinin rəis müavini vəzifələrində çalışıb.
2019-cu ilin yanvar ayından AR Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2013-cü il tarixli
Sərəncamı ilə Səhlab Bağırova “Polis general-mayoru” ali xüsusi rütbəsi
verilib.
2002-ci ildə «İgidliyə görə» medalı, 2011-ci ildə “Azərbaycan bayrağı”
ordeni, 2015-ci ildə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
təltif olunub.