Bakıda tanınmış müğənni qəzada öldü – FOTO/VİDEO

Ötən gecə paytaxtın Səbail rayonunda müğənni Vlada Axundovanın öldüyü yol qəzasının təfərrüatları məlum olub.
Qafqazinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə vaxtı V.Axundova piyada deyil, yol kənarında dayanmış avtomobilin içərisində imiş.
Belə ki, saat 21 radələrində Yeni Salyan Yolu 20-nin qarşısında (Dövlət Bayrağı Meydanının yanı) Salyan rayon sakini 2002-ci il təvəllüdlü Seyfulla Yusif oğlu Mehdizadə idarə etdiyi “Hyundai Elantra” markalı 77-SJ-148 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında dayanmış və Sadiq İsaqova məxsus “Toyota” markalı 01-CH-477 nömrəli avtomobili arxadan vurub.
Nəticədə S.İsaqovun maşınında olan paytaxt sakini 1988-ci il təvəllüdlü Vlada Vladislavovna Axundova hadisə yerində ölüb. S.Mehdizadənin sərnişini olan 1997-ci il təvəllüdlü Bahar Məcidova isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Xəbər verdiyimiz kimi, ötən gecə 2002-ci təvəllüdlü S.Mehdizadə “Hyundai Elantra” markalı avtomobillə Dövlət Bayrağı Meydanının yaxınlığında yolu keçən 1988-ci il təvəllüdlü piyada Axundova Vlada Vladislavovnanı vuraraq ölümünə səbəb olub.
Faciəvi şəkildə ölən 37 yaşlı Vlada tanınmış müğənnidir.
O, bir sıra musiqi müsabiqələrində, eləcə də “Səs Azərbaycan” yarışmasında iştirak edibmiş.
Qeyd edək ki, faktla bağlı Səbail RPİ-də cinayət işi açılıb, araşdırma aparılır. (Qafqazinfo)







