Bakıda restoranda musiqiyə görə dava düşdü - Ölən və yaralanan var
Martın 16-da saat 03 radələrində paytaxtın Nəsimi
rayonunda 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin kəsici-deşici alətlə
öldürülməsi və 1994-cü il təvəllüdlü Camal Həsənovun xəsarət alması ilə
bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən
Qlobal.net-ə verilən məlumata görə,
cinayət əməlinini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib,
onların saxlanılması istiqamətində tədbirlər görülür.
Hadisə ilə bağlı Nəsimi rayon prokurorluğu da məlumat yayıb.
Qeyd olunub ki, ilkin araşdırma zamanı Cəsarət Vəliyevin tanışı ilə
birgə "20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən
restoranlardan birində yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu
masada əyləşən şəxslərlə aralarında yaranmış mübahisə zamanı bıçaq
xəsarəti alması və həmin xəsarət nəticəsində xəstəxanada ölməsinə əsaslı
şübhələr müəyyən edilib.
Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1
(qəsdən adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində
istifadə olunan əşyadan istifadə etməklə xüliqanlıq) maddələri cinayət
işi başlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi
üçün prokurorluq və daxili işlər orqanlarının əməkdaşlarından ibarət
istintaq-əməliyyat qrupu tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.