Bakının bu ünvanında söküntü - 170 ailəyə pul kartlara oturdulacaq (VİDEO)
Bakıda Nəsimi rayonunda "Kubinka" adlanan ərazidə aparılan söküntü işləri ilə bağlı problem yaranmasını xəbər vermişdik.
Məsələnin ictimailəşməsindən sonra "ARB Xəbər" "Kubinka"da olub, həm sakinləri, həm də şirkət rəsmisini danışdırıb.
Sakinlərin bir qismi açıqlamasında bildirib ki, onlara pul yox,
yeni tikiləcək binadan mənzillər təklif edilib. Digər qisim binaların
uzun müddətə tikiləcəyini əsas gətirərək şirkətlə aralarında problem
yarandığını dilə gətirib.
Tikinti şirkətinin direktoru Rafael Abdullayev isə deyib ki, 5
hektar 60 sot ərazini əhatə edəcək layihə mərhələli şəkildə tikilərək
sakinlərə təhvil veriləcək. Layihənin ilkin mərhələsində 238 ailənin
köçürülməsi nəzərdə tutulub ki, onların 170-i şərtlərlə razılaşaraq
müqavilə bağlayıblar.
"Bütün evlər qəzalı vəziyyətdədir və FHN-in buna dair rəyi var.
Vətəndaşların haqqına girilmir və mövcud neçə kvadrat evləri varsa,
üstünə əlavə edilməklə mənzil verilir. Kirayə haqları kartlara
oturdulur, bünövrəyə başladıqdan sonra iki ilin tamamında tam təmirli
mənzillərə qovuşacaqlar", - deyə Rafael Abdullayev əlavə edib.