Son vaxtların ən mühüm problemlərindən biri də Bakının bəzi ərazilərindəki evlərin sökülməsidir. Əsasən də bu məsələ paytaxtın "Sovetski" və "kubinka" adlanan ərazilərində aktual olaraq qalır. Belə ki, sözügedən ərazilərdə mərkəz küçələrdəki bəzi yaşayış sahələri sökülüb. Amma iç-içə məhlələrdə hələ də söküntü işləri getməyib. Həmin ərazilərdəki qonşular da bildirir ki, illərdir oradakı evlərin söküləcəyi deyilir.
Bəs, bu məsələ niyə illərdir ki, uzanır? Burada hansı səbəblər rol oynayır?
Qlobal.net xəbər verir ki, məsələ ilə əlaqədar ajans.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, artıq söküntü işləri başlayıb: "Ümumiyyətlə, 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə paytaxt Bakı şəhərində istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan binaların söküntü prosesi gedir. Bu günə qədər də onlarla köhnə çox mənzilli yaşayış binaları və fərdi həyət evlərindən ibarət yaşayış massivləri sökülərək yeni tikili binalarla əvələnib. Söküntülər daha çox iki formada aparılır. Birinci olaraq, özəl sektor tərəfindən köhnə binalar sökülür və yenisi ilə əvəz olunur. İkinci isə dövlətin ehtiyacı olan torpaqlar qiymətləndirilərək bazar qiyməti ilə dəyərləndirilir və 20 faiz artıq kompensasiya verilməklə vətəndaşlardan geri alınır. Həmin "Sovetski" ərazisində də söküntü artıq asta-asta başlayıb. Bu proses mərhələli şəkildə aparılır. Bir çox ərazilərdə parklar salınıb".
Ekspert həmçinin, söküntü meyarları, bazar qiymətləri və gecikmə səbəbləri məsələlərinə də toxunub: "Bundan əlavə, söküntü işlərinin aparılması üçün tikinti şirkətləri bazarı da nəzərə alır. Əgər eyni anda hər yeri söksələr, onlar tikdikləri binanı başqa şəxslərə sata bilməzlər. Həm də kirayə bazarında mənfi təsir özünü göstərəcək. Əmlak bazarında həm qiymət artımı, həm də alıcı qıtlığı ilə nəticələnə bilər. Vətəndaşların mənzilinə gəldikdə isə onlar gözləntidədir.
Söküntünü gözlədikləri üçün təmir işlərinə də bir o qədər diqqət ayırmırlar. Amma istənilən halda bir şəxs öz şəxsi evində yaşayırsa, onun nə vaxt söküləcəyindən asılı olmayaraq yaşayış şəraitinin yaxşılaşdırılması üçün lazımı yerlərdə müəyyən təmir işləri görməlidir. Söküntü zamanı əgər özəl sektor olarsa, vətəndaşa yenidən ev verilir. Dövlət xətti ilə sökülürsə, ev ölçülür və bazar qiymətinə uyğun hesablanır, qiymətdən əlavə 20 faiz kompensasiya verilir. Bu prosesin bu qədər ləng getməsinin səbəbi Bakı şəhərinin baş planının təsdiq olunmaması idi.
Artıq 2023-cü ilin dekabr ayının sonunda Bakının baş planı təsdiqləndi. Hansı ərazilərdə nələrin söküləcəyi və nələrin tikiləcəyi artıq müəyyən olunub. O baxımdan düşünürəm ki, bundan sonra bu proseslərə mərhələli şəkildə start veriləcək".