Yeni ailə quran gənc qıza qarşı dəhşətli işgəncə verməkdə ittiham olunan Şəki şəhər sakinləri - 1990-cı il təvəllüdlü Vazeh Musayev və onun anası, 1960-cı il təvəllüdlü Aybəniz Musayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Vazeh Musayev mütəmadi olaraq həyat yoldaşı Tünzalə Musayevanı döymək və
digər zorakı hərəkətlər etmək məqsədilə anası Aybəniz Musayeva ilə
əlbir olub.
Bir ilin gəlininə dəhşətli işgəncə
Vazeh Musayev 25 dekabr 2015-ci il tarixdə, saat 18 radələrində Şəki
rayonunun Bideyiz kəndində yaşadıqları evdə ailə məişət zəminində
aralarında baş vermiş mübahisə zamanı maşa ilə arvadı Tünzalə
Musayevanın sağ gözünə, yumruqla başına, bədəninin müxtəlif
nahiyələrinə, həmçinin təpiklə bədəninin müxtəlif yerlərinə vurub.
Bununla da o, arvadına müxtəlif dərəcəli xəsarətlər yetirib.
Vazeh ertəsi gün, saat 08-də yenidən arvadı ilə mübahisə edib. Mübahisə
zamanı arvadının başına və sifət nahiyəsinə qəsdən vuraraq, ona xəsarət
yetirib.
Vazeh Musayev növbəti dəfə arvadına dekabrın 27-də işgəncə verib. O,
anası ilə birləşərək, arvadına qarşı zorakı əməllər törədib.
Ana və oğulun cinayət işi
Vazeh Musayevin 5 yanvar 2016-cı il tarixdə, saat 13-də yaşadığı evdə
arvadı Tünzalə ilə növbəti mübahisəsi yaranıb. Mübahisə zamanı Vazeh
arvadını yumruq və şillə ilə vurub. Vazeh Tünzaləyə güc göstərərək, ona
psixi iztirablar verib. Bu işgəncələrdə və döyülmə hadisələrində Vazehin
anası Aybəniz də ona köməklik göstərib.
Vazeh Musayev və Aybəniz Musayeva Cinayət Məcəlləsinin 133.2.3-cü (bir
qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya
cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə) maddəsi ilə ittiham
edilib. Onların cinayət işi Şəki rayon Məhkəməsində araşdırılıb.
“Təklif etdim ki, məni həkimə aparsın”
Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Tünzalə Musayeva
bildirib ki, 7 aperal 2014-cü il tarixdə Bideyiz kənd sakini Vazeh
Musayevlə ailə həyatı qurub və nikahlarından bir qız övladları olub:
“Toy gecəsindən sonra qayınanam bakirə olmadığımı bəhanə edərək mənə şər
atıb, evdə söz-söhbət yaradıb. Həmin vaxtı bakirə olmağımı sübüt etmək
üçün qayınanama təklif etdim ki, məni həkimə aparsın. Əgər toy gecəsi bakirə
olmamışdımsa, sakitcə çıxıb evimizə gedəcəkdim. Əgər bakirə olduğum
təsdiqlənərsə, ondan polisə şikayət edəcəkdim. Bundan sonra bir müddət
evdə bu söz-söhbətə son qoyuldu”.
“Məni təzyiq altında saxlayıblar”
Zərərçəkmişin sözlərinə görə, sonradan qayınanası və baldızı bu məsələni
qabardaraq daima onun toy gecəsi bakirə çıxmadığını bildiriblər: “Onlar
məni təhqir ediblər, hər an evdə təzyiq altında saxlayıblar. Həmin
məsələni daima xatırlatmaqla, mənə əzab-əziyyət veriblər. Gəlin olduğu
dövrdə qeyd edilən məsələ ilə bağlı ailə üzvlərim, xüsusilə qayınanam və
Vazehlə aramızda daima söz-söhbətlər, dava-dalaşlar olub. Təxminən 20
gün sonra Vazeh məni Bakı şəhərində olan evimizə apardı. Birlikdə orada
yaşamışıq”.
“Qayınanam və baldızımdan polisə şikayət etdim”
Tünzalə Musayeva qeyd edib ki, Bakıda yaşadıqları müddətdə qayınanası və
baldızı tərəfindən döyülüb: “2015-ci ilin martın 2-də qayınanam və
baldızım məni döydükləri üçün onlardan Binəqədi rayon Polis İdarəsinin
40-cı polis bölməsinə şikayət etdim. Sonradan ərizəm əsasında qayınanam
və baldızım barədə cinayət işi başlanaraq məhkəməyə göndərildi. Bundan
sonra Vazeh məni Şəki rayonunun Bideyiz kəndində yaşadığımız evə
gətirdi. Həmin vaxtdan Vazehlə birlikdə yaşamışam”.
“Qayınanam anamın və bacımın pozğun olduğunu dedi”
Zərərçəkmiş bildirib ki, sentyabrın 9-da ailə-məişət zəminində
aralarında baş vermiş mübahisə zamanı Vazeh yaşadıqları evdə onu döydüyü
üçün Şəki rayon polis şöbəsinə ərizə ilə müraciət edib: “Sonradan
ərizəm əsasında başlanmış araşdırma dövründə Vazehlə barışdım. Dekabrın
25-də, saat 18-də qayınanam Aybəniz, qayınatam Valeh və ərim Vazehlə
birlikdə evdə olmuşuq. Bu zaman qayınanam mənim, anamın və bacımın
pozğun olduğunu dedi. Buna görə aramızda mübahisə yarandı. Mübahisə
zamanı qayınanam odun sobasının yanında olan maşanı götürərək sağ
gözümdən vurdu. Bundan sonra Vazeh də yumruqla başıma və bədənimin
müxtəlif nahiyələrinə vurduğu üçün ağrıdan yerə yıxıldım. Sonra
qayınanam yemək bişirdiyimiz qazanla başıma vurdu”.
“Qayınatam dedi ki, ölsən də, burada öləcəksən”
Zərərçəkmişin ifadəsinə görə, bundan sonra uşağını götürərək evdən
getmək istəyib: “Bu zaman Vazeh uşağı aparmağa qoymadı. Uşağı mənə
vermək istəməyəndə, Vazeh anasının çarpayının üstünə atdığı maşanı
götürərək sağ gözümdən vurdu. Yerə yıxılan zaman qayınatam Valeh
yaxınlaşaraq qolumdan tutdu və məni qaldırdı. Qayınanatam məni öz
otağıma apardı. Orada qayınatam mənə dedi ki, ölsən də, burada
öləcəksən. Sonra qayınatam qapını çöldən bağlayıb getdi. Bir neçə
dəqiqədən sonra Vazeh yanıma gəldi. Mənə dedi ki, sən şikayət etsən də,
bizə heç kim bata bilməz. Mən isə ondan şikayət edəcəyimi bildirdim. Bu
zaman Vazeh yumruq və şillə ilə bir neçə dəfə başıma vurdu. Həmin vaxt
səsə qayınanam Aybəniz və qayınatam Valeh gəldi. Qayınanam mənim evdə
olan pulu və qızılları götürməyimdən ehtiyat edərək, yataq otağında
saxladığı 2000 manat pulu və mənə toyda verdikləri qızılları götürərək
otaqdan çıxdı”.
“Məni və azyaşlı uşağımı soyuqda saxladılar”
Tünzalə Musayeva qeyd edib ki, səhəri gün, saat 08-də uşağının
paltarlarını yığışdırıb və övladını da götürərək həyətə düşüb: “Məqsədim
atam evinə getmək olub. Bu zaman qayınatam qolumdan tutaraq məni
saxladı. Həmin vaxt səsə Vazeh və qayınanam evdən həyətə çıxdılar. Valeh
qolumdan tutduğu üçün Vazeh yumruqla başıma və sifət nahiyəmə,
qayınanam isə həmin vaxt odun parçası ilə kürək nahiyəmə vurdu. Atam
evinə getməyimə qoymadıqları üçün öz otağıma qayıtdım. Həmin gün məni və
azyaşlı uşağımı günortaya qədər çöldə soyuq havada saxladılar. Məni evə
keçməyimə imkan vermədilər, nəzarətdə saxladılar. Həmin gün soyuqda
qaldığımdan uşaq möhkəm xəstələnmişdi”.
“Halım pisləşdiyi üçün yatdım”
Tünzalə Musayeva deyib ki, dekabrın 27-də, saat 11-də qayınanası,
qayınatası və Vazeh həyətdə olduqları üçün bundan istifadə edib və
gizlincə evdən çıxıb: “Evin yan tərəfi ilə həyətdən çıxmaq istəyəndə
qayınanam məni gördü. O, mənə yaxınlaşaraq yumruqla bədənimin müxtəlif
nahiyələrinə və sol gözümdən vurdu, ata evinə getməyimə imkan vermədi.
Ona görə evə qayıtdım. Həmin gün, saat 14.30-da qayınanam, ertəsi gün
isə qayınatam Bakı şəhərinə getdilər”.
Zərərçəkmişin ifadəsinə görə, 5 yanvar 2016-cı il tarixdə qayınanası
Bakı şəhərindən geri qayıdıb: “Həmin gün saat 13 radələrində qayınanam
ilə yenə aramızda mübahisə yarandı. Mübahisə zamanı qayınanam və Vazeh
yumruq, şillə ilə başıma vurdular. Sonra hər ikisi Şəki şəhərinə yas
mərasiminə getdilər. Saat 17-də halım pisləşdiyi üçün yatdım. Bu zaman
anam, əmim və yeznəm bizə gəldilər. Anamgil qayınanam və ərimin məni
döyərək xəsarət yetirdiklərini gördükləri üçün təcili tibbi yardım
stansiyasına zəng vurdular. Bir qədər sonra anam məni təcili tibbi
yardım avtomobili ilə Şəki rayon Mərkəzi Xəstəxanasına apardı”.
“Mənə etdikləri əzablara dözmüşəm”
Tünzalə Musayeva qeyd edib ki, təqsirləndirilən şəxslərlə barışmayıb,
onlardan şikayətçidir: “Onlar məni hamilə vaxtıda döyüblər, ac-susuz
saxlayıblar. Ona görə uşağım da xəstələnib. Hamilə vəziyyətində
döyüldüyü üçün Bakı şəhərində 40-cı polis bölməsinə şikayət etmişəm.
Qayınanam məni pozğun adlandırıraq həmişə mübahisə edib, döyülməyimin
səbəbini anlaya bilməmişəm. Zaman keçdikcə mənimlə yaxşı dolanacaqlarına
ümüd edərək, bu qədər vaxt ərzində ərim və onun ailəsinin mənə
etdikləri əzablara dözmüşəm”.
“Gəlinimi döyməmişəm”
Təqsirləndirilən şəxs Aybəniz Musayeva ifadəsində ona qarşı elan olunmuş
ittiham üzrə özünü təqsirli bilməyib: “Gəlinim Tünzalə Musayevanı
döyməmişəm. Onun bizim tərəfimizdən döyülməsi barədə heç bir sübut,
şahid yoxdur. Tünzalə Musayevanın dedikləri hamısı yalandır, anası ilə
qurduğu oyundur. Mən gəlini döymək üçün almamışdım. Maşa ilə vurulan göz
partlayıb tökülməlidir. Tünzalənin gözü isə bir balaca göyərib”.
“Tünzalənin nərdivandan yıxılmasını görməmişəm”
Aybəniz Musayeva qeyd edib ki, yanvarın 5-də anasının yasında olub:
“Tünzalənin niyə bizdən şikayət etdiyini bilmirəm. Ekspert rəyi ilə
razılaşmıram, özümü Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli
bilmirəm. Oğlumun evinə getməmişəm, 40 gün anamın yasında olmuşam.
Bundan sonra Bakıya qayıtdım, bir də yasın 52-ci günü Şəkiyə gəlmişəm.
Anamın ölumünün 40-cı günündən sonra Bakıya tək getmişəm. 52-ci gündən
sonra isə ərimlə getmişəm. Tünzalə 40-cı polis bölməsinə şikayət edərkən
də yalan danışmışdı. Tünzalənin məndən 40-cı polis bölməsinə nəyə görə
şikayət etdiyini bilmirəm. Tünzalənin üzərində aşkar edilmiş xəsarətlər
onun nərdivandan yıxılmasından əmələ gəlib. Tünzalənin nərdivandan
yıxılmasını görməmişəm. Bunu mənə oğlum deyib”.
“Bu ailənin dağılmasının əsas səbəbi Tünzalənin anasıdır”
Digər təqsirləndirilən Vazeh Musayev də elan olunmuş ittihamda özünü
təqsirli bilməyib: “Tünzaləni döyməmişəm. Dekabrın 27-də yumurtaları
götürmək üçün nərdivanla tövlənin çardağına çıxmışdı. Həmin gün qar
yağmışdı. Tünzalə çardaqdan düşən zaman nərdivanın ayağı sürüşdüyü üçün
nərdivandan yerə yıxıldı. Tünzalə yerə yıxılan zaman sağ gözü nərdivanın
ayağına dəydi. Onu evə apardım. 2-3 saat dincəldikdən sonra Tünzalə
yenə öz işləri ilə məşğul oldu. Dekabrın 31-də isə Tünzalə icazəmlə
anasıgili telefon vasitəsilə təbrik etdi. Tünzalənin dediyi kimi, ona
pis davranmamışam. Bütün problem, bu ailənin dağılmasının əsas səbəbi
Tünzalənin anası Sədaqət Cəlilovadır. O, bizim bütün işlərimizə qarışıb,
hökmranlıq etmək istəyirdi. Anası Sədaqət Tünzaləni “doldurduğu” üçün
o, bizdən şikayət edib”.
Ana və oğlun cəzası
Şəki rayon Məhkəməsinin hökmü ilə Vazeh Musayev 1 il, 11 ay, 28 gün
müddətə azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək
qəti imkan tədbiri ləğv edilib. Barəsində həbs qətimkan tədbiri seçilib,
məhkəmə zalından həbs edilib. Digər təqsirləndirilən Aybəniz
Musayevanın barəsində isə 2 il müddətinə şərti cəza təyin edilib.
Hər iki təqsirləndirilən şəxs məhkəmənin hökmündən apelyasiya şikayəti
veriblər. Onlar günahsız olduqlarını, barələrində bəraət hökmünün
çıxarılmasını istəyiblər. Tünzalə Musayeva da apelyasiya şikayəti
verərək hər iki təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını
istəyib.
Tərəflərin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə
göndərilib. İş hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada
araşdırılıb.
Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar
elan edib. Qərara görə, həm təqsirləndirilən şəxslərin, həm də
zərərçəkmişin şikayətləri təmin edilməyib, birinci instansiya
məhkəməsinin hökmü qüvvəsində saxlanılıb. (publika.az)