Bakının məşhur şuba oğrusu, Zinaida ilə eşq macərası... - Oğru dünyası
“Zozulya” ilə xoş bir təsadüf nəticəsində tanış olduq.1999-cu
ilin noyabr ayının ortaları idi və mən hər bazar olduğu kimi, yenə
Dağlı məhəlləsinə, “Mamlyuk” Cəbrayılla söhbətləşməyə, “Avtoritet”
qəzeti üçün məqalə hazırlamağa yollandım. Cəbrayılın darvazasının
qənşərindəki primitiv, yonulmamış taxtalardan düzəldilmiş skamyada
oturub söhbətləşirdik ki, təxminən qırx yaşlarında, yaraşıqlı çöhrəli,
mütənasib bədənli, mavi gözlü bir qadın bizə yaxınlaşdı. Ümumi salam
verdikdən sonra "Mamlyuk"un qırxılmamış yanağından səmimi bir öpüş
götürərək yanında əyləşdi.
– Çələbi, sənin
haqqımda yazdığın məqalə səbəbli tanış olmuşam bu xanımla. “Zozulya”
soraqlaşa-soraqlaşa, axtara-axtara tapıb evimizi, – Cəbrayıl kişi “LM”
qutusunu çıxarıb yeni siqaret götürdü, əlindəki kötüyün oduna yandıraraq
davam etdi: – O da mənim oturduğum düşərgələrin həndəvərindəki zonlarda
bit əzib, balanda yeyib, çifir içib.
Qadın əlini mənə uzadaraq:
–
Belənçik kişiləri yaşatdığınıza görə qəzetinizin əməkdaşlarına
minnətdaram, – bir qədər ləhcə qarışıq təmiz azəri dilində pıçıldadı,
səmimiyyət dolu təbəssümlə barmaqlarımı sıxdı, – Bunların həyatı
tariximizin bir parçasıdır. “Mamlyuk” haqqında yazılanları həyəcansız
oxumaq mümkün deyil. Yetim Hüseyni, Klaranı, TT Nərimanı, Novxanılı
Əliqərdəşi, Mirsəmədi, Hikməti, Mamed Masallınskini yaxşı tanıyıram.
Rəhmətlik Bəxtiyar, Ənvər, Cavanşir, Malış Söhbət, Naxçıvanlı Hüseyn
əmiylə bacı-qardaş idik. Cəbrayıl əmi ilə tanışlığımdan lap məmnun
qalmışam...
Soyuq idi. Bayaqdan ildırımlar
üfüqü qılınclayır, qara buludlar külək atlarına minib Biləcəri tərəfə
çapırdı. Qəflətən iri, dolu yağış damcıları asfaltı döyəclədi, leysana
çevrildi.
– Bizim məhəllədə bir kafe var, yaxşı
gürcü xəngəli, süfrə çaxırı verirlər, – Zinaida "Mamlyuk"un qoluna
girərək ayağa qaldırdı, – Yalvarıram, etiraz eləməyin, gedək kafeyə,
sakitcə oturub dərdləşək, – deyərək, yanımızdan ötən “Volqa”ya əl
qaldırdı. Axundov parkının həndəvərindəki kafeyə
gəldik. Altı-yeddi stoldan yalnız birinin ətrafı dolu idi. Beş nəfər
dolu bədənli gürcü kişi hay-harayla, sanki bir-biri ilə höcətləşirlərmiş
kimi lap ucadan danışır, sağlıqlar deyir, yeyib-içirdilər. Onlardan
mümkün qədər aralıda stol seçib oturduq. Xəngəl və şərab sifariş
verdik. Mamlyuk Yakutiyadakı düşərgədə başına gələn qəzavü-qədərdən
danışır, mən dəftərçəmdə qeydlərimi yazır, Zinaida suallar verirdi.
Gürcülər
artıq danışmırdılar, oxumağa başladılar. Əvvəlcə lap astadan səslənən
beş nəfərlik xorun melodiyası yağışın dəmir örtüklü damı döyəcləməsini
xatırladırdı. Müxtəlif ahəngli bu səs toplumu sonradan arxla axan suyun
şırıltısına, daha sonra dağ selinin uğultusuna çevrildi.
Cəbrayıl susmuşdu, mən yazmırdım, Zinaida isə gözlərini yumub, rəngi ağarmış halda, heykəl kimi di¬kələrək qurumuşdu.
Bu
melodiya sanki həyat naləsiydi! Bu melodiya etiraz yanğısıyla kükrəyən
qiyam idi! Mənə elə gəlirdi ki, bu beşliyin hər biri başqa-başqa
sözlərlə oxuyur, hərəsi öz dərdini, öz arzusunu, öz duasını izhar edir.
Mahnı
kəsildi, gürcülər salonu tərk etdilər. Biz ovsunlanmış kimi lal-dinməz
oturmuşduq. Zinanın gözlərindən yuvarlanan yaş damcıları yanağının
ortasında ilişib qalmışdı. Cəbrayıl isə doluxsunan bəbəklərini gizlətmək
üçün çənəsini sinəsinə dirəmişdi.
Zina dodaqları əsə-əsə:–
Məni buraya gətirən taleyimə minnətdaram, – deyib dəsmalını gözünə
sıxdı. – Bu melodiya içimi tərpətdi, məni çox-çox uzaqlara – İrkutsk,
Krasnoyarsk, Perm meşələrinin "bezmolviya"sına, qəm, vicdan qınağı,
itkilərlə dolu bir dünyaya apardı. Bu dünya haqqında mən min dəfə özüm
danışıb, özüm də qulaq asmışam. Ağrı-acılarımdan, fərəh və
niyyətlərimdən həmişə kiməsə danışmağa fürsət axtarırdım...... Və danışdı.
ZOZULYA
-
1971-ci ilin yayı... Babamın Şuşadakı evində anamla bir ay istirahətdən
sonra Bakıya qayıtmışdıq. Məktəblərdə tətil sona çatırdı və biz - iki
rəfiqə, Natəvan ilə mən isti, bürkülü gündən sonra bir qədər sərinləmək
üçün dənizkənarı bulvara getməyi qərarlaşdırmışdıq. Biz nazla
bir-birimizə söykənərək, başımızı dik saxlayıb, Dəniz vağzalından Azneft
meydanınadək addımlayır, əllərində "Spidola" tutaraq dəstə ilə gəzən
əyalət cavanlarının geyimindəki uyğunsuzluqları qulaqlarımıza
pıçıldayaraq, uğunurduq. Yanımızdan qol-boyun olaraq ötüşən sevgililərin
ləyaqəti haqqında mübahisələr edir, "əgər mən həmin qızın yerində
olsaydım... " – deyərək, diskussiyalar aparırdıq.
Gəzə-gəzə
evə qayıdırdıq. "Nizami" muzeyi yanındakı taksi dayanacağında sarı
rəngli "Volqa"lar arasında al qırmızı rəngli bir maşın dayanmışdı.
Maşının yanında dayanıb heyran-heyran onun salonuna, quruluşuna
baxırdıq. İki oğlan bizə yaxınlaşdı. Salamsız-kalamsız onlarla oturub,
gəzintiyə çıxmamızı təklif etdilər. Onlardan biri “Biz söz vermişdik ki,
kim maraqlanıb maşınımıza diqqət yetirsə, onu gəzintiyə dəvət edəcəyik.
Başqa niyyətimiz yoxdur. Sizin heç adınızı da soruşmayacağıq. Razı
olun, qızlar, yoxsa ilk əhdim puça çıxar, qəzaya düşərəm”, – dedi.
O
vaxt Bakıda "Jiquli" tək-tük hallarda gözə dəyirdi. Natəvanla başımızı
aşağı dikib, tərəddüd içində kimin daha tez dillənəcəyini, "yox"
deyəcəyini gözləyirdik. Heç birimizin səsi çıxmadığından, arxa qapını
açaraq gülümsəyən oğlan:
– Əyləşin, qızlar, heç
olmazsa, onca metr aparım sizi, – yalvarış dolu səslə dilləndi. Beləcə
tanış olduq. Maşın Zöhrabın (sonralar öyrənmişdim adını) "Util
idarəsində" işləyən atasınınkı idi. Hərdənbir Natəvan ilə birlikdə
onlara qoşulub bulvarın yolaltı keçidinin girişindəki kafeyə, sosiska
yeməyə toplaşardıq. Aramızda müxtəlif zarafatlar olsa da, dostluqdan
savayı, heç bir hissiyyata yol vermirdik.
İki
il çox sürətlə ötüşdü. Biz onuncuda oxuyanda Sərdar (Zöhrabın dostu)
adamlarını göndərib Natəvanla nişanlandı və bununla da birlikdə
gəzintimizə son qoyuldu. Nişanlanandan sonra şeh dəymiş qızılgül kimi
qəşəngləşmişdi Nata. Sərdar ona pərəstiş edir, "ingilis ledi"si
adlandırırdı. Məktəbi bitirdikdən iki ay sonra toyları oldu. Həmin gün
mən Xalq Təsərrüfatı İnstitutuna ilk imtahanımı verib, "əla" almışdım.
İkinci
imtahandan çıxıb Natəvangilə yollandım. Qayınanası qapının ağzından
çəkilməyərək, fərəhlə: "Bal aylarını keçirmək üçün Pribaltikaya
gediblər”, – dedi və sağ əlini başıma çəkib, – gün o gün olsun ki, sən
də Zöhrabla belə bir səfərə yollanasan", – gülümsəyərək davam etdi: –
"Hələ ki, o, turnelərə tək-tənha gedir".
– O nə turnedir elə? – deyə təəccüb içində soruşdum.– Zöhrab da dünən Moskvaya uçdu.
Zöhrabla
aramızda səmimi dostluqdan başqa bir şey yox idi. Əslində ona bir qədər
yazığım gəlirdi. Bəzən çətinliyə düşəndə iş bacarmayan gəlin kimi
çaşırdı.
Onunla bir də dekabrın sonunda, yeni
ilə iki gün qalmış görüşdüm. Anamın tapşırığı ilə dəniz kənarındakı
univermaqdan yolka bəzəkləri alıb, qoltuğuma vurmuşdum qutunu. Birdən
qarşımda peyda oldu. Əla geyinmişdi. Mixəyi dublyonka və tünd mavi cins
şalvar çox yaraşıqlı görkəm verirdi ona. Özümdən asılı olmayaraq,
qışqırıb boynunu qucaqladım, göz yaşlarımı gizlətmək üçün üzümü
dublyonkanın yumşaq yaxalığına söykədim. Qoltuğumdakı qutu yerə düşmüş,
içindəki al-əlvan şarların hamısı xıncım-xıncım olmuşdu.
Qoluma girib:
–
Gedək kafeyə, danış görək, kefin-əhvalın necədir? – dedi və biz geriyə,
bulvara gedən yeraltı yolun yanındakı kafeyə üz tutduq. Bircə arzusu
vardı Zöhrabın. Nəyin bahasına olursa-olsun, "Jiquli" almaq istəyirdi.
Ancaq pul yığan deyildi. Cibində nəyi vardısa, son qəpiyinə qədər
xərcləməmiş evə getməzdi. O vaxtlar "Jiquli"nin qiyməti 5600 manat idi.
Adi baxışda heç nə...
– Sabah mənə lazımsan, Zina. Saat on ikidə-birdə... Gələ bilərsən? Kubinkaya getməliyik...– Üçdən sonra olmaz? Üç qoşa saat mühazirə, biri də laboratoriya işi...
Sözümü tamamlamağa qoymadı:
– Xahiş edirəm, sabahkı günü mənə həsr et. Bir gün dərsə getmə, – deyə lap kiçik, tərs uşaq kimi yerində qurcalandı.– Yaxşı, saat birdə haraya desən, gələrəm.Səhərisi gün onunla birlikdə "Kömürçü bazarı"nın yuxarı qapısının yanında axsaq bir kişiyə yaxınlaşdıq.– Norka şuba lazımdır, – deyərək başı ilə mənə tərəf işarə elədi, – neçəyə çıxır?– Satmaq istəyirsən, yoxsa almaq?– Satmaq istəyirəm, – əlindəki iri idman çantasını palçıqlı küçənin ortasına qoyub, qəhvəyi rəngli şuba çıxartdı.–
Təzəsini biz min iki yüzə veririk. Bu, geyilmiş maldır, beş yüzdən
yuxarı getməz. Ağamusa, buna beş yüzdən çox verən tapılar? – deyə
çağırdığının yetişməsini gözləmədən qışqırdı.– Beş yüz? Nə
danışırsan? Dörddən artıq qiymət verən olmaz. Komisiyonkalarda itinə
tökdür belə şeylər. Nədir, geyilmiş maldır? – Ağamusa yaxınlaşıb norkanı
saymazyana nəzərdən keçirdi, üz-gözünü qırışdırdı: – Yox. Getməz.
Zöhrab şubanı tələm-tələsik büküb çantaya soxmaq istəyirdi ki, axsaq kişi onun qolundan tutdu:– Beş yüz əlli verim.–
Yox! – deyə Zöhrab qətiyyətlə cavab verib şubanı yenidən çıxardı, məni
göstərib: – Həyat yoldaşımdır, cəmisi bircə dəfə geyinib. Tallindən,
valyutnı mağazadan min dörd yüzə almışdıq. İnsaf da dinin yarısıdır axı.
Yoxsa beş yüz?– Yaxşı, altı yüz olsun. Sənin canunçün, bundan artığına gücüm çatmaz, – deyə Ağamusa əlini şubanın üstünə çəkdi.
Axsaq kişi ona tərs-tərs baxıb:–
Mən altı yarım verim. Nə deyirsən? Çox olsa, əlli manat qazancım
olıcey, – Zöhrabın yenidən norkanı çantaya soxmaq istədiyini görüb, –
yaxşı götürürəm, tərs adama oxşayırsan, 700! Allah xeyir versin!
Bütün
bədənim qıc olmuş kimi quruyub qalmışdım. Geri qayıdanda özümü
toplayıb: "Bu, nə deməkdir, Zöhrab? Niyə yalan danışır, şubanın mənimki
olduğunu deyirdin?" – soruşdum. Dodaqlarım titrəyir, özümü hönkürməkdən
güclə saxlayırdım.
– Borcum var, Zina, Moskvada
qumarda uduzmuşam. Burada isə atamı işdən çıxarıblar, xəstəxanada
yatır. Əgər iki həftəyə pulu yerinə çatdırmasam, öldürəcəklər məni...
Oğurlamışdım şubanı. Bilirəm, yaxşı iş tutmamışam, ancaq başqa əlacım
yoxdur. Yoxsa öldürəcəklər. Çox qansız adamlardır. Bu iki həftəni mənə
kömək et, Zina. Ömrümün axırına qədər sənə borclu olduğumu unutmaram.
Sabah görüşək, tezdən saat onda, "28 Aprel" metrosunun çıxışında, – dedi
və Mərkəzi Univermağın yanında məndən ayrıldı.
Səhərədək
yatağımın içində qovruldum. Göz qapaqlarım örtülür, ancaq yuxulaya
bilmirdim. Saat onda görüşdük. Qoluma girib lətifə danışa-danışa AZİ-nin
binasına tərəf apardı məni.
Paltolarımızı
dəhlizin sol tərəfindəki qarderobda soyunub, fizika kafedrasının
qarşısında dayandıq. Əlindəki ət qutabını çeynəyən bir oğlan tələsik
Zöhraba yaxınlaşıb ciblərini qurdaladı, nə isə çıxarıb onun ovcuna
basdı:
– Hələlik bunları götürün, – pıçıldadı, udqunaraq ovurdlarındakını içəri ötürdü.Zöhrab acıqlı-acıqlı oğlana nəzər salıb qolumdan tutdu, geriyə qayıtdıq.
Qarderobun qarşısında dayanıb bütün bunların nə demək olduğunu fikirləşir, öz-özümü danlayırdım.–
Zina, götür də, nə xəyala getmisən? – deyə ərklə, amiranə səslə
əlindəki qara, üstü zərli işləmələri olan dublyonkanı qucağıma basdı.
Özü də başqa, sarı layka plaş geyinmişdi. Tərpənməyə heyim qalmamışdı.
İndicə dizlərimin qatlanacağını, yıxılacağımı düşünürdüm. Ürəyim elə
şiddətlə vururdu ki, sanki indicə sinəmdən çıxacaqdı. Az qala yerlə
sürünəcək dərəcədə uzun olan dublyonkanı əynimə geyindirdi... Qapıyadək
olan 30 metr məsafə mənə kilometrdən də uzun görünürdü. Dublyonka
ayaqlarıma dolaşır, yaxalığından dərinin tükləri yüzlərlə iynə kimi
boynuma sancılırdı...
Taksiyə əyləşəndə
əsəbiliklə dublyonkanı çıxarıb, Zöhrabın üstünə atdım. "Sən əclafsan!
Sən vicdansızsan, Zöhrab!" – deyib qışqırmaq istəyirdim, ancaq
dodaqlarım titrəyir, hıçqırıq boğurdu məni. Hönkürüb ağlamağa, çiynimi
qucaqlamaq istəyən qolu itələməyə başladım. Taksi "Parapet" (K.Marks)
bağının yanı ilə MUM–a tərəf qalxırdı.– Saxla! Saxla maşını!!
– deyib qışqırdım. Elə bərkdən bağırmışdım ki, özüm də qorxmuşdum.
Titrəyirdim. Hava da soyuq idi. Bağın içindən keçib evimizə tərəf
irəliləyir, hıçqırıqlarıma yanımdan ötənlər ayaq saxlayırdılar. Qışın
ortasında, nazik paltarda şəhərin mərkəzi ilə ağlaya-ağlaya qaçan qızı
xəyalınıza gətirin...
Evə çatanda hiss etdim
ki, bütün bədənim ağrılar içindədir. Başım, dişlərim, sümüklərim,
əzalarımın hamısı sızıldayırdı. Axşama kimi nə uzana, nə də otura
bildim. Nə haqda fikirləşdiyim də yadıma gəlmir. Gözlərimin qarşısında
qığılcımlar oynayır, beynimdə bir-birini əvəzləyən məntiqsiz fikirlər
dolaşırdı. Telefon dəfələrlə zəng vurmuşdusa da, dəstəyi qaldırmırdım.
Əhvalım o qədər dalğın idi ki, hər dəfə qapıya gözüm sataşanda orada iki
milis nəfərinin dayanıb, istehza ilə gülümsəyərək məni izlədiklərini
zənn edirdim.
Axşam anam işdən qayıdanda üzümə
baxıb, həyəcanla əlini alnıma qoydu. Bu təması gözləyirəmmiş kimi içimi
dağıdan hıçqırtı ilə ağlamağa başladım. Başımı onun arıq çiyninə
söykəyərək nə isə mızıldayır, ağzımın suyunu göz yaşlarıma qataraq onun
üstünə axıdırdım.
Bu an telefon yenə səsləndi. Anam belimi qucaqlamış halda məni də özü ilə bir neçə addım apararaq dəstəyi götürdü:– Kimdir? Zöhrab? Tanımıram. Zinanın paltosu? Gətirin.
Eşitdiyim axırıncı söz bu oldu.
Səhəri
gün əsəb xəstəlikləri şöbəsində özümə gəldim. Anam başımın üstündə
oturub mürgüləyirdi. Palatada daha iki qadın var idi. Onlar pıçıltı ilə
danışır, xısın–xısın gülüşürdülər.
Tərpəndiyimi
hiss edən anam gözlərini açdı, gülümsəyərək çarpayımın önündə diz
çökdü, arıq barmaqları sinəmin üstündə gəzdi, yanaqlarımı, qaşlarımı
sığalladı... Hönkürməmək üçün dodaqlarını dişləri ilə sıxıb başını
sinəmə qoyub xeyli sakit dayandı.
Bir aydan da
bir neçə gün artıq yatdım xəstəxanada. Semestr imtahanı və zaçotları
yaya saxlatdım. Anam doğum evində şəfqət bacısı işləyirdi. Xəstəxanadan
çıxdıqdan sonra birbaşa onun yanına yollanır, dərslərimi gah həkimlərin,
gah da baş şəfqət bacısının otağında hazırlayır, anamla birlikdə evə
qayıdırdım.
Yay imtahanlarımı da, qışdan qalan
borclarımı da asanlıqla verdim. Anam növbəti məzuniyyətini götürüb, məni
Soçiyə, dayımgilə aparmaq istəyirdi. Xəstəxananın baş həkimi isə
nədənsə məzuniyyət məsələsini uzadır, hər dəfə işin çoxluğunu bəhanə
gətirib, "bir həftə, cəmisi bircə həftə də dözün",– deyirdi. Yazıq anam
hər gün gedirdi işə, istirahəti yox idi.
İsti,
bürkülü iyul axşamı anamla qol-qola dənizkənarı parkda gəzişdikdən sonra
evə dönmək qərarına gəldik. Bulvarın çıxışındakı skamyadan bir kölgə
qalxdı...– Zina! – deyə çılğın səslə qışqırdı.Yer-göy
başıma fırlandı. Unutdum bütün dünyanı və qarşımda dayanıb günahkar
təbəssümlə gülümsəyən Zöhrabı qucaqladım. Özümü büsbütün unutmuşdum.– Ana, bu odur! – dedim.Zöhrab nə isə danışır, hər ikimizin qoluna girərək, bir qədər aralıdakı avtobus dayanacağına tərəf gedirdi.–
Mən heç nəyi qaytarmaq istəmirəm. Əsas məsələ budur ki, qayıdıb
gəlmişəm. Qovsanız da, qapını kəsdirib dayanacağam, – deyə rabitəsiz
sözlərlə qırmızı "Jiquli"nin qapılarını açıb, məni qabaqdakı oturacağa
əyləşdirdi, – bilirəm ki, mənə inanmırsınız, fikirləşirsiniz ki, başqa
niyyətlə gəlmişəm, – çeçələ barmağındakı nazik üzüyü çıxarıb, əlimdən
yapışdı, zorla onu barmağıma taxmağa çalışdı, aramsız olaraq –
"qayıtdım", "səninəm", "sevirəm", – deyir, yalvarış dolu baxışlarla
anama baxırdı.
Sözlər isti yağış kimi ələnirdi
başıma. Beynimdən "Allah xətrinə, Zöhrab, dayan, uydurma, saxta hisslərə
qapılma" demək keçsə də, onun səsinin ahəngində, atəşində mum kim
əriyir, ona "rədd ol!" – deyə bilmirdim. Anam da səsini çıxarmırdı.
Zöhrab bizi lap binamızın yanına gətirdi. "Sabah axşam gələcəyəm,
adamlarımla" – deyib, qaranlığa qarışdı. Onun barmağıma keçirdiyi üzük
ovcumda idi.– Bunu qaytara bilmədim, ana, – pıçıldadım.Anam bir qədər hirslə:–
Axı tələbin nədir? Həyat özü gəlib sənin yan-yörəndə dolaşır, sənsə naz
edirsən. Belə getsə, axırı hara çıxacaq? Xalan kimi qız qarımaq
istəyirsən?– dedi, tələsik mətbəxə yollandı.
Mən
qışqırmaq, təpiklərimi döşəməyə, yumruqlarımı divara çırpıb: "Axı o,
oğrudur, ana, qumar həvəskarıdır!" – bağırmaq istəyirdim. Ancaq səsimi
çıxarmadım...
Səhərisi gün mən yuxudan oyananda
anam işə gedib icazə almış, bazarlıq edib qayıtmışdı. Zöhrabın adamları
gəlməlidirlər. Ancaq tək özü gəldi. Atasını iflic vurmuşdu. Anam bundan
bir qədər pərişan olsa da, mən rahatlandım.– Dina Qriqoryevna, biz Zinaida ilə sabah ZAQS-a ərizə verməyə gedəcəyik. Təxminən saat on birdə gəlsəm, necədir?Anamla mən bir-birimizə baxıb qucaqlaşdıq... ağladıq.Səhəri gün də anam işə getmədi. Ərizə verib bizim evə gəldik. Anamın sevincinin hüdudu yox idi.–
Yaxşı ki, səni Soçiyə, dayıngilə aparmağa imkan olmayıb. Bu da bir
taledir, qızım, – deyib çiyinlərimi qucur, fəxrlə Zöhrabın təbəssüm dolu
üzünə baxırdı.– Mən də elə onu demək istəyirdim, Dina
Qriqoryevna. Zinaidanı mən özüm apararam dayısıgilə, – anamın
birdən-birə ciddiləşən sifətindən təşvişə düşərək tələsik əlavə etdi, –
heç narahat olmayın, qızınız necə gedəcəksə, həmin üzlə də qayıdacaq, –
dedi. – İcazə olar?
Anam şübhə qarışıq təbəssümlə üzümə baxdı, sanki "özün necə fikirləşirsən?" sualı ilə dolmuşdu gözləri.– Olsun, ana, bu da taleyimə yazılıb, yəqin, – dedim.
Elə
həmin axşamı hazırladığımız xörəklərdən götürüb, «Jiquli» ilə yola
düşdük. Tbilisiyə çatanda artıq dan yeri ağarırdı. Ancaq dayanmadıq.
Potiyə qədər yolu gah mən, gah da Zöhrab sürürdü maşını. İki gün
Suxumidə dincəldik. Və Zöhrab maşını orada üç min manata satdı. Pulu
qurtarmışdı.
"Abxaziya" mehmanxanasında hər birimizə ayrı-ayrılıqda nömrələr götürmüşdü. Axşam barda rəqs etdiyimiz zaman:–
Zina, gəl elə indi Moskvaya uçaq. Bir həftə sonra Azərin toyudur, –
deyə qulağıma pıçıldadı, yumşaq bığları üzümü qıdıqladığından bütün
bədənimi xırda titrətmə tutdu.– Yox, Zöhrab, gəl elə indi Leninqrada uçaq. Orada mənim nənəm və qocalıb qarımış xalam var. Gedək onlara səni göstərim.– Əvvəl Moskvaya uçaq, Zinka.– Yox, Leninqrada uçaq, – deyib, uşaq kimi dabanlarımı döşəməyə çırpdım.– Olsun, get yığışdır çamadanlarını.
Bir saat sonra biz aeroportda idik...
Təyyarə
Leninqradda hava limanına enəndə yağışın səsindən başqa heç nə
eşidilmirdi. Bədənimdən üşütmə keçdi. Elə bil məni Afrikadan birbaşa
Sibirə atmışdılar. Soyuqdan büzüşmüş Zöhrab da boynunu çiyinləri arasına
çəkib dayanmışdı.
Çamadanlarımızı götürmək
üçün torla hasarlanmış sahəyə girdikdə ardımızca üç milis nəfərinin də
addımladığını gördüm. Qanrılıb Zöhraba baxanda onun qar kimi ağardığının
şahidi oldum. Bu an milis işçiləri Zöhrabı qamarladılar:– Zoxrab Aliyeviç Quseynov? Vı arestovanı! – səsi qulaqlarımda uzaqlarda çaxan ildırımın şaqqıltısı kimi əks-səda verdi...
Çamadanlarımı
alıb içindəkiləri bir-bir yoxladılar. Alt paltarlarımı milis işçiləri o
üz-bu üzə baxıb çevirdikcə başım partlamaq dərəcəsinə gəlirdi, dünyada
hamıya - Zöhraba da, özümə də nifrət edirdim!
Onu
UAZ maşınına basıb apardılar. Elə bil presləyib balacalatmışdılar
Zöhrabı. Mənə elə gəldi ki, maşına qalxmağa da taqəti qalmamışdı. Ona
həm yazığım gəlir, həm də acığım tuturdu. Gecədən xeyli keçmiş nənəmlə
xalamın yaşadıqları mənzilə çatdım. Başım ağrıdan çatlayır, dilim söz
tutmurdu.
Az sonra yanımda yarımçılpaq
dayanaraq hey suallar yağdıran nənəmin üstünə qışqırdım. Yumruqlarımı
stolun üstünə döyəcləyib: "Bəsdir! Bəsdir, sakit buraxın məni!" –
deyərək, onları yataq otağına qovdum. Hönkürmək, dəlicəsinə ağlamaq,
ətrafımdakı hər şeyi sındırmaq keçirdi könlümdən. Gözlərim qupquru idi.
Səhərədək nənəm belimi qucaqlayaraq, yanımda oturdu. Başıma gələnləri
onlara danışanda artıq günəş şüaları pəncərədən içəri süzülürdü.
(Ardı olacaq)Bəhram Çələbi