Bakıda yeni marşrut xətti - “Gediş haqqı 60 qəpik...“ + FOTO
Oktyabrın 27-dən Bakıda gediş haqqı 60 qəpik olmaqla yeni E1 ekspres marşrut xətti fəaliyyətə başlayacaq.
Bu barədə
Qlobal.net-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumata görə, yeni xətt üzrə avtobuslar metronun "Xalqlar
Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti - "Koroğlu”
metro stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi -
Neftçilər prospekti – "Azneft” dairəsi - Bibiheybət -Lökbatan Nəqliyyat
Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək.
Marşrut xətti üzrə sərnişindaşımaları "BakuBus” MMC-nin
istismarında olan avtobuslarla icra ediləcək. İlkin mərhələdə daşımalara
10 ədəd avtobus cəlb ediləcək. Xətt üzrə avtobuslar səhər saat
06:30-dan axşam saat 18:30-a qədər fəaliyyət göstərəcək. Avtobuslar
hərəkət sxemi üzrə bütün dayanacaq məntəqələri üzrə deyil, yalnız
əvvəlcədən müəyyən edilmiş sərnişin təlabatı daha çox olan məntəqələrdə
dayanacaq.
"E1 xəttinin fəaliyyətə başlaması ilə vətəndaşların rahat, əlavə
ödəniş etmədən metronun "Xalqlar Dostluğu” stansiyasından Lökbatan
Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində rahat və birbaşa ictimai
nəqliyyatla sürətli gediş-gəlişi təmin ediləcək. Bu da öz növbəsində
vətəndaşların metronun qeyd olunan istiqamətdə qanunsuz sərnişindaşıma
vasitələrindən, eləcə də fərdi avtmobillərdən istifadəsini azaldacaq.
Əhalinin ümumi istifadədə olan nəqliyyatdan istifadəsinin
stimullaşdırılması isə xüsusilə şəhərin mərkəzində şəxsi avtomobil ilə
hərəkətin azaldılmasına müsbət təsir edəcək", - deyə BNA bəyan edib.