photo_95551154
Bakıda narkotacir maşını polisin üstünə sürdü: atəş açıldı

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə yanvarın 20-də paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunan Lənkəran şəhər sakini, 41 yaşlı Vüsal Hüseynov “Daewoo” markalı avtomobillə narkotik daşıdığı barədə polisə məlumat daxil olub. Məlumatla əlaqədar Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı şübhəli şəxs avtomobili polis əməkdaşlarının üzərinə sürərək, qaçmağa cəhd edib.

Ancaq onun bu əməli alınmayıb. Belə ki, polis əməkdaşları həmin avtomobilin təkərinə odlu silahdan atəş açaraq, onu dayandırmağa müvəffəq olublar.

Onun üzərindən və idarə etdiyi avtomobildən külli miqdarda narkotik vasitə olan heroin, eləcə də psixotrop maddələr aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində bildirib ki, polisin atəş açacağını gözləməyib: “Gözləmirdim polis atəş aça bilər. Polisin narkotiklə mübarizədə inadkarlığını gördüm...".
21.01.2022 13:58
524