Bakılı qadının İrkutska məhbəs həyatı: zonda yaşanan eşq macəraları – Oğru dünyası
(Əvvəli BURADA)
Bir ay paylama məntəqəsində bit əzdikdən sonra İrkutsk yaxınlığındakı qadın düşərgəsinə yatab olundum.
...Hələ
uşaqlıqda doğum evində şəfqət bacısı işləyən anam mənə iynə vurmağı,
sarğı qoymağı, bəzi xəstəliklərdə lazım olan dərmanların adlarını
öyrətmişdi. İşimdə “natamam ali təhsilli” sözləri yazılmışdı. Başqa
zonlarda xəstəxanada tibb bacısı kimi çalışdığım barədə də qeydlər
vardı. Cığal Adil İrkutska gələndə düşərgənin xozeyininə “hörmət” edərək
məni lazaretdə tibb bacısı yerinə işə düzəltmişdi. Elə xəstəxananın
həyətində, əvvəllər tibb ləvazimatları saxlanılan ikiotaqlı tikilidə
gecələyir, gündüzlər gah “rabzon”da, gah baraklarda, gah da “sançast”da
xəstə məhbuslara yardım göstərirdim.
“Zakonnik”lərlə
tanışlığıma görə “xozeyin” də, “kum” da mənə gözün üstə qaşın var
demirdilər, yaşamaq üçün lazımi şərait də yaratmışdılar. Otağımda
soyuducu, maqnitofon, paltaryuyan maşınım vardı. Son dəfə Adil yanıma
gələndə Şövkət Ələkbərovanın lent yazılarını gətirmişdi.
Alnımın qırışısan...
Necə unudum səni?!
–
Bu səsi eşidəndə sanki təzədən beşiyə bələnirəm, yenidən doğuluram.
Onun səsi məni başqa dünyaya, başqa duyğulara aparır. Sanki körpəlikdə
başa düşmədiyim ana laylasının qəlb titrədən zərif melodiyasında
əriyirəm, süd gölündə üzürəm.
Bu səs məni
üçüncü dünyaya qovuşdurur... Arzular dünyasına, xəyallar aləminə,
ucsuz-bucaqsız asimana qaldırır bu səs məni. "Ya Rəbbim, bu sevgi
haradan gəlib?" deyərək, Şövkət xanımla birlikdə təkrarlayıram bu
sözləri... və sonsuz ümmanlar içində itib-batıram.
"Bu dünya bir dolu kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki, zəhər"
Həmin
səsi, həmin mahnını bütün ömrüm boyu axtarmışammış! Bu mahnını şair,
bəstəkar yaratmayıb. Elə qadınların içindən süzülən sevgi naləsidir bu
mahnı! Yoxsa insanı belə hipnoz etmək, ovsunlamaq olarmı? İnsanın
duyğuları nə dərəcədə ehtizaza gələr, vulkana dönüb püskürərmiş, İlahi?!
Şövkət
xanım oxuyanda yay tətillərində uşaqlığımı keçirdiyim Ağdam, Şuşa,
Kəlbəcər, Zəngilan yadıma düşür... Həmişə dağların başını yalayan duman
kimi gözlərim önündən o dərələr, o yamaclar, o cığırlar ötür, mahnıya
qarışıb əriyirəm...
O oxuyanda gəncliyimi
yaşadığım Rusiyanın, Sibirin ucsuz-bucaqsız meşələri xəyalımda canlanır.
Koloniyalardakı məhbuslar, onların keçirdikləri xiffət, həmişə dumanlı,
nəmli gözlər yadıma düşür. Üşüyürəm! Donuram!
Şövkət
xanım oxuyanda qəlbimin bir küncünə sıxılmış ürkək, yaralı məhəbbətimin
qaysağı qopur, həyatım boyu fikrimdə yaratdığım möhtəşəm sevgi imarəti
uçulur, xarabazara çevrilir, ağlayıram...
Məhbəs düşərgələrində isə başqa mahnılar məni fikir dünyasına aparırdı.
Я помню тот Ванинский порт,
И вид пароходов угрюмый,
Как шли мы по трапу на берег,
И холодные, мрачные тюрьмы.
LYUBA VƏ VASİLİЗачем вы девушки, женатых любите,
Одни страдание, от той любви.
Ünsiyyət
etdikcə, yaxınlaşdıqca məhbəsin ancaq tikanlı məftillərin əhatəsində
yaşadıqları sahədə deyil, onların daxilində, qəlblərində də çalın-çarpaz
yaralar saldığını görürdüm.
Lyuba Sokolova
adında bir qız vardı düşərgədə... Uşaqlıqda oxuduğum nağıllardakı
şahzadə qızlar qədər gözəl idi. Cəmisi iyirmi üç yaşı olmasına
baxmayaraq, bəzən gözlərindəki qocalara məxsus aqilliklə baxırdı
həmsöhbətinə. İşdən qayıdandan sonra buz kimi su ilə başdan-ayağa
yuyunar, “vatnik”in əvəzinə ipək don geyinərdi. “Valenka” və ya
“kirzovıy sapoq”larını təmizləyib bir bucağa qoyar, dikdaban tuflilərini
keçirdərdi ayaqlarına...
Zonda hamı
bilirdi ki, o, “sançast”ın həkimi (o da məhbus idi) Vaska Sokolova
vurulub. Üç ay əvvəl lazaretə düşmək xatirinə ikitərəfli sətəlcəmlə
xəstələnmişdi. Buraya düşmüş gözəllərin heç birini əldən buraxmayan
Vaska onun da saqqızını oğurlamışdı.
Əynini
dəyişərək ayna qabağında oturub saatlarla qızılı saçlarını darayan
Lyubaya yazığım gəlirdi. Yavaş-yavaş hamı kimi onunla da ünsiyyət
yaratmağa çalışdım.
Adam öldürməyə görə altı il ciddi rejim almışdı... Dörd ildən də çoxunu oturmuşdu.
– Belə baxanda heç adam vurana oxşamırsan... Necə oldu ki? – deyə bir gün soruşdum.
–
Kostromaya, təcrübə mübadiləsinə göndərilmişdim. Atam o vaxt
Leninqradda Yeyinti Sənayesi Nazirliyinin xətti ilə böyük vəzifə sahibi
idi. Mən də ailənin yeganə övladı. Ərköyün böyütmüşdülər məni. Atam
Kostromaya praktikaya gedəcəyimi eşidib bir ünvan vermiş, "əgər
yataqxana xoşuna gəlməzsə, Vilayət Partiya Komitəsində çalışan filan
adamın evlərinə get, mən də zəng edib tapşıraram" demişdi. Yataqxana
həqiqətən xoşuma gəlmədi. İy-qoxudan baş çatlayırdı, yatacaq, “qnoynik”
biabırçı halda idi. Üç gün sonra əlimdəki ünvana yollandım. Yaxşıca
qarşıladılar məni... Ancaq "burada oturma, ora yaxşıdır, bunu yemə, onu
ye" kimi süni, açıq-açığına yaltaqcasına münasibətdən bircə saatda
iyrəndim və şam yeməyi qurtaran kimi xudahafizləşdim onlarla. Nə qədər
yalvarsalar da, oturmayacağımı deyib qapıya doğru yönəldim. Şıdırğı
yağış yağırdı...
Əlimə zorla çətir
verdilər. İri, qara, əyilmiş taxta əltutanı və üstündə uzun mili olan
çətir idi. O vaxtlar ancaq sanballı adamlar belə çətirlərlə görünərdi.
Onlardan çıxandan azacıq sonra yağış birdən-birə kəsdi. Çətiri yığışdırıb, parkın içərisi isə yataqxanaya doğru addımlayırdım.
Yağış
dayanandan sonra ağacların altı ilə gəzməkdən çox xoşum gəlirdi.
Hərdənbir qəflətən bədəninə düşən damcıdan diksinir, yenisinin nə vaxt,
haraya damcılayacağını gözləyirsən...
Birdən
ağacların altından iki oğlan çıxaraq, mənə sarı qaçdı. On dörd-on beş
yaşları ancaq olardı... Məni qamarlayıb yıxmağa çalışırdılar. Var gücümü
toplayıb, itələdim onları. Sağ qolumdan yapışmış yeniyetmə səntirləyib
yıxıldı... Yerindən qalxıb yenə üstümə yeriyəndə əlimdəki çətirin ucu
ilə vurdum onu. Milin sümüyə sürtünərək, nə isə yumşaq kütləyə batdığını
özüm də hiss etdim. Oğlanın əynində yarımqol köynək vardı.
Sol qolumu və belimi yığışdırmış o birisi uşaq məni buraxıb yana çəkildi və barmağını yoldaşının sinəsinə tuşlayaraq:
– Çto tı nadelala, qadina? – deyə bir neçə dəfə bağırdı və qaçaraq parkdan getdi.
Mən hələ də nə hadisə baş verdiyini anlamırdım. Çətir arxası üstə uzanıb qalmış uşağın sinəsində yellənirdi.
Həmin
gecə sübhədək yerimdə qurcalandım. Gah "səhər açılanda milis şöbəsinə
gedib, hadisəni olduğu kimi danışacağam" deyə fikirləşir, gah da "axı
bilərəkdən deyil, müdafiə xətrinə, təsadüfən olan hadisədir, özü
günahkardır" fikri ilə özümə bəraət qazandırırdım.
Sübhə
yaxın dərin yuxuya getdim və iki saat sonra üzümə dəyən xırda
şillələrdən gözümü açanda otaqda bir neçə milis nəfəri gördüm...
Çətirin
milini ürəyinə sancdığım oğlan həmin axşam evlərində qonaq qaldığım
ailənin uşağı idi. Anası zorla əlimə vermişdi çətiri...
Məhkəmədə
həmin qadın dil-boğaza qoymur, oğlunun yüksək əxlaqi keyfiyyətlərindən,
dərs əlaçısı olduğundan, tərbiyəsindən danışırdı. Onun “podelnik”i isə
"Biz zarafat etmək istəyirdik"deyə təkrarlayırdı...
–
İki ay əvvələ kimi sevginin nə olduğunu bilmirdim. Dörd il müddətində
müxtəlif yerlərə etap edilmişəm və hər dəfə də gözəlliyin bəzən
xoşbəxtlikdən daha çox bədbəxtlik gətirdiyinin şahidi olmuşam. Hərdən
nəyi isə yandırıb, üzümə yapışdırmaq istəmişəm... Amma yaxşı ki, bu
addımı atmamışam.
Birlikdə olduğumuz vaxt
doktorun "sən sevgi üçün, məhəbbət üçün yaranmısan. Sən SSRİ
zonlarındakı gözəllərin gözəli, şahzadəsisən" kəlmələrindən sonra
həyatın hələ qabaqda olduğu fikrindən dəli olmaq dərəcəsinə gəlirəm...
Doğrudanmı məni hələ kim isə sevə bilər? – deyə Lyuba Sokolova gözlərini
üzümə zilləyib soruşardı.
– Bəs atanız? O, gəlirmi yanınıza? – deyə bir dəfə də söhbət əsnasında Lyubadan soruşdum...
–
Hə... Hər üç aydan bir dəfə gəlir. Məhkəməm sona yetəndən sonra onu da
vəzifəsindən azad etdilər. Əvvəlki gəlişlərində iki dəfə anamı da
gətirmişdi. Yazıq arvad bir ilin içində quruyub, çöpə dönmüşdü. Üçüncü
dəfə atam yanıma gələndə onun gözlərindəki əzabdan, hüzndən başa düşdüm
ki, anam artıq ruhunu bizə bağışlayıb. Atam mənə heç nə demədi, mən də
soruşmadım. Boynumu qucaqlayıb hönkürdü, başımı sinəsinə sıxdı. Mənə elə
gəldi ki, həmişə anamın baş qoyduğu, göz yaşı axıtdığı sinədən onun
iyini aldım.
– Nə qalıb ki, bir il... Yenə qayıdarsan evinizə...
–
Bəlkə də, qayıtdım, bəlkə də yox. Axı Vasili mənə heç nə deməyib. İki
ay sonra onun cəza müddəti qurtarır, burada qalacaqmı? Axı onun Odessada
arvadı var, – gözləri yaşarmış Lyuba sobanın ətrafına yığışan məhbus
qadınlara tərəf addımladı. Düşərgədəki özfəaliyyət dərnəyinin solisti
idi. Və həmişə o vaxtlar populyar olan mahnı ilə başlardılar oxumağa:
Ромашки спрятались, поникли лютики,
Когда застыла я, от горьких слов,
– sözlərindən sonra bütün barakdakı qadınlar
Зачем вы девушки, красивых любите,
Не постоянная, у них любовь...
– deyə elə yanıqlı-yanıqlı oxuyurdular ki...
Başlarını yelləyə-yelləyə oxuyurdular. Yumulu gözlərindən yaş süzülə-süzülə oxuyurdular.
Теперь меня не радует весна,
А виновата в этом ты, ты одна.
Çoxları
yanaşı yaşadıqları kişi zonundan özlərinə qəlb sirdaşı seçmişdi və
onlarla keçirdikləri dəqiqələri ömürlərinin ən yaddaqalan anları kimi
xatırlayırdılar.
Özünə "dost" və heç
olmazsa həftədə bir dəfə xısınlaşmağa imkan tapan qızlar çalışırdılar
ki, uşağa qalmasınlar. O vaxtlar SSRİ-də abort, ümumiyyətlə, qadağan
idi. Ancaq qadın qazamatındakı “bolniçka”nın (xəstəxana) genekologiya
şöbəsində hər gün onlarla “zeçk”a bu proseduranın ağrı-acısını keçirib,
qarınlarını qucaqlayaraq baraka qayıdırdı.
DYADYA VANYA VƏ TYOTYA VALYABarakdakı
qadınların ən hörmətlisi altmış yaşında olan Valentina Alekseyevna idi.
Qızlar onun xahişini yerinə yetirmək üçün növbəyə dayanardılar. İyirmi
bir il idi Kolımadan tutmuş Vorkutaya qədər ən dəhşətli, gedər-gəlməz
sayılan zonlarda oturmuşdu... Nijniy Novqorodda onu zorla yatağa
sürükləyən konvoyu balıncla boğub öldürmüşdü... Altmış yaşında əsl
məhəbbətin nə olduğunu hiss etmişdi. Kişi zonundan hər gün onun yanına
öz kəndlərindən olan qarmonist gəlirdi...
Axşam
saat səkkizdən onun yarısınadək yanaşı oturub, bir-birinə söykənərək
qızardılmış kartoşkanı yeyər, sonra dyadya Vanya qarmonda çastuşkalar
çalardı... Valentina Alekseyevna kürəyini onun kürəyinə söykəyərək
oturardı. Qızlar rəqs edər, bir-bir yaxınlaşıb Vanya dayının qarmonu
çaldıqca səssizcə oxuyan, tərpəşən dodaqlarından öpərdilər.
Dyadya
Vanya ilə tyotya Valyanın harasa gözdən uzaq küncə çəkildiyini görən
olmamışdı. Gələndən gedənədək bütün barakın gözü qarşısında oturardılar.
Ancaq
miskadakı kartoşkanı yeyərkən biri-birindən gözlərini çəkmir, baxışları
ilə heç dillə deyiləsi mümkün olmayan gecikmiş məhəbbətlərində
əriyirdilər.
Tyotya Valya gah onun
paltarlarını yuyar, gah yun corab toxuyardı. Haradansa tapdığı keçi
dərisindən Vankaya canlıq (jilet) tikirdi.
Bir gün onun sümükləri bilinən çiyinlərini qucub soruşdum:
– Tot Val, qoca yaşında bu nə halətdir?
–
Bütün ömrüm boyu qadın olduğumu hiss etməmişəm, Zinka. Əvvəldən də
ehtiras hissi yad olub qəlbimə. Onun paltarını yuyanda, sırıqlısını
yamayanda, ona kartoşka qızardanda kiməsə lazım olduğumu hiss edirəm.
Hiss edirəm ki, qadınam. Birlikdə əlimizi uzatdığımız miska bizim nişan
üzüyümüzdür. Onun kürəyinə söykənib oturanda bədənimi bürüyən istiliyi
ancaq uşaqlıq bələyində hiss etmişəm. Gəncliyimdə buza dönmüş
məhəbbətimin donu indi-indi əriyir...– dedi.
Zonda
qanun belədir ki, kimi kişi ilə tuturdularsa, uzağı bir həftə sonra
onları ayırırdılar. Ya kişini, ya da qadını elə birinci etapla başqa
yerə göndərirdilər. Vanya ilə Valyanın gecikmiş məhəbbətlərinin daha şən
keçməsi üçün qadın zonunun rəhbərliyi onlar üçün xüsusi kartof, yağ
payı ayırmışdı.
Elə bu vaxtlar eşitdik ki,
Lyubanın sevgilisi Sokolov (həkim) “srok”unu başa vuraraq gedib. Onu
gecə saat birdə buraxmışdılar, daha doğrusu, “voronka”ya basıb vağzala
aparmışdılar.
Xəbəri dyadya Vanya öz
baraklarına gedərkən onu ötürən tot Valyaya pıçıldamışdı. Valya xala da
həyəcanla qayıdaraq artıq cərgəyə düzülmüş, "zaçem vı devuşki?" ilə
axşam konsertinə başalmağa hazırlaşan Lyubanı barmağı ilə yanına
çağırdı.
– Только что мне сообщили что,
твой любимый подлец вчера ночью удрал, – deyə bərkdən qışqırdı... – Mən
bunu ona görə hündürdən deyirəm ki, – sözlərinin arxasını gətirə
bilmədi, qarını qəhər boğdu, – Ona görə hündürdən deyirəm ki, Lyubaşaya
bir şey olsa, onun rəfiqələrinin hamısını boğub öldürəcəyəm. Жизнь
продолжается, и я уверена что, она найдет свою любовь!
Она рождена для любьви!.. Оберегайте её.
Lyubanı qucaqlayaraq dəstənin ortasına gətirdi:
– Сегодня я начинаю, – deyə o, bir neçə dəfə boğazını arıtlayaraq cır səslə oxumağa başladı:
Прощай, прощай моя любовь, прощай,
Не надо мне больше скрывать печаль,
Не целовать мне больше губ твоих,
Я буду только вспоминать о них...
Mahnının
yarısından Lyuba oxumağa başladı. Soyuq bəbəkləri dibi görünməyən qəm
quyusu idi. Titrəyən dodaqlar arasından çıxan melodiya sanki yarıda
boğulur, sonra yavaş-yavaş güclənərək hayqırtıya, haraya, hönkürtüyə
çevrilirdi...
Mən bu səhnəyə baxa bilməyib,
qapıya doğru qayıtdım. Ucarın Yuxarı Şilyan kəndindən Şahsoltan,
Pirkənddən Rafiq adlı əsgərlər hərbi xidmətdə, karaul kimi həmin zonda
idilər. Onlar yanıma gəlib, görüş otağında bir nəfərin məni görmək
istədiyin dedilər.
Orada şıq geyimli, gözündə eynəyi olan bir kişi oturmuşdu. Məni görən kimi ayağa qalxıb həyəcanla:
– Mən Vasili Sokolovam. Tanımadınız? Həkim. Xəstəxanada... Lyubanı, Sokolovanı görmək istərdim, – dedi.
Danışa bilmədim... Əllərimlə basıb onu kürsüdə oturtdum. "Seyças, seyças" deyib dəli kimi baraka doğru qaçdım.
Vaskanın
elə vağzaldanca qayıdıb gəldiyini deyəndə barakdakı qadın kütləsi görüş
otağına tərəf axdı. İrəlidə Lyuba yüyürürdü. Ayağı ilişərək üzüqoylu
yıxıldı və qalxaraq:
–Va – si – li! Vaаа – sя ! – qışqıraraq həkimin üstünə atıldı.
Onların
görüşünü dil ilə təsvir edə bilmirəm... Bir-birinə sarmaşan Sokolovlar
daşdan yonulmuş heykəl kimi tikanlı məftillər qarşısında qurumuşdular.
Onları dövrəyə almış qadınların hönkürtüsü uzaqdan gələn şəlalə
uğultusunu xatırladırdı... Həmin gecəni Sokolovlar görüş otağında
keçirdilər.
... İrkutsk! Baykalın
cənubundan başlanğıcını alan Anqara ilə üzüyuxarı şimala tərəf Yenisey
çayı boyunca Dudenkoya qədər hamısı məhbus düşərgələri idi. Sibirin
göbəyi sayılan bu ərazidə milyonlarla insan meşə qırır, mədən filizləri
çıxarır, tikintidə qul kimi işləyirdilər.
İrkutsk
şəhərində elə bir ailə tapmazdın ki, məhbəs həyatının ağrı-acılarını
görməmiş olsun. Qadın “zeçka”lar düşərgə həyatını başa vurub, bu şəhərdə
məskunlaşmağa çalışır, əksəriyyəti birbaşa hələ o vaxtlar açıqdan-açığa
fəaliyyət göstərən pritonların "işçiləri"nə çevrilirdilər.
Burada
zarafata salıb deyərdilər ki, "türmədə oturmayandan kişi olmaz". Əgər
balanda yeməmisənsə, əsl borşun dadını, “srok” çəkməmisənsə, qanunların
"aliliyi"ni hiss edə bilməzsən. Ailə quranların əksəriyyəti zonlarda
tanış olub, ünsiyyət tapmış cütlüklər idi.
(Ardı var)