640ac74270ea5202303235930

Bakının məşhur qonaqları: Turqut Özalı Azərbaycana gətirən SƏBƏB - FOTOLAR

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. Məhz bu səbəblərdən Azərbaycan xalqı qonaqpərvərliyi ilə dünyaya səs salmış millət kimi tanınır.
Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olub. Həmin məşhurların qısa və ya uzunmüddətli səfərləri Bakının və insanlarımızın yaddaşında silinməz izlər qoyub.
Modern.az saytı məşhurların Bakı səfəri haqqında silsilə məqalələri davam etdirir.

“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələri təqdim edilir. Bakıya kimlər gəlməyib ki?..

Budəfəki yazımızda Türkiyə Cümhuriyyətinin görkəmli siyasi xadimi, qardaş ölkənin 8-ci prezidenti Turqut Özalın Azərbaycan səfərinə, ölkəmizə verdiyi dəstəyə toxunacağıq.
Turqut Özal 1927-ci ilin 13 oktyabrında Türkiyənin Malatya şəhərində anadan olub.

1950-ci ildə İstanbul Texniki Universitetinin məzunu olan Özal elektrik mühəndisi ixtisasına yiyələnib.

1952-ci ildə ABŞ-a yollanaraq, orada iqtisadiyyat üzrə təhsilini tamamlayıb. 1961-1962-ci illərdə hərbi xidmət keçib. Daha sonra Ortadoğu Texniki Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

1967-1971-ci illərdə Dövlət Planlaşdırma Təşkilatının müşaviri vəzifəsini icra edib. 1972-1973-cü illərdə Dünya Bankında məsləhətçi olaraq fəaliyyət göstərən Turqut Özal Türkiyəyə qayıtdıqdan sonra müxtəlif sənaye qurumlarında çalışıb.


1979-cu ilin sonlarında Baş nazirin müşaviri vəzifəsinə təyin olunub.

1983-cü ildə Ana Vətən Partiyasını quran Tuqut Özal elə həmin il keçirilən seçkilərdə partiyasının uğur qazanması nəticəsində Türkiyə Cümhuriyyətinin 19-cu Baş naziri kimi hökuməti qurmaqla vəzifələndirilib. 1987-ci ildə keçirilən seçkilərdən sonra yenidən hökumətə rəhbərlik edərək, Baş nazir kimi fəaliyyət göstərib.

1989-cu ilin 31 oktyabrında Türkiyə Cümhuriyyətinin 8-ci prezidenti seçilən Turqut Özal 1993-cü ilin aprelinə kimi ölkəsinə rəhbərlik edib.

Turqut Özal hələ Baş nazir olarkən - 18 iyun 1988-ci il tarixində sui-qəsdə məruz qalıb. Hadisə Ana Vətən Partiyasının qurultayının keçirildiyi tədbirdə - Ankaradakı Atatürk İdman Zalında keçirilən yığıncağın gedişi zamanı baş verib. Kartal Demirağ adlı şəxs tərəfindən öldürülməyə çalışılan Özal tribunaya çıxandan az sonra ona iki dəfə atəş açılıb.
Güllə Özalın əl barmağına dəyib. Buna baxmayaraq Baş nazir yaralı halda çıxışını davam etdirərək, “Allahın verdiyi ömrü onun istəyindən başqa kimsə ala bilməz. Biz də özümüzü Allaha təslim etmişik”,- deyib.


Özala güllə atan Kartal Dəmirağ hadisə yerindən qaçmaq istəsə də, cangüdənlər onu yaxalayıb. Daha sonra məhkəmə cinayətkara 20 il həbs cəzası verib. Dəmirağ 4 il cəza çəkdikdən sonra, 1992-ci ildə prezident Turqut Özalın özü tərəfindən əfv edilib.
Turqut Özal gənc yaşlarında Elektrik İşləri Tədqiqat İdarəsində çalışarkən idarənin işçilərindən Semra Özalla tanış olub və 31 may 1954-cü ildə onunla ailə həyatı qurub. Bu evlilikdən onların bir qızı və iki oğlu - Zeynəb, Efe və Ahmet Özal dünyaya gəlib.
Turqut Özal 1993-cü il aprelin 17-də Ankarada vəfat edib.


Mərhum Turqut Özal bütün Türk dünyasının görkəmli dövlət adamlarından biri kimi Azərbaycanda da böyük siyasi xadim, qardaş və dost kimi hörmətlə xatırlanıb yad edilir. Bu da səbəbsiz deyil. Onun prezidentliyi dövründə Türkiyə Azərbaycanın güclənməsi və beynəlxalq aləmdə mövqe qazanması üçün hər cür dəstəyi göstərmiş, ölkələr arasında siyasi, hərbi, iqtisadi və mədəni əlaqələr başda olmaqla bütün sahələrdə ortaq addımlar atılmışdı.
Türkiyə Azərbaycanın müstəqilliyi tanıyan ilk dövlət kimi də tarixə düşüb. Turqut Özal Türkiyəyə ən yaxın mövqedə olan Azərbaycanla əlaqələrə olduqca həssas yanaşırdı.
O, Azərbaycana iki dəfə səfər etmişdi. İlk dəfə Bakıya 1991-ci ilin 16 martında gəlmişdi. Onda Azərbaycan hələ keçmiş SSRİ-nin tərkibində idi, amma Sovet İttifaqı artıq dağlımağa doğru yaxınlaşırdı.
Özalın Bakını həmin ziyarətindən sonra Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı səfərlər geniş vüsət almağa başladı.

Azərbaycan Respublikası 1991-ci ilin oktyabrında müstəqilliyini bərpa edərkən ölkənin ilk prezidenti olmuş Ayaz Mütəllibov o zaman ilk təbrikin Tuqrut Özaldan gəldiyini xatırlayır:


“İlk təbrik Türkiyədən gəldi. Turqut Özal zəng vurmuşdu. Qısaca olaraq təbrikini çatdırdı”.
Eks-prezidentin sözlərinə görə, hələ 1990-cı illərin əvvəllərində SSRİ ilə Türkiyə arasında qonşuluq münasibətləri yenidən bərpa olunmağa başlayarkən qardaş ölkə Azərbaycana çox böyük maraq göstərirdi. Türkiyə o zaman Azərbaycanda yenidənqurma islahatlarının hansı istiqamətdə gedəcəyi ilə ciddi maraqlanırdı.
Ayaz Mütəllibov mərhum Turqut Özalla ilk görüşünün Azərbaycanın müstəqilliyini bərpa etməsindən bir qədər əvvələ təsadüf etdiyini xatırlayır: “Hələ 1990-cı ilin yanvarında Azərbaycan SSR Nazirlər Kabinetinin sədri kimi İstanbula getmişdim. Türklər bizi çox təntənə ilə qarşıladılar. O zaman baş nazir səviyyəsində olsam da, Türkiyə rəhbərliyi məni prezident kimi qarşıladı. Belə istisnalar yalnız çox yaxın, mehriban münasibətlərdə olan dövlətlərə qarşı edilirdi…

Rəhmətlik Turqut Özalla elə ilk görüşdən aramızda isti münasibətlər yarandı. Bunun da səbəbi o idi ki, hər ikimiz o zaman Türkiyə və Azərbaycanın gələcək taleyi ilə bağlı qarşımızda duran vəzifələri gözəl anlayırdıq. Turqut bəyin bir siyasətçi kimi ustalıq və bacarıqları özünü o günlər Türkiyənin iqtisadiyyatının inkişafı barədəki xoş xəbərlərdə nümayiş etdirirdi. O zaman bu, “Türk iqtisadi möcüzəsi” adlanırdı və artıq keçmiş SSRİ-də də Özalın ideyalarını tətbiq etməyə çalışırdılar. Bu məqam da mənim Türkiyə prezidenti ilə münasibətlərimdə böyük rol oynayırdı. Və həmin münasibətlər artıq yaxın yoldaş, dost münasibətləri kimi özünü büruzə verməyə başlayırdı...


Yadımdadır ki, İstanbuldakı görüşlərimizdən birində Turqut Özalın kabinetində bir sıra məsələləri müzakirə edən zaman diqqət etdim ki, o, danışa-danışa əlindəki televizor pultunu idarə edir və iqtisadiyyat, maliyyə xəbərləri gedən kanallara xüsusi maraq göstərir. Onun ölkə prezidenti kimi birja hesabatları və digər maliyyə göstəricilərini nəzarətdə saxlamağı zəruri hesab etdiyi aydın görünürdü. Mən bir məqam tapıb Turqut bəyə dedim ki, “sizin televizor pultunuzun çox sayda kanal və proqramları əhatə etdiyini görürəm. Təəssüf ki, Bakıda bizim belə imkanlarımız yoxdur. Və qardaş kimi sizdən xahiş edərdim ki, Azərbaycanda da müasir telekomunikasiya sisteminin tətbiqi üçün ləvazimatlar və bir də peyk telefon stansiyası bağışlayasınız. Biz bunu bu gün ağır iqtisadi-siyasi durumda olan Azərbaycan üçün böyük hədiyyə hesab edərik”.
Mənim bu xahişimizi nəzərə alaraq Turqut Özal Azərbaycana türk mütəxəssislərdən ibarət bir qrupun ezam olunması haqda göstəriş verdi. Və 1991-ci ilin martında Türkiyə prezidenti Azərbaycana səfəri zamanı Bakıda ilk müasir telekommunikasiya stansiyasının təntənəli açılışında lenti özü kəsdi”.
1991-ci ilin 16 mart tarixində Bakıya gələn Turqut Özal Azərbaycan paytaxtında təntənə ilə qarşılanmışdı.
Bu səfər çərçivəsində prezident Turqut Özal Təzəpir məscidində namaz qılmağa da getmişdi.

Namaz vaxtı onu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Türkiyənin mədəniyyət naziri Namiq Kamal Zeybek (sağda), Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Yılmaz Hocaoğlu (soldan 3-cü) və Ana Vətən Partiyasından olan millət vəkilləri Ali Er (solda), Erdem Beyazıt (soldan 2-ci) müşayiət etmişdi.
Turqut Özalın müstəqillik əldə etdikdən sonra Azərbaycanı beynəlxalq sistemə uyğunlaşdırmaq cəhdlərinin səbəbi dil, din, mədəniyyət və tarixi bağlardan qaynaqlanırdı. İki ölkə arasında əlaqələrin möhkəm təməllər üzərində inkişaf etməsində Turqut Özalın töhfələri və səyləri danılmazdır.
Turqut Özal dövründə Türkiyə Azərbaycanın güclənməsi və beynəlxalq aləmdə layiq olduğu sanballı mövqe qazanması üçün hər cür dəstəyi verirdi.
Onun prezidentliyi dövründə Türkiyə 1991-ci il mayın 25-də Bakıda konsulluq açdı.
1992-ci ilin yanvar ayından geniş vüsət alan danışıqlar çərçivəsində prezident Ayaz Mütəllibov yanvarın 14-də Türkiyə Xarici İşlər Nazirliyinin Siyasi məsələlər şöbəsinin müdiri, səfir Bilal Şimşirin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi və diplomatik əlaqələr qurmaq, qarşılıqlı səfirliklər açmaq qərara alındı.
Elə həmin tarixdə - 1992-ci il yanvarın 14-də Bakıda Türkiyə Cümhuriyyətinin Səfirliyi açıldı.
Həmin görüşdə rəsmi olaraq Türkiyəyə dəvət edilən Ayaz Mütəllibov 23-24 yanvar 1992-ci il tarixlərində qardaş ölkəyə səfər etmiş və bu səfər zamanı iki ölkə arasında hərbi sahədən kənarda ikitərəfli əlaqələrin inkişafı ilə bağlı 11 bənddən ibarət Dostluq və Əməkdaşlıq Müqaviləsi imzalanmışdı.
Əbülfəz Elçibəyin Azərbaycan prezident seçilməsindən (1992, 7 iyun) sonra isə Türkiyə ilə əlaqələr bir qədər də gücləndi. Türkçü və Atatürk heyranı olduğunu tez-tez dilə gətirən Elçibəy "Türkiyə Azərbaycanın xarici siyasətinin baş tərəfində yer tutacaq" deyərək, qardaş ölkəyə olan inamını ifadə etmişdi.

O zaman Elçibəy Türkiyəni Azərbaycanın strateji tərəfdaşı kimi gördüyünü və hətta xarici siyasətini Türkiyənin strateji maraqlarına xələl gətirməyəcək şəkildə aparmağa çalışdığını bildirirdi. Münasibətlərin inkişafında mühüm nöqtələrdən biri Əbülfəz Elçibəyin 1992-ci il 28 oktyabr-5 noyabr tarixlərində Türkiyəyə 9 günlük səfəri oldu. Bu səfər zamanı ilk olaraq Cümhuriyyət bayramı şənliklərinə qatılan Elçibəy 1992-ci il oktyabrın 31-də Ankarada keçirilən ilk Türk Dövlətləri Zirvəsinə qatılmış və birgə bəyannaməyə imza atmışdı.
1992-ci il noyabrın 2-də isə Ankarada Azərbaycan Səfirliyi açılmış və iki ölkə arasında ticarət, nəqliyyat və cinayətkarların ekstradisiyası ilə bağlı sazişlər imzalanmışdı.
İmzalanan sazişlərlə Azərbaycan-Türkiyə əlaqələrinin iqtisadi sahədə inkişaf etdirilməsi məqsədilə türk iş adamlarının Azərbaycana yatırdıqları sərmayələrə vergi güzəştləri nəzərdə tutulurdu.

Ondan sonra Bakıdan İstanbul və Ankaraya birbaşa uçuşlar da başladı. Azərbaycanlı tələbələr üçün Türkiyədə təqaüd proqramları da tətbiq edildi.
O zaman Xəzər bölgəsinin enerji potensialını Türkiyə ilə bir araya gətirmək prezidenti Turqut Özalın ən böyük arzularından biri idi. Bununla bağlı ilk rəsmi danışıqlar 1992-ci il noyabrın 5-də prezident Əbülfəz Elçibəyin Türkiyəyə səfəri zamanı dövlət başçısı Turqut Özal və baş nazir Süleyman Dəmirəlin iştirakı ilə baş tutmuşdu.
Elçibəyin Türkiyəyə bu səfəri zamanı maraqlı bir hadisə də yaşanmışdı: ona vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı tərəfindən tikilmiş üçrəngli bayraq təqdim olundu. Hansı ki, həmin bayrağı Rəsulzadə sürgün olunduğu zamandan ta ömrünün sonuna kimi yanında qoruyub saxlamışdı. Bayrağı Elçibəyə Rəsulzadənin yaxın silahdaşı olmuş Məhəmməd Kəngərli təqdim etmiş, Azərbaycan prezidenti isə onu təhvil alarkən öpüb alnına qoymuşdu. 1992-ci il noyabrın 2-də baş verən bu hadisəyə prezident Turqut Özal da da şahidlik etmişdi. (Həmin bayraq bu gün Azərbaycan Tarix Muzeyində saxlanılır).


Özal dövründə Azərbaycanla bağlanmış müqavilələrə nəzər salarkən aşağıdakıları qeyd etmək olar:


- Türkiyə-Azərbaycan Ticarət və İqtisadi Əməkdaşlıq Sazişi (2 noyabr 1992);

- Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və mehriban qonşuluq sazişi (24 yanvar 1992-ci il);

- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təhsil, Mədəniyyət və Kommunikasiya Sazişi (6 mart 1993);

1993-cü ildə Qarabağ münaqişəsinin həllinə çalışan ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edərkən, Türkiyə də məsələyə töhfə vermək üçün İrəvana nümayəndə heyəti göndərmişdi.
Lakin aprelin 3-də ermənilərin Kəlbəcər rayonunu işğal etməsi bu cəhdlərin sonu oldu.
Və Türkiyə 1993-cü ildən Azərbaycana qarşı təcavüzkar siyasətinə görə, Ermənistanla sərhədləri bağladı.

Turqut Özalkın Bakıya ikinci səfəri 1993-cü il aprelin 14-də baş tutub. O zaman Özal 5 ölkəni əhatə edən 12 günlük (4-15 aprel) Türküstan səfərinə çıxmışdı. Türkiyə prezidenti Orta Asiya respublikalarına səfərdən geri dönərkən yolüstü Azərbaycanı da ziyarət etmək üçün təyyarəsini Bakıya endimişdi.
Qardaş ölkənin prezidentini Bakıda dövlət başçısı Əbülfəz Elçibəy qarşılamış, onun şərəfinə hərbi keçid təşkil olunmuş, təntənəli tədbirlər düzənlənmişdi.
Özal Bakıda olarkən “Türkiyə Azərbaycanın yanındadır və türk millətinin səbri tükənməməlidir” deyə öz bəyanatı ilə Qarabağ münaqişəsinin həlli üçün Azərbaycana dəstəyini ifadə etmişdi.
Bu səfər zamanı Bakı Dövlət Universitetində düzənlənən tədbirdə Turqut Özala doktorluq dərəcəsi də veril, “Gülüstan” sarayında ziyafət təşkil olunmuşdu.


Təəssüf ki, Turqut Özal Türk cümhuriyyətlərinə səfərini başa vurandan cəmi bir neçə gün sonra - 1993-cü il aprelin 17-də Ankarada qəflətən vəfat etdi.
Deyilənə görəTurqut Özalın ölüm xəbəri o zamankı Azərbaycan prezidenti Elçibəyə çatdırılanda, onun reaksiyası belə olub: “Evimiz yıxıldı!”.
Elçibəy Özalın ölümünü Türk dünyasının birliyi və dirçəlməsi baxımından böyük itki kimi qiymətləndirmişdi.
Özalın dəfn mərasiminə Türkiyənin dörd bir yanından yüzminlərlə adam axın etmiş, ölkədə bayraqlar yarıya endirilmişdi.
Qeyd edək ki, Turqut Özalın bir sui-qəsdə qurban getmiş ola biləcəyi ehtimalı illərdir müzakirə olunur.
İlk rəsmi açıqlamalarda Turqut Özalın ölümünə ürək xəstəliyinin səbəb olduğu bildirilirdi. T.Özal 1993-cü ilin yanvar ayında Amerikada ürəyindən və prostatından əməliyyat olunmuşdu. Mətbuatın yazdığına görə, o zaman prezidenti əməliyyat edən amerikalı professorlar Özala az işləməyi tövsiyə etmişdilər. Amma Özal fəaliyyətini dayandırmadı, Amerikadan qayıtdıqdan sonra Balkanlara böyük bir səyahət həyata keçirdi, oradan sonra isə Orta Asiya və Azərbaycana səfər etdi.
Mərhum prezidentin vəfatından illər sonra onun ölümü barədə müxtəlif iddialar səsləndirildi. Həyat yoldaşı Semra Özal, qardaşı Qorqud Özal da daxil olmaqla bir çoxları tərəfindən irəli sürülən iddialarda Turqut Özalın zəhərləndiyi qeyd edilirdi.
Turqut Özalın içkisinə qatılan zəhərlə öldürüldüyünü iddia edən xanımı Səmra Özal hətat sübut olaraq saç nümunəsini ABŞ-da yoxlatdırdığını bildirirdi.

Yeri gəlmişkən, bu iddialarda hətta Azərbaycanın və Orta Asiya respublikalarının da adı hallandırılmışdı. Təbii ki, bu zəhərləmədə Azərbaycan və ya Orta Asiya hökumətlərinin heç bir marağı və ya əli ola bilməzdi. Buna görə də iddialarda Turqut Özalın Bakı səfəri zamanı, ya da Orta Asiyada xarici ölkələrin xüsusi xidmət orqanlarının əli ilə zəhərlənə biləcəyi ehtimal olunmuşdu. Bu da onunla əsaslandırılırdı ki, Özalın Türk dünyasına yönəlik fəaliyyətləri Rusiyada, İranda, Ermənistanda və Qərbdə ciddi narahatlıq, qısqanclıqla qarşılanırmış.


Türkiyə prezidentinin Bakıya səfəri zamanı onunla təmaslarda iştirak etmiş sabiq baş nazir Pənah Hüseyn xatırlayır ki, o zaman səfər boyunca Özalın təhlükəsizliyi, o cümlədən “Gülüstan” sarayında verilən ziyafətdə qidaların yoxlanmasını Türkiyə xüsusi xidməti, o cümlədən Azəbaycan prezidentinin mühafizə xidməti həyata keçirib. Pənah Hüseynin sözlərinə görə, T.Özal Bakıya yüksək əhval-ruhiyyə ilə gəlib: “O, Orta Asiya səfərindən qayıdarkən Bakıya gəldi. Bakıda Türk dünyasının yaxınlaşması, türk dövlətlərinin birliyi məsələləri müzakirə olundu. Təbii ki, o zaman bu fəaliyyətin xaricdə böyük əleyhidarları vardı”.
19 ildən sonra - 2012-ci ilin noyabrında Türkiyə hökumətinin qərarı ilə Turqut Özalın qəbri açılaraq, ölümünün bir sui-qəsd olub olmadığının müəyyən edilməsi üçün nəşi ekspertiza aparıldı. Cəsədin yarılması nəticəsində zəhərə rast gəlindiyi açıqlansa, mütəxəssislər bu zəhərin bədənə onun yemək-içməyinə qatılaraq ötürüldüyü, yoxsa ürəyindən əməliyyat keçirmiş mərhumun qəbul etdiyi dərmanların təsirindən toplandığına dair cavab tapa bilməyiblər.
T.Özal öz vəsiyyətinə əsasən, keçmiş baş nazir Adnan Menderesin də qəbrinin yerləşdiyi Topqapıda dəfn edilb. (modern.az)

10.03.2023 09:56
show 641